Xəbər lenti

 
Ukrayna ordusunun yenidən nəzarətə götürdüyü Buçada yüzlərlə mülki şəxsin əlləri bağlı şəkildə öldürülməsi faktı ortaya çıxıb. Bu da dünya ictimai rəyində ciddi etirazlara yol açıb.
 
Ovqat.com-un məlumatına görə, indiyədək şəhərdəkı kütləvi məzarlıqlardan və yollardan yüzlərlə dinc sakinin cəsədi tapılıb. Onların arasında ailələrinin gözü qarşısında zorlandıqdan sonra öldürülən qadınlar da var. Təcavüz edilərək öldürülən bəzi qadınların üzərindən tanklar sürülərək əzilib və yerə yapışdırılıb.
 
Bildirilir ki, soyqırım faktını araşdırmaq üçün Ukrayna Prezidenti Vladimir Zelenski Buça və İrpen şəhərlərində olub. Onu müşayiət edən xarici jurnalistlərə işğalçılar tərəfindən amansız cinayətlərin və dinc əhalinin öldürülməsinin nəticələrini əyani şəkildə göstərən Zelenski bildirib ki, Buça və İrpen şəhərlərinin sakinləri qışın oğlan çağında həftələrlə susuz, işıqsız və qazsız yaşayıblar.


 
Zelenski: “Rus həbçiləri heyvandan da pisdirlər”
 
Hazırda humanitar yardım alan insanlarımız ilk növbədə  heyvanlara yemək vermək barədə düşünür və bizdən onlara necə kömək edə biləcəyimizi soruşurlar. Heyvanlarla insan kimi rəftar etmək bizim xalqa xas olan bir xüsusiyyətdir. Ətrafda gördükləriniz isə rus hərbçilərinin xasiyyətidir, insanlarla heyvandan da pis rəftar ediblər. Bunlar müharibə cinayətləridir və bu, dünya tərəfindən soyqırım kimi tanınacaq”, - deyə Zelenski bildirib.
 
Onun sözlərinə görə, işğalçılar minlərlə insana işgəncə verib, onlardan bəziləri əzaları kəsilmiş halda tapılıb, qadınları zorlayıb, uşaqları öldürüblər. O, şəhərin tez bir zamanda həyata qaytarılması üçün hər şeyi edəcəyini bildirib. Zelenski əmindir ki, sülhə nail olmaq və daha çox qurbanların qarşısını almaq üçün danışıqlar aparmaq lazımdır.
 
İstənilən halda, ölkəmizin ərazisində əmin-amanlıq olacaq. Ukrayna müharibə şəraitində yaşaya bilməz. Biz 21-ci əsrin Avropasındayıq, sülhə can atırıq. Biz buna layiqik. Qələbə olmadan sülh ola bilməz”, - Zelenski bildirib.


 
O vurğulayıb ki, qələbə Ukrayna ordusunun döyüş addımları ilə dəstəklənən diplomatiya formatda ola bilər.
 
“Ordumuz döyüş addımlarını nümayiş etdirir, lakin biz daha çox insan itirmək istəmirik. Ona görə də bu və ya digər şəkildə dialoq lazımdır”, - deyə Zelenski əlavə edib.
 
 
Məlumata görə, Kiyev vilayətində 430 mülki vətəndaşın cəsədi kütləvi məzarlardan çıxarılıb, onlardan bəzilərinin kimliyi artıq ekspertlər tərəfindən müayinə olunub.
 
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da Kiyevin şimal-qərbində rus ordusundan azad edilən və çoxlu mülki cəsədin tapıldığı bölgədə törədilən qətliamı pisləyib: "Buça qətliamı qəsdən törədilib. Ruslar məhv edə bildikləri qədər ukraynalı öldürmək istəyiblər. Biz onları dayandırmalı və ölkə sərhədlərindən xaricə atmalıyıq. Mən G7 ölkələrinin indi yeni dağıdıcı sanksiyalar tətbiq etmələrini istəyirəm", - Kuleba belə deyib. 


 
Nazir vurğulayıb ki, Rusiyanı dayandırmaq üçün tam enerji sanksiyası tətbiq olunmalı, ölkə SWIFT-dən kənarlaşdırılmalı və bütün limanlar, yollar rus ticarətinin üzünə bağlanmalıdır.
 
Buça qətliamına Qərb ölkələri də kəskin reaksiya veriblər. Avropa Birliyi Buça faciəsini “qoca qitə”nin vəhşiliklər siyahısına salmaq barədə qərar qəbul edib. Bundan əlavə, əksər Qərb liderləri müharibə cinayətlərinin beynəlxalq məhkəmələr tərəfindən araşdırılmasını tələb ediblər.
 
NATO-nun baş katibi Yens Stoltenberq vurğulayıb ki, alyans Ukraynanın Buça bölgəsində mülki şəxslərə qarşı Rusiyanın “dəhşətli” və “tamamilə qəbuledilməz” hərəkətlərini pisləyir.
 
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkin isə rus qüvvələrinin Buçadakı şiddətli hücumlarını "qurşaqdan aşağı vurulmuş yumruq" kimi səciyyələndirib və Rusiyanın dayandırılmasının lazım olduğunu bildirib.


 
 
Avropa İttifaqı (Aİ) liderləri də Ukraynanın Buça şəhərində törədilən vəhşiliklərə görə Rusiya qüvvələrinin məsuliyyət daşıyacağını və Aİ-nin Rusiyaya qarşı daha çox sanksiyalar hazırladığını bəyan edib. Avropa Komissiyasının sədri Ursula von der Leyen Twitter-də yaydığı bəyanatda Rusiyanın geri çəkildiyi bölgələrdən “təsviri mümkün olmayan dəhşət xəbərlər gəldiyini və bundan şoka düşdüyünü” bildirib. Hadisələrin “müstəqil araşdırmasına təcili ehtiyac var”, - deyən Von der Leyen bəyan edib ki, "müharibə cinayətlərinin səbəbkarları cavab verəcəklər".
 
Avropa Şurasının sədri Çarlz Mişel də Rusiya hərbçilərini hərbi cinayətlər törətməkdə ittiham edib və Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq olunacağına  söz verib. Mişel sosial media hesabında yazıb: “Rusiya ordusunun Kiyevin azad edilmiş bölgəsində törətdiyi vəhşiliklərin dəhşətli görüntüləri məni şoka saldı”. O, həmçinin bəyan edib ki, Avropa İttifaqı Rusiyanı beynəlxalq məhkəmələrə vermək üçün Ukraynaya və qeyri-hökumət təşkilatlarına sübutlar toplamağa kömək edəcək.


 
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss isə bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı mülki insanlara qarşı hücumları müharibə cinayəti kimi qiymətləndirilməlidir. Trussun fikrincə, belə bir addım atılarsa, Böyük Britaniya beynəlxalq məhkəmələrdə Ukraynanı hərtərəfli dəstəkləyəcək.
 
Qərb ölkələri bu cür sözlü dəstəyə baxmayaraq, hələ də konkret addımlar atmaqda tərəddüd edirlər. Bu da Rusiyanı daha da aqressivləşməsinə yol açır. Məlumata görə, Avropa İttifaqının maliyyə nazirləri Moskvanı hədəf almaq üçün yeni sanksiyaları müzakirə etmək üçün bu gün bir araya gəliblər. Sanksiyaları ən çox dəstəkləyənlər Baltikyanı ölkələr olub. Neft və qaz sanksiyalarına ən ciddi müqavimət isə Almaniya və Avstriyadan gəlib. Almaniyanın maliyyə naziri Kristian Lindner açıq şəkildə bildirib ki, hazırda Rusiyadan təbii qaz idxalını kəsə bilməzlər. Onun avstriyalı həmkarı Maqnus Brunner də ölkəsinin enerji idxalından asılılığını əsas gətirib Rusiyaya təbii qaz sanksiyalarının tətbiqinə tərəfdar olmadıqlarını bildirib. Beləliklə, Avropanın Rusiyaya qarşı ciddi sanksiyalara gedəcəyi indidən şübhə doğurur. Rusiya qaz idxalının böyük hissəsinin Avropanın payına düşdüyünü nəzərə alsaq, bu, rəsmi Kiyev üçün o qədər də ümidverici hal kimi qiymətləndirilə bilməz. 


 
Üstəlik, Çin də son zamanlar Rusiya ilə ticarət həcmini artırıb. Çin Baş Gömrük İdarəsi bir neçə gün əvvəl paylaşdığı hesabata görə, bu ilin ilk iki ayında ölkələr arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 38.5% artıb və son 12 ilin ən yüksək səviyyəsinə çatıb. Bildirilir ki, yanvar və fevral aylarında Rusiya ilə ticarət dövriyyəsi 26,4 milyard dollara yüksəlib. Özü də ticarət dövriyyəsində müsbət saldo Rusiyanın xeyrinədir. Bu dövrdə Çinin Rusiyaya ixracı 41,5 faiz artaraq 12,6 milyard dollar olub. Rusiyadan idxal isə 35,8 faiz artaraq 13,8 milyard dollara çatıb.
 
Ovqat.com
 

   


Ana səhifəyə qayıt        Baxış: 6 074          Tarix: 4-04-2022, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma