“İrəvan KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasından imtina etməyib”.
Ovqat.com-un məlumatına görə, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
Onun fikrincə, ötən il hərbi alyansın İrəvanda keçirilən sammitində erməni rəsmiləri “KTMT-in Ermənistan sərhədinin bir hissəsi boyunca məsuliyyət zonasını birmənalı şəkildə tanımadığı”nı düşünüb hazırlanan bəyannamə layihəsinə imza atmayıb: “Burada bizim üçün əsas məsələ o idi ki, bizim hisslərimizə görə, bizim qavrayışımıza görə, KTMT-dən olan həmkarlar təşkilat üçün dəqiq məsuliyyət sahəsini tanımırdılar. Fikrimizcə, bu bir qədər problemli idi”.
Bununla belə, layihə hələ də masadadır və İrəvan onu imzalaya bilər: “Amma bir daha deyirəm, qərar layihəsi masa üzərindədir, iş davam edir”.
Qeyd edək ki, KTMT sammitinin bəyannamə layhəsində alyans əsgərlərinin Ermənistan-Azərbaycan sərhədlərinə yerləşdirilməsi də nəzərdə tutulurdu. Paşinyan isə onu imzalamaq istəməmiş və eyni tələblə Avropa İttifaqına müraciət etmişdi. Aİ də öz növbəsində Ermənistan sərhədlərinə monitorinq missiyası göndərmişdi. Sərhəddə iki il fəaliyyət göstərməsi planlaşdırılan Aİ missiyası Rusiyanın etirazına yol açmışdı. Məhz bu səbəbdən İrəvan Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlar üçün Moskvada keçirilən toplantılarda iştirak etmir, hətta bu barədə qərarını Kremlə də bildirmirdi. Kreml sözçülərinin etiraflarına görə, onlar bu qərarları mətbuatdan öyrənirdilər. İndi isə Ararat Mirzoyan KTMT layihəsinin bugünədək Ermənistan hakimiyyətinin masasında olduğunu bildirir. Bəs elədirsə, Aİ-nin monitorinq missiyasının Ermənistanda aktiv fəaliyyətə başlamasını necə başa düşmək olar?
Erməni nazir bu suala cavab verərkən xatırladıb ki, Aİ missiyasının funksiyaları və mandatı aydın şəkildə göstərilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri də öz növbəsində bildirib ki, KTMT missiyası ilə bağlı qərar təşkilatın İrəvan sammiti ərəfəsində bir neçə saatlıq müzakirələrdən sonra hazırlanıb. Bütün nazirlər də bununla razılaşıblar: “Hazırda xırda bir məsələ qalır - KTMT-yə üzv dövlətlərin başçıları layihəyə öz imzalarını atsınlar. Missiyanın göndərilməsi ehtimalı qalır, KTMT buna tamamilə hazırdır”.
Lavrovun sözlərinə görə, Ermənistanın bu ideyadan əl çəkməməsi onu xeyli sevindirib: “Çünki bu, regional təhlükəsizliyin təmin olunması maraqlarına da uyğundur”.
Qısası, Avropadan da istədiyini ala bilməyən İrəvan deyəsən yenidən Moskvanın qucağına qayıdır. Amma ortada bir məsələ qalır: həm Aİ-nin, həm də onun əzəli düşməni Rusiyanın monitorinq missiyaları eyni anda eyni məkanda öz işlərini necə davam etdirəcəklər?
Paylaş: