Xəbər lenti

 
"Bu gün bizim ikitərəfli münasibətlərdə çox əlamətdar gündür – Qırğızıstan Prezidenti Azərbaycanda rəsmi səfərdədir. Biz Sizi salamlamağa və münasibətlərimizin inkişaf perspektivlərini müzakirə etmək imkanına görə çox şadıq.
 
Cənab Prezidentlə biz ikitərəfli gündəlik, regional məsələlər barədə fikir mübadiləsi aparmışıq və bu səfərdən istifadə edərək maksimum nəticəyə nail olmaq əzmindəyik. Bu gün çoxlu sənədlər imzalanacaq. Bu barədə biz artıq danışmışıq. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır".
 
Ovqat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla keçirdiyi geniş tərkibdə görüşdə deyib.
 
"Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik", - dövlət başçısı bildirib.
 
Prezident İlham Əliyev Qırğızıstanla iqtisadi münasibətlərin iki əsas istiqamətdə inkişaf etdiriləcəyini vurğulayıb. Bunlardan biri nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, digəri isə kənd təsərrüfatı sektorundan əməkdaşlıq imkanlarıdır.


 
"Bu gün biz investisiya layihələri ilə bağlı çox məsələləri müzakirə etdik. Bu gün geniş tərkibdə görüşdə bu barədə daha ətraflı danışacağıq – nəqliyyat infrastrukturu ilə bağlı məsələlər, bizim nəqliyyat imkanlarımızı birləşdirməyin mümkünlüyü. Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik. Burada da böyük perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir", - Prezident İlham Əliyev deyib.


 
O, əmin olduğunu vurğulayıb ki, tərəflər bu səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmaların reallaşması üçün konkret proqram müəyyən edəcəklər: “Əlbəttə, düşünürəm ki, lap yaxın vaxtlarda hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq. Həmin komissiya sonuncu dəfə üç il bundan əvvəl iclas keçirib. Fikrimcə, səfərin yekunlarına əsasən prezidentlərin verəcəyi tapşırıqlar da məhz həmin hökumətlərarası komissiyanın iclası çərçivəsində nəzərdən keçirilməlidir".


 
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında bir sıra sənədlərinin imzalanması mərasimi olub. 
 
İmzalanan sənədlər
 
  1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”ni imzalayıblar.
  2. Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.
  3. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Almazbek Akmataliyev imzalayıblar.
  4. Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikası İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev imzalayıblar.
  5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzalayıblar.
  6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Qırğız Respublikası İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev imzalayıblar.
  7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”u Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Talantbek İmanov imzalayıblar.
  8. Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında Saziş”i Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının nəqliyyat və kommunikasiya naziri Erkinbek Osoyev imzalayıblar.
  9. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi arasında əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
  10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.



Ana səhifəyə qayıt        Baxış: 3 736          Tarix: 20-04-2022, 16:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma