Xəbər lenti

 

İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri “Armenia Today” telekanalına müsahibə verib. O, müsahibəsində Fars körfəzi-Qara dəniz marşrutuna əsaslanan Cənub-Şimal dəhlizindən də bəhs edib.

 

Qeyd edək ki, 44 günlük müharibəyədək İran bu marşrut üzərində çox aktiv iş aparırdı. Daha sonra Azərbaycan işğal altında olan ərazilərini geri qaytardı. Beləcə, İranın da quyruq ağrıları başladı. Quyruq ağrısını ilk əvvəl Ərdəbil imam-cüməsi ayətullah Amili dilə gətirdi. O, açıq şəkildə Azərbaycana mesaj göndərib İranın şir olduğunu bildirdi və “şirin quyruğu ilə oynamamağı” məsləhət gördü. Ardınca İranın dini lideri ayətullah Seyid Əli Həsən Xameneinin qulaq batıran “nəriltisi” eşidilməyə başladı. Xamenei “nəriltisində” Zəngəzuru İranın “qırmızı cizgisi” adlandırır və Ermənistanla İranın minillik qardaşlığından söhbət açırdı. Onun fikrincə, Azərbaycanın erməni işğalından xilas etdiyi Gorus-Qafan yolu cəmi 100 yaşı olan Ermənistanla İran arasında 1000 illər boyu ticarət yolu olub.

 

Xamenei həzrətlərinin bu açıqlamasını onun coğrafiya və tarix müəlliminin savadlığına yozan rəsmi Bakı şir səsini yamsılayan bu “nərilti”yə çox əhəmiyyət vermədi və öz işini davam etdirdi. Az keçməmiş İranın Qafanda bir konsulluq açdığı xəbərləri yayıldı. 

 

Bu yaxınlarda isə Rusiya ilə İran prezidentlərinin videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı saziş imzaladıqları məlum oldu. Rusiya Baş nazirin müavini Aleksandr Novakın bildirdiyinə görə, layihənin dəyəri 1,6 milyard avrodur. Bu məbləğin 1,3 milyard avrosunu isə Rusiyanın dövlət krediti təşkil edəcək. 

 

Qısası, İran 4 ilə başa gələcəyi proqnozlaşdırılan Rəşt-Astara dəmir yolunun tikintisinə yönəlməklə faktiki Cənub-Şimal dəhlizi layihəsində önəmli istiqamət dəyişikliyinə gedirdi. Belə məlum olurdu ki, İran rəsmilərinin “şir” səsinə bənzətməyə çalışdıqları “nərilti”ləri ən yaxın müttəfiqi Rusiyanın belə, xoşuna gəlməyib. Moskvanın təlqini ilə İran Rəşt-Astara dəmir yoluna yönəlməklə əslində Azərbaycan üzərindən Rusiyaya və Gürcüstana açılmaq məcburiyyətində qalıb.

 

Ən maraqlı məqam isə budur ki, İran ərazisindən çəkiləcək dəmir yoluna tələb olunan vəsaitin böyük hissəsinin kreditləşdirilməsini də Rusiya öz üzərinə götürüb. İrana düşən isə 1.6 milyard avronun cəmi 300 milyonunu öz cibindən qoymaqdır. Bu isə İranın böyük arzularına baxmayaraq, dəmir yolu çəkməyə belə, pulunun olmadığından xəbər verir.

 

Bununla belə, görünən budur ki, İranın Ermənistandakı səlahiyyət müddəti artıq bitməkdə olan səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri erməniləri də ümidsiz buraxmaq istəməyib. O, Armenia Today” telekanalına müsahibəsində Fars körfəzi-İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa istiqamətli xəyali dəhliz məsələsinə də toxunub. 

 

Müsahibənin mövzumuzla əlaqədar hissəsini təqdim edirik. 

 

Jurnalistin “Bundan əvvəl KİV-də Ermənistanın iştirakı ilə İran və Hindistanın birgə tranzit layihələrinin həyata keçirilməsinin mümkünlüyü barədə məlumatlar yayılmışdı. Bu layihələrin təfərrüatlarını verə bilərsinizmi” sualına Abbas Bədəxşan Zohuri belə cavab verib:

 

“Qonşularla münasibətlərə diqqət İran hökumətinin gündəmində həmişəkindən daha çoxdur. Biz çalışırıq ki, qonşu ölkələr, region dövlətləri ilə münasibətləri mümkün qədər inkişaf etdirək. İran, Ermənistan və Hindistanın iştirakı ilə çoxtərəfli əməkdaşlıq formatı maraq doğuran mühüm formatlardan biridir. İran və Hindistan Şimal-Cənub tranzit dəhlizinin əsas qurucularıdır və bu kontekstdə Hindistan artıq İranın Çabahar limanına sərmayə qoyub.

 

İranda müvafiq dəmir yolu və avtomobil yollarının aktivləşdirilməsi üçün də böyük investisiyalar qoyulub. İran və Ermənistan Fars körfəzi-Qara dəniz tranzit dəhlizindən istifadə məsələsində də əməkdaşlıq edir.

 

İdeyaların bu birləşməsi İran və Ermənistanın Hind okeanından Qara dənizə qədər geniş ərazidə bir çox ölkələri birləşdirmək üçün istifadə edə biləcəyi mühüm tranzit potensialını ehtiva edir. Üç ölkənin xarici işlər nazirliklərinin rəsmilərinin ilk üçtərəfli görüşündə əsas məsələlərdən biri kimi bu məsələ müzakirə olunub.

 

İran hökuməti digər ölkələrin Çabahar limanında olmasını alqışlayır və biz Ermənistan hökumətinin bu istiqamətdə mühüm qərarlar qəbul etməsindən məmnunuq. Bu kontekstdə digər mühüm ölkə isə limanları vasitəsilə Qara dənizə çıxışı təmin edəcək Gürcüstandır. Bu ölkənin dövlət orqanları ilə lazımi işlərin aparılması da gündəmdədir”.

 

Göründüyü kimi, Rəşt-Astara dəmir yolunun inşasını Rusiyanın boynuna qoyan İran Fars körfəzi-Qara dəniz tranzit dəhlizini də Hindistana yükləmək istəyir. Özü isə minillik qardaşı ermənilərlə bərabər “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” qismində piroqun yaxşı yerinə sahiblənmək istəyir. Unudur ki, onun bu arzusunun reallaşmasına nə yaxın dostu Rusiya, nə uzaq himayədarı Çin, nə də Ermənistanın İrandan asılı vəziyyətə düşməsini istəməyən Qərb ölkələri imkan verməz.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 359          Tarix: 20-05-2023, 17:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma