Xəbər lenti

 

Son bir il ərzində Azərbaycan Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistanla strateji əhəmiyyətli sazişlər imzalamışdır. Bu günlərdə Qazaxıstan prezidentinin Azərbaycana planlaşdırılan səfərini də, Azərbaycan-Mərkəzi Asiya (MA) qarşılıqlı münasibətləri çərçivəsində nəzərdən keçirtmək məqsədəuyğundur. Səfər çərçivəsində ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni saziş və 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanması planlaşdırılır. Qeyd edək ki, indiyə qədər ölkələr arasında 120-dən çox sənəd imzalanmışdır.

 

Çoxtərəfli formatda Azərbaycan MA ilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq edir. Lakin Tacikistan türkdilli dövlət olmadığından TDT Mərkəzi Asiya regionunu tam əhatə etmir. Digər tərəfdən TDT nə qədər perspektivli olsa da, MA ölkələri hal-hazırda “C5” formatına üstünlük verirlər. Azərbaycanın 2021-ci ildə Türkmənistanla 105 mln.$, Özbəkistanla 112 mln.$, Qırğızıstanla 9 mln.$, Tacikistanla isə 7,5 mln.$ ticarət dövriyyəsi qeydə alınıb. Türkiyənin region ölkələri ilə iqtisadi əlaqələri daha güclüdür.  İqtisadi inteqrasiyadan savayı region ölkələri mövcud çağırışlara da vahid subyekt kimi cavab verməyə çalışırlar. Ölkələr arasında regiondaxili problemlərin BMT kimi beynəlxalq institutların cəlb edilməsi ilə həll edilməsinə dair ümumi razılıq var.

 

“C5” formatından savayı regionun ABŞ, Rusiya, ÇXR, Hindistan, Yaponiya, Cənubi Koreya ilə əməkdaşlığı nəzərdə tutan “C5+1” formatı da var. Bu format ölkələrin subyektivliyini artırdığına görə region ölkələri arasında xarici siyasət vektorunun əsasən bu format çərçivəsində inkişaf etidirilməsinə dair ümumi razılıq mövcuddur. Bununla belə, MA ölkələri böyük güclərin rəqabət meydançası olmaq istəmədiyindən hər bir böyük ölkə ilə ayrı-ayrılıqda və qarşılıqlı fayda prinsipləri əsasında əməkdaşlıq qurmağa çalışırlar. Bununla belə, böyük dövlətlərin hər birinin regiona baxışı digərlərindən fərqlənir. 

 

ABŞ-ın regional maraqları demokratik prinsiplər çərçivəsində ölkələrin müstəqilliyinin irəli çəkilməsini, regional münaqişələrin həll edilməsini və regionun təbii resurslarının bazar iqtisadiyyatı prinsipləri üzərində mənimsənilməsini əhatə edir. Rusiya isə “C5+1” formatını altılıq formatı çərçivəsində nəzərdən keçirərək, bu formatın mərkəzi və lokomotivi olmasına çalışır. Çin ABŞ və Rusiyadan fərqli olaraq regionu olduğu kimi qəbul etsə də, onun inkişafını “bir xətt bir yol” layihəsinin tərkib hissəsi qismində nəzərdən keçirir.

 

Ölkəmizin MA ilə cari münasibətləri “+2” (Azərbaycan və Türkiyə) formatında təsvir edilə bilər. Bu format çərçivəsində iyunun 27-də Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilmişdir. Görüşün yekununda Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər və nəqliyyat nazirləri birgə Bakı Bəyannaməsini imzalamışlar. Bəyannamə Zəngəzur dəhlizini Orta Dəhlizin perspektiv hissəsi kimi dəyərləndirib, dəmir yolu və avtomobil dəhlizlərinin yaradılması da daxil olmaqla regionda əlaqəni gücləndirəcək yeni təklif edilmiş dəhlizlərin tam istismarının zəruriliyini bəyan edir. Digər nümunə Daşkənddə Türkiyə-Özbəkistan-Azərbaycan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında baş tutmuş görüşdür. Görüşdə Xəzərdən keçən Şərq-Qərb dəhlizi başda olmaqla, üç ölkənin ortaq gündəmində olan məsələlərin koordinasiya və əməkdaşlığının artırılması və ümumi layihələrin həyata keçirilməsi üçün investisiya fondunun yaradılması müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistan da xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda əməkdaşlıq edirlər.

 

Beləliklə, MA regionunda böyük güclərin toqquşan maraq və yanaşmalarından fərqli olaraq Azərbaycan və Türkiyənin MA regionuna strateji baxışları üst-üstə düşüb, qarşılıqlı faydalılıq prinsipləri əsasında əməkdaşlıq və tərəfdaşlıq imkanlarının artırılmasını özündə ehtiva edir. Cari geosiyasi vəziyyəti nəzərə alsaq, Azərbaycan yaxın və orta perspektivdə MA üçün Qərbə yeganə çıxış yoludur. Bununla bərabər, Cənubi Qafqaz MA regionu üçün daxili balansın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

CƏNUBİ QAFQAZ TƏDQİQATLAR MƏRKƏZİ




Ana səhifəyə qayıt        Baxış: 6 411          Tarix: 3-08-2022, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma