Xəbər lenti


 

Rusiya Xarici İşlər Nazirliyi Kremlin keçmiş sovet respublikalarından biri olan Moldovada dövlət çevrilişi planlaşdırması ilə bağlı ittihamları rədd edib.

 

Ovqat.com-un məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün verdiyi açıqlamada "bu iddialar tamamilə əsassız və heç bir sübuta malik olmayan ittihamlar" kimi qiymətləndirib.

 

Zaxarova həmçinin Ukrayna və Moldovanı Rusiyaya qarşı qarayaxma kampaniyasına başlamaqda ittiham edib.

 

Xatırladaq ki, Moldova prezidenti Maya Sandu dünən Rusiyanın bu ölkə üzərində təsirini bərpa etmək və hökuməti devirmək istədiyini bildirmişdi.

 

Sandu vurğulamışdı ki, Moskva etiraz adı altında Moldovada zorakı iğtişaşlar və dövlət qurumlarına qarşı hücumlar törətməyə çalışır. Moldova lideri bu ittihamları bir müddət əvvəl Ukraynadan aldığı kəşfiyyat sənədləri əsasında irəli sürdüyünü bildirmişdi.

 

Moldovanın Avropa İttifaqı (Aİ) tərəfdarı olan baş naziri Nataliya Qavrilita bir il yarımlıq vəzifədə qaldıqdan sonra ötən cümə günü istefa verdi. Qavrilita istefasının səbəbini hökumətin yüksək inflyasiya, enerji böhranı və Ukraynadan qaçqın axını səbəbindən böyük ictimai təzyiq altında olması ilə əlaqələndirdi.

 

Zaxarova cavab açıqlamasında Moldova rəhbərliyinin bu ittihamlarla diqqəti ciddi daxili problemlərdən yayındırmağa çalışdığını bildirərək deyib ki, “Rusiya Moldovanın təhlükəsizliyini təhdid etmir. Moskva iki ölkə arasında faydalı əməkdaşlığı inkişaf etdirməyin tərəfdarıdır”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 842          Tarix: 14-02-2023, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma