Xəbər lenti

Ermənistan işğalçını dəstəklədiyini gizlədə bilmir

Özünü Qərb dəyərlərinin və demokratiyanın daşıyıcısı kimi qələmə verməyə çalışan hazırkı Ermənistan hakimiyyəti gerçək sifətini gizlətməkdə çətinlik çəkir. Artıq Nikol Paşinyan hökumətini daim dəstəkləyən Qərbdəki mərkəzlər də Ermənistan hakimiyyətinin və cəmiyyətinin riyakarlığını, iküzlüyünü çoxdan anlayıblar. Bu səbəbdən Ermənistana və Paşinyan hökumətinə ard-arda “qulaqburması” verilməsinə başlanıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Nikol Paşinyanın bu yaxınlarda baş tutan Almaniya səfərinin bəzi detallarını açıqlayıb.

Qəzet yazır ki, Ermənmistan Baş naziri Almaniyada Qərb ölkələrindən xəbərdarlıq alıb. Ona Ermənistanın işğalçı Rusiyanın Qərb sanksiyalarından yayınmasına kömək etməsi irad tutulub. Ondan “paralel eksportu”, Rusiyaya bank köçürmələrini və Kremlin sanksiyalardan yayınması üçün digər “xidmətləri” dayandırması tələb olunub.

Qeyd edək ki, müharibə başlayandan sonra Ermənistan Rusiyaya məsələn, paltaryuyan maşınlar və digər elektronika avadanlıqlarının ixracına görə ilk sıralarda duran ölkəyə çevrilib. Hansı ki, bu avadanlıqların heç biri Ermənistanda istehsal olunmur. Onlar istehsalçı ölkələrdən alınaraq, Rusiyaya ötürülür. Rusiya isə bu avadanlıqlardakı detallardan, çiplərdən Ukraynada ölüm saçan və işğalı davam etdirməyə imkan yaradan silahlar istehsalında istifadə edir.

Qəzet yazır ki, Almaniyadan qayıdan Paşinyan Mərkəzi Bankın rəhbərliyinin və hökumət üzvlərinin iştirakı ilə iclas keçirərək, Rusiyaya pul köçürmələrinə və sanksiyalara düşən malların ixracına qadağa qoyulmasını tələb edib. Yəni, bir növ “bazar bağlandı” deyib. Bundan sonra İrəvan aeroportunda Rusiyaya uçan təyyarələrdə sözügedən malların, eləcə də elektron çiplərin və s. daşınmasının qarşısını almaq üçün yoxlamalar aparıldığı bildirilir.

Bu arada ABŞ Ticarət Nazirliyi müxtəlif ölkələrdəki 28 təşkilata ixrac məhdudiyyəti tətbiq edib. Rəsmi məlumata görə, sözügedən ölkələrin şirkətləri Rusiya Silahlı Qüvvələrinə və hərbi-sənaye kompleksinə ABŞ sanksiyalarından yan keçməyə yardım göstərib.

Onların arasında Çin kimi böyük dövlətlərlə yanaşı, balaca Ermənistan da var. Bu, demək olar ilk belə haldır ki, Qərbin sanksiyalarında Ermənistanın da adı keçir. Hansı ki, bu dılğır dövlət 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarını narkotik və silah qaçaqmalçılığı yoluna çevirmiş, müxtəlif beynəlxalq səviyyəli çirkli sxemlərdə, əməliyyatlarda iştirak etmiş, üstəlik çoxsaylı hərbi cinayətlərə yol vermiş, Ukraynaya qarşı müharibə başlayandan sonra isə öz hərbi-siyasi tərəfdaşı və himayədarı olan işğalçı dövlətə hər cür dəstək göstərməkdə davam etmişdi. Ancaq Qərb nədənsə, bu “mini-işğalçı”nın çirkin əməllərinə hər zaman göz yumub və yalnız indi ona xırda “qulaqburması” verməyə başlayıb.

Lakin böyük ehtimalla Ermənistan öz riyakar mahiyyətindən çıxış edərək, özü kimi işğalçı olan dövlətin sanksiyalardan yayınması və silah təminatı üçün müxtəlif gizli yollarla əlindən gələni edəcək.

C.Məmmədov

“AzPolitika.info”




Ana səhifəyə qayıt        Baxış: 6 498          Tarix: 14-04-2023, 18:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma