Xəbər lenti
 
 
ABŞ dövlət katibi Ermənistan rəhbərliyinin göstərdiyi uzaqgörənliyə görə səmimi minnətdarlığını bildirib.
 
Ovqat.com xəbər verir ki, dövlət katibi bu minnətdarlığını Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla görüşündə rəsmi İrəvana çatdırıb.
 
ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan arasında dialoqu da alqışlayıb. O, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair brifinqdə bildirib.
 
Mən Baş nazir və Ermənistanın bu prosesdə göstərdiyi uzaqgörənliyə, cəsarətə və çevikliyə, hamımızın istədiyimizə, yəni davamlı sülhə nail olmaq üçün ortaya qoyduğu səylərə görə (Paşinyana) səmimi təşəkkürümü bildirirəm”, - dövlət katibi bildirib.
 
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 2-dən 6-dək ABŞ-a işgüzar səfərə gedib. O, Vaşinqtonda ABŞ prezidentinin xüsusi köməkçisi Amanda Slot və digər rəsmilərlə də danışıqlar aparacaq.

Blinkenlə görüşdən sonra özünün Twitter hesabında paylaşdığı tvitində erməni nazir bu görüşü “məhsuldar” adlandırıaraq yazıb:


 
“ABŞ dövlət katibi Entoni Blinkenlə çox məhsuldar görüş keçirdim. Vaşinqtona qayıtmağıma görə şadam və Birləşmiş Ştatlar ilə güclü tərəfdaşlığımızı bir daha təsdiqləyirəm.
 
Son 30 ildə Ermənistan və ABŞ demokratiya, insan hüquqlarına hörmət və qanunun aliliyi kimi ümumi dəyərlər əsasında səmərəli əməkdaşlıq ediblər”.

 
Qeyd edək ki, dünən Ermənistanın paytaxtında Azərbaycanla sülh danışıqlarına hazırlaşan Paşinyan hökumətinin əleyhinə etiraz aksiyası keçirilirdi. Aksiya Rusiya tərəfindən dəstəklənən siyasi təşkilatlar tərəfindən düzənlənmişdi. Ararat Mirzoyanın məhz belə bir məqamda Vaşinqtona çağırılması və İrəvanın sülh danışıqlarına hazırlaşmasının təqdir olunması ABŞ-ın Rusiyaya və onun Ermənistandakı tərəfdarlarına verdiyi mesaj kimi qiymətləndirilə bilər.



Ana səhifəyə qayıt        Baxış: 5 978          Tarix: 3-05-2022, 07:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma