Xəbər lenti

 
“Minsk razılaşmalarını açıq şəkildə pozan heç bir təşəbbüsü qəbul etmədik və etməyəcəyik. Böhranı daha da kəskinləşdirmədən diplomatiya və dialoq yolu ilə həll etmək üçün üzərimizə düşəni etməyə hazırıq”.
 
Ovqat.com-un məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Ukraynadakı gərginliklə bağlı həmkarı Vladimir Zelenski ilə telefon söhbətində bunları onun diqqətinə çatdırıb.
 
Ərdoğan bu məlumatı jurnalistlərlə söhbətində bildirib. O, açıqlamasında vurğulayıb ki, yaxın günlərdə NATO-dakı müttəfiqləri ilə də Qara dənizin təhlükəsizliyini və sabitliyini təhdid edən mövcud vəziyyətlə bağlı məsləhətləşmələr aparacaq. “Və bu gün videokonfrans vasitəsilə NATO Liderlər Zirvəsi keçirəcəyik. Ümidimiz odur ki, Qara dəniz, Rusiya və Ukraynadan olan qonşularımız tez bir zamanda danışıqlar masasına qayıtsınlar”, - deyə o bildirib.
 
Türkiyə lideri bu gün baş tutacağı gözlənilən NATO zirvəsi ilə bağlı qeyd edib ki, NATO indi bu video konfrans sammiti ilə öz mövqeyini müəyyən etməlidir: “Bildiyiniz kimi, indiyədək Ukraynaya ciddi əsgər göndərməməmişik. Hamı sadəcə danışır, konkret işlə məşğul olan yoxdur. Nəticədə belə bir vəziyyət yaranıb. Ona görə də Rusiya indi sərhəddə xeyli sayda əsgər yığıb. Təbii ki, Bu mənzərə qarşısında hansı nəticənin ola biləcəyini təxmin etmək üçün kahin olmağa ehtiyac yoxdur. Bu baxımdan, keçirəcəyimiz bu videokonfransda biz, NATO-ya üzv olan müttəfiq dövlətlərin liderlərinin nə qərar verəcəyini görəcəyik”.
 
 
Ərdoğan Rusiya prezidenti Vladimir Putinin “post-sovet ölkələrə Sovet İttifaqından ayrılmaq haqqının verilməsi onun təməlinə qoyulmuş bir mina idi” sözlərini də öz münasibətini bildirib. Jurnalistlərin “Cənab Putinin açıqlamaları türk dövlətlərini də hədəfəmi alıb?” sualı cavablandıran Ərdoğan deyib:
 
“Mən burada türk dövlətlərinə aid heç bir ifadə görmürəm. Təbii ki, SSRİ-ni yaradan respublikalar sırasında Türk Cümhuriyyətləri də var idi. Bu, tarixi faktdır. SSRİ dağılanda digər respublikalar kimi onlar da müstəqilliklərini elan etdilər. Buradan 15 müstəqil dövlət yarandı. Bu, tarixi faktdır və hüquqi cəhətdən təsdiqlənmiş hadisədir. Rusiya da sovet respublikası kimi deyil, Rusiya Federasiyası kimi yoluna davam etdi. Ona görə də burada Türk Cümhuriyyətləri və ya başqa dövlətlərin nəzərdə tutulduğunu düşünmək istəmirik. Təşkilatımız türk dövlətləri arasında xüsusilə iqtisadi, ticarət, mədəni və humanitar mövzularda əməkdaşlığı və həmrəyliyi artırmağı hədəfləyir. Bu, heç bir ölkə və ya təşkilata qarşı təşəbbüs deyil. Bunu cənab Putin də bilir. Cənab Putin bu bəyanatları Ukraynanın şərqindəki separatçıların qondarma rejimlərini tanıyan qərarını açıqladığı çıxışında verib. Təbii ki, Türkiyə olaraq Krıma münasibətimiz burada da eyni ilə qalıb. Əslində, verdiyimiz bəyanatla Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyimizi ortaya qoyduq və Rusiyanın bu mövqeyini rədd etdiyimizi bildirdik”.
 
Ukrayna və Rusiya ilə regional və iqtisadi əlaqələri olan Türkiyənin bu gərginlikdən hər hansı itki yaşayıb-yaramayacağı sualına cavabında Ərdoğan deyib:
 
“Dediyiniz məsələ bir hesablama işidir. Təbii ki, bu söhbətlər aparılmalıdır. Onların xeyrinin-ziyanının nə olduğunu müəyyənləşdirmək lazımdır. Onların bu cür həvəslə qərar vermələri düzgün olmazdı. Burada çox həssas olmalıyıq, çox diqqətli addımlar atmalıyıq. Çünki önə çıxan hər kəs qəribə-qəribə şeylər deyir. Baxın, bəziləri təbii qazın qiymətini çox ciddi rəqəmlərə qaldırır, bəziləri qaz klapanlarının bağlanmasından danışır. Biz burada dövləti idarə edirik, həssaslığımızı qorumalıyıq. Bu həssaslıqla addımlar atmalıyıq”.
 
Bəs Türkiyənin Rusiyaya qarşı hərbi, iqtisadi və ya siyasi sanksiyaları ola bilərmi? Türkiyənin bu iki ölkə arasında açıq-aşkar mövqeyi kimin tərəfində olacaq?
 
Ərdoğanın fikrincə, Türkiyənin həmin ölkələrin heç birindən  vaz keçməsi mümkün deyil: “Rusiya ilə siyasi, hərbi və iqtisadi əlaqələrimiz var. Ukrayna ilə də siyasi, hərbi və iqtisadi əlaqələrimiz var. "Ukraynadan vaz keçin" deyirsinizsə bunu edə bilmərik, çünki burada ölkəmizin maraqları çox irəlidədir. Əgər siz “Rusiyadan əl çəkin” deyirsinizsə, biz də ondan əl çəkə bilmərik, çünki hazırda onunla həqiqətən inkişaf etmiş münasibətlərimiz var”.
 
CHP sədri Kamal Kılıçdaroğlunun "S-400-lərin nə üçün alındığını bilmirəm, kimə qarşı istifadə edəcəyimiz açıqlanmayıb" iddiasına münasibət bildirən Türkiyə prezidentinin fikrincə, qeyri-müəyyənliyin və təhdidlərin heç vaxt azalmadığı bir bölgədə Uzumənzilli Hava və Raket Hücumundan Müdafiə Sistemi ehtiyacı çərçivəsində satın alınan S-400-lərlə bağlı polemika aparmaq doğru deyil: “Hər şeydən əvvəl diqqətdə saxlanmalı və yaxşı başa düşülməli olan ən mühüm məqam aşağıdakılardır: müdafiə və təhlükəsizlik məsələsi gündəlik siyasi mübahisələrdən kənarda saxlanmalı və bütün 84 milyon insanın, yəni ölkəmizin sağ qalmasına aid olan bir məsələdir. Xüsusilə də bu gün yaşadığımız Rusiya-Ukrayna böhranı bu silahların zəruriliyini bir daha təsdiqləyir. “S-400 niyə alındı?” Bu məsələ kifayət qədər izah edildi; səbəblər, nəticələr və perspektivlər barədə ictimaiyyətə məlumat verildi. Bununla belə, hələ də bu cür fikirləri səsləndirilməsi regionumuzda və dünyada baş verənlərdən xəbərsiz olmağın nəticəsidir. Yaşadığımız coğrafiyaya görə, taktiki ballistik raketləri, qanadlı raketləri, təyyarələri, helikopterləri və İHA-ları tuta bilən sistemə ehtiyac bir zərurətdən doğur.
 
Bu sistem NATO Komandanlıq və Nəzarət sistemlərinə və NATO-ya inteqrasiya edilmiş milli sistemlərdən asılı olmadan yalnız türk personalı tərəfindən müstəqil şəkildə istifadə ediləcək. Rusiya personalı sistemdə iştirak etməyəcək. “Harada istifadə olunacaq?” sualının cavabı çox aydındır; kim ölkəmizə raketlə hücum edərsə, ona qarşı istifadə olunacaq. Həmçinin “S-400-lərin anqarlarda gözlədiyi” deyilir. S-400-lər lazım olan yerdədir. Təbii ki, bunlar məxfi məsələlərdir. Lazım gələrsə, bu sistemin istifadəsi üçün bütün hazırlıqların edildiyini və prosesin lazım olduğu kimi davam etdiyini bilirik. Nəticə olaraq, hər kəsi ölkəmizin həyati məsələləri ilə bağlı mövzularda daha diqqətli, qərəzsiz olmağa və məsələyə milli maraqlar çərçivəsində baxmağa dəvət edirəm”.
 
 


Ana səhifəyə qayıt        Baxış: 6 931          Tarix: 23-02-2022, 23:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma