Pelosinin İrəvana səfəri erməni «rusbaşlı»larda əməlli-başlı xəyal qırıqlığı yaradıb. Məsələ burasındadır ki, Pelosinin Ermənistana güclü dəstək verən Qərbpərəst ermənilər Rusiya ilə tamamilə əlaqələri kəsməyi, rus qoşunlarının bu ölkədən çıxarılmasını tələb edir. Bu da istər-istəməz indiyədək Rusiyanın himayəsinə sığınan erməni ictimai fikrində birmənalı qarşılanmayıb.
Ovqat.com-un məlumatına görə, Mika Badalyan adlı erməni Telegram istifadəçisi Pelosinin səfərini şərh edərək yazır:
"Bir anlığa təsəvvür edək ki, Ermənistan hakimiyyəti nəhayət, Ermənistanı Rusiyadan ayırıb Qərbin altına ata bildi.
Gəlin, bir anlığa qlobal yanaşaq. Aydındır ki, biz «Artsax»ı, eləcə də Ermənistanın bir sıra ərazilərini tamamilə və birdəfəlik itiririk, daha sonra 102-ci bazanın çıxarılması gəlir, onun da yerində, görünür, Amerika bazası yerləşdiriləcək. İndi sual yaranır: İran öz sərhədləri yaxınlığındakı Amerika bazasına necə reaksiya verəcək? Düşünürəm ki, siz özünüz də başa düşürsünüz ki, bundan sonra İranı yaxşı xasiyyətli qonşu kimi unutmalıyıq.
Gəlin, bir az da irəli gedək. Enerji resursları. Artıq güzəştli qaz tarifləri, ucuz elektrik enerjisi yoxdur. Bizim də İrandan hər şeyi ucuza alacağımız birinci abzasda unudulub.
İqtisadiyyat. Enerji resursları bahalaşdığından, bütün istehsalın maya dəyəri qalxır, Ermənistan indi Amerikanın tabeliyində olduğundan, biz Gömrük İttifaqından çıxıb gömrük güzəştlərini unuduruq, müvafiq olaraq, Rusiya bazarını da unuduruq, çünki erməni məhsulu artıq yoxdur. Ermənistan artıq Rusiya üçün dost ölkə deyil. Məhsulları, xüsusən də spirti haraya satmaq olar? Bəli, sadəcə olaraq satacağımız heç bir yer yoxdur, biz hasilatı da bağlayırıq. Rusiya məhsulları bizim bazara daxil olsa, dəfələrlə baha olacaq. Onun qarşılığında nə gələcək? Doğrudur, türk məhsulu, türk sərmayələri və türk iqtisadi genişlənməsi.
Təhlükəsizlik. Gürcüstan, İran, Türkiyə və Azərbaycanla sərhədlərimiz var. Gürcüstan hökuməti indi açıq-aşkar Rusiyayönlü siyasət yürüdür, eləcə də İran. Qalan Türkiyə və Azərbaycandır ki, biz artıq sülh müqaviləsi imzalayacağıq və təsəvvür edin ki, Ermənistan Türkiyə və Azərbaycana - Ermənistanı tamamilə məhv etmək cəhdindən heç vaxt vaz keçməyəcək ölkələrə arxalanmalı olacaq.
Rusiyada milyonlarla erməni və Ermənistandakı axmaq siyasətin nəticələri nəyə gətirib çıxaracaq? 2008-ci ildə gürcüləri xatırlayın, Allah eləməsin, elə olsun.
Uzun-uzadı sadalaya bilərəm, amma bir şey aydındır ki, Ermənistan üçün belə bir siyasət Türkiyə altında bir fəlakət və tamamilə geri çəkilməkdir ki, bu da qeyd-şərtsiz Armeniyanın Ermənistana çevrilməsinə gətirib çıxaracaq.
Rusiyanı ideal müttəfiq adlandırmaqdan uzağam və onun barəsində həqiqətən çoxlu suallar var. Baxmayaraq ki, Ermənistan hakimiyyətinin də onun dost olmağa çalışdığını etiraf etmək lazımdır. Biz hakimiyyətdəki satqınlardan qurtulmalı, Rusiya ilə sağlam münasibətlər qurmalı və birlikdə irəli getməliyik, əks halda, Pelosinin bu gün kifayət qədər açıq şəkildə eyham vurduğu İranla müharibəyə başlayacaq tərəf Ermənistan olacaq və bu, böyük bir döyüş meydanına çevriləcək, bundan sonra Vətənimizdən nəsə qalacaq, ya yox, bunu bir Allah bilir".
Paylaş: