Xəbər lenti

 
"İstənilən generalın istənilən vəzifəyə təyinatı Rusiyanın Ukraynada strateji məğlubiyyətə uğradığı faktını ortadan qaldıra bilməz. Ukrayna Rusiyaya heç vaxt tabe olmayacaq. Putinin hansı generalı hara təyin etməsinin əhəmiyyəti yoxdur".
 
Ovqat.com xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynada hərbi əməliyyat aparan rus qoşununa yeni general təyinatını şərh edərkən belə deyib.
 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyat aparan qoşuna Suriya təcrübəsi olan ordu generalı Aleksandr Dvornikovu yeni komandan təyin edib. Bundan əvvəl Ukraynada hərbi əməliyyat aparan qoşunların vahid komandanlığı yox idi. Əməliyyata qatılan hərbi birqadalara müxtəlif generallar rəhbərlik edir və onlar Rusiya Silahlı Qüvvələri Baş Qərargahından təlimat alırdılar. Bəlkə də bu səbəbdən Ukraynada hərbi əməliyyatlarda iştirak edən rus generallarından 9-u həlak oldu. İndisə Rusiya ordusu Ukraynadakı hərbi əməliyyatları döyüş sahəsindəki vahid komandanlıq altında həyata keçirəcək. 


 
Putinin son fərmanı ilə Suriyada qəddarlığı ilə ad çıxaran Aleksandr Dvornikovun Ukraynadakı qoşun birliklərinin rəhbərliyinə gətirilməsi Rusiyanın bu ölkədə daha amansız mövqe tutacağına, daha çox müharibə cinayətləri və vəhşiliklər törədəcəyinə işarə kimi qiymətləndirilir. Belə ki, 60 yaşlı Aleksandr Dvornikov Suriya müharibəsində törətdiyi vəhşiliklərə görə “Suriya qəssabı” ləqəbi ilə tanınır. O, 2015-ci ildə Suriyaya müdaxilə edən rus qoşunlarının ilk komandiri olub və növbəti il "Rusiya Federasiyası Qəhrəmanı" adına layiq görülüb. 2020-ci ildə isə Vladimir Putin ona bu qəddarlıqlarına görə ən yüksək hərbi rütbəni - ordu generalı rütbəsini verib.
 
 
Dvornikovun Suriyada Rusiya qoşunlarına rəhbərlik etdiyi dövrdə təxminən 10.000 bombardman əməliyyatı həyata keçirilir və nəticədə ölkənin müxtəlif yaşayış məntəqələri, xüsusilə də Hələb və Xoms kimi şəhərlər yerlə yeksan edilib, xəstəxanalar və su təchizatı kimi mühüm infrastrukturları tamamilə dağıdılıb. Görünür, Putin yeni təyinatla Ukraynaya və tərəfdaşlarına bundan sonra daha artıq dağıntılara gedəcəyi mesajını vermək istəyir. Rusiyanı yaxından tanıyan ekspertlər isə bu təyinatın daha artıq qan tökməkdən və nəticə etibarilə iki slavyan xalq arasındakı uçurumları genişləndirməkdən başqa bir işə yaramayacağına inanırlar.


 
Bəs, Rusiya niyə növbəti dəfə bu cür hərbi-strateji səhvə əl atır?
 
Zənnimizcə, bunun səbəbi Putinə “şərəfli məğlubiyyət” şansının verilməməsidir. Bilindiyi kimi, Rusiya rəsmiləri son zamanlar Ukraynadan çəkilmək, Donbass və Krımla kifayətlənmək və məsələnin diplomatik yolla çözmək istədiklərini dəfələrlə düşmənlərinin diqqətinə çatdırıblar. Ukrayna və tərəfdaşları, xüsusilə də ABŞ və Böyük Britaniya isə bu “sülhpərvər” çağırışlara müsbət cavab vermir. Təbii ki, haqsız da deyillər. Rusiya başqa ölkənin ərazilərinə iddia edir və bu da birbaşa savaş səbəbidir. Kreml isə ilk strateji səhvi ucbatından girdiyi dalandan əli boş geri qayıda bilmir. Heç olmasa, Krımın Rusiya torpağı kimi tanınmasını və Donbassın Ukraynanın tərkibində xüsusi statusa malik vilayət kimi qəbul olunmasını şərt qoşur. Moskvanın fikrincə, bunlar baş verməsə, Rusiyanın Ukraynadan məğlub ayrıldığı təsəvvürü yaranacaq, nəticədə o, böyük dövlət olmaq perspektivini də itirəcək
 
Üstəlik, Putin administrasiyasının “velokorus” şovinizmi ruhunda tərbiyə etdiyi rus xalqı da bu məğlubiyyətdən sonra ona qarşı ayaqlana və federasiyanın üzvlərində mərkəzdənqaçma meylləri yarana bilər. Bu mənada Ukraynadakı məğlubiyyət rus imperiyasının həyati məsələsi kimi görünür və Kreml bu perspektivlə razılaşmaq istəmir, böyük qətliamlar hesabına öz varlığını qorumağa çalışır. Amma məsələ burasındadır ki, Rusiyanın ilk strateji səhvini düzəltmək təşəbbüsü də “qaş düzəltmək yerinə göz çıxarmaq” effekti verə bilər: Rusiya daha sağalmaz yaralar alaraq Ukraynadan çıxmaq məcburiyyətində qalar. NATO və Qərb dövlətlərinin Ukraynaya ağır texnikalar vermək və Rusiyaya daha sərt sanksiyalar tətbiq etmək qərarı bu təhlükəni artırır.


 
Bir sıra xarici ekspertlər də sözügedən ehtimalı istisna etmirlər. Britaniyanın Rusiyadakı keçmiş səfiri Ser Roderik Layn təyinatı şərh edərkən deyib: “Böyük ehtimalla, Dvornikova Ukraynanın şərqində, heç olmasa Donetskdə müəyyən mövqe qazanmağa çalışmaq tapşırıb. İndiki şəraitdə bu, Putin rejimi üçün yeganə uğur olardı”.
 
Milli Maraqlar Mərkəzində ABŞ-ın hərbi analitiki Harri Kazianis da “The Telegraph”a açıqlamasında Putinin heç olmasa Ukraynanın şərqindəki mövqelərini əldə saxlamaq üçün bu təyinata imza atdığını düşünür: “Qorxuram ki, Dvornikov Ukraynanın şərqini əldə edə bilməyəcəyi təqdirdə onu nəhəng Hələbə çevirmək əmrini alıb”.
 
Adının çəkilməsini istəməyən bir rus hərbi analitiki CNN-nə açıqlamasında Dvornikovun çox qəddar general olduğunu təsdiqləyərək deyib: “Dvornikov amansız bir komandir kimi tanınır və o, bundan sonra Suriyada istifadə etdiyi taktikanı Ukraynada həyata keçirəcək. Dvornikovun karyera təcrübəsi təkcə Suriya ilə də məhdudlaşmır. O, 20 il əvvəl Çeçenistanda idi. Dvornikovun təcrübəsi şəhərləri xarabazara çevirərək azad etmək məntiqinə söykənir".


 
Dvornikovun Ukraynada artıq öz təcrübəsini işə saldığı güman olunur. Bu həftənin əvvəlində 5-i uşaq, ən azı 52 nəfərin ölümünə səbəb olan Kramatorsk qatar stansiyasındakı partlayışının onun əmrilə törədildiyinə dair ehtimallar irəli sürülür. Baxmayaraq ki, Rusiya bu partlayışın məsuliyyətini öz üzərinə götürmür. Belə anlaşılır ki, Dvornikovun təcrübəsi deyiləndə böyük qətliamlar törədib məsuliyyətindən qaçmaq nəzərdə tutulur. Bunun adı isə müharibə yox, terrordur. Hətta terrorçular belə, törətdikləri qanlı cinayətlərin məsuliyyətlərini inkar etmirlər. Bu mənada Dvornikovu ordu generalı yox, ən yaxşı halda terror generalı adlandırmaq olar.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 118          Tarix: 11-04-2022, 08:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma