Sosial şəbəkələrdə iyulun 1-dən etibarən İranın Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamaq qərarı verildiyinə dair məlumat paylaşılıb. Məlumatda Naxçıvan istiqamətində də sərhədlərin bağlı olacağı bildirilib.
Ovqat.com-un məlumatına görə, İranın Azərbaycandakı səfirliyi bu məlumatı təkzib edib.
Təkzib mesajında bildirilir: “İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik və bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır və İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur.
İran İslam Respublikası səfirliyinin mətbuat şöbəsi – Bakı”.
Qeyd edək ki, bu gün Naxçıvandan da Türkiyəyə sərnişin daşımasının dayandırıldığı bildirilirdi. Türkiyənin İğdır vilayətinin valiliyi bu faktı təsdiqləyib və sərhədlərin Azərbaycan Nazirlər Kabineti tərəfindən bağlandığını bildirib. Mümkündür ki, İranın səfirliyinin məlumatı olmamasına baxmayaraq, Nazirlər Kabineti həqiqətən də yolların bağlanması barədə qərar çıxarsın.
Qərarın Rusiyada COVİD-19 virusunun yenidən yayıldığı üçün qəbul olunduğu bildirilir.
Paylaş: