![](/templates/Wmediat51/images/vetendash.jpg)
Ukraynanın başlatdığı əks-hücum əməliyyatları müharibənin taleyini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, Ukraynanın silahla təchizatı bu əks-əməliyyatlarda qazanılacaq uğurdan və bu uğurun sürətindən asılıdır. Ukrayna əlində olan imkanlardan yetərincə yararlana bilib həlledici uğurlar qazansa, NATO ölkələri ona daha müasir silahlar, F-16-lar verəcək və qalib tərəf kimi masaya oturdacaq. Yox, əgər gözlənilən uğur əldə olunmasa, yenə Kiyev danışıqlar masasına oturdulacaq. Amma bu səfər daha zəif və daha çox güzəştə hazır vəziyyətdə.
Nə yazıq ki, son 1 həftə ərzində Kiyevin qazandığı uğurlar o qədər də sürətli və effektli deyil. Artıq bir çox beynəlxalq media qurumları, o cümlədən CNN telekanalı Ukraynanın 3 gün ərzində cəbhədə itirdiyi 16 “Bredley” zirehli maşından danışırlar. “Açıq mənbələrin təhlili göstərir ki, məhv edilmiş və ya zədələnmiş Bradley avtomobillərinin sayı ABŞ tərəfindən Kiyevə verilən ümumi sayın 15%-ni təşkil edir”, - CNN bildirib.
Telekanalın iddiasına görə, “Oriks layihəsinin analitikləri bu məlumatlara istinad edərək vurğulayırlar ki, bir çox maşın zədələnsə də, tam məhv olmayıb, bu da onların funksiyasını yerinə yetirdiyini - hərbi qulluqçuların hücum mövqelərinə təhlükəsiz daşıdığını göstərir”.
Bu xəbərdən dərhal sonra Pentaqondan “Amerikanın səsi”nə verilən məlumatda itirilən 16 “Bradley”in təcili əvəz ediləcəyi bildirilsə də, eyni həssasiyyətin digər NATO müttəfiqləri tərəfindən göstərilmədiyi də ortaya çıxmışdı. Zira Pentaqonun adı açıqlanmayan nümayəndəsinin bildirdiyinə görə, sabah ABŞ təcili olaraq 325 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayıracaq və Ukraynada itirilənlər hərbi texnikaların əvəzində bu ölkəyə yeni “Stryker” və “Bradley” zirehli maşınları veriləcək. Birləşmiş Ştatlar Kiyevə həmçinin “NASAMS” hava hücumundan müdafiə sistemləri və “HIMARS” qurğuları üçün sursat da təmin edəcək.
Almaniya isə Ukraynanın yeni Leopard tankları ilə təchiz olunmaq tələbinə o qədər də arzuedilən cavab verməyib. Məlumata görə, Ukraynanın Xarici İşlər nazirinin müavini Andrey Melnik alman nəşri “Der Tagesspiegel”ə müsahibəsində Almaniyadan Ukraynaya daha çox tank verməsini xahiş edib. “Ukrayna ordusunun, ilk növbədə, daha çox sayda Qərb tanklarına, piyada döyüş maşınlarına və digər zirehli texnikalara ehtiyacı var”, - deyən Melnik fikirlərini onunla izah edib ki, döyüşlərdə Almaniyadan alınan texnikaların bir hissəsi itirilib: "Hər bir “Leopard 2” tankı isə Ukrayna Silahlı Qüvvələrinin həlledici hücumu üçün sözün əsl mənasında qızılla dəyərindədir". Melnikin sözlərinə görə, Almaniya Bundesverin 300-dən çox tank ehtiyatı var və Berlin Ukraynaya təhvil verdiyi 18-dən çox tank ötürmək iqtidarındadır: “Hazırkı potensialı Almaniyanın müdafiə qabiliyyətini təhlükəyə atmadan bizə verilən tankları üç dəfə artırmağa şərait yaradır".
Almaniyanın müdafiə naziri Boris Pistorius isə bu gün ona cavabən bildirib ki, Almaniya Ukraynadakı hücum zamanı itirilən hər tankı əvəz edə bilməyəcək. Bununla belə, Almaniya Federativ Respublikası Ukraynanı 2010-cu ildə istismardan çıxarılan köhnə “Leopard 1A5” ilə təchiz edə bilər. Pistoriusun sözlərinə görə, Ukrayna bu ilin sonuna kimi 100-dən çox bu cür köhnə “alman pişik”ləri alacaq.
Almaniya Müdafiə Nazirliyinin bu təmkinli cavabı ondan xəbər verir ki, NATO ölkələri Ukraynanın addım-addım irəliləməsindən o qədər məmnun deyillər.
Əslində NATO ölkələrini də hardasa başa düşmək olar. Bu günə qədər Ukraynaya 70 milyard dollardan çox silah-sursat verilib. Fəqət bu miqdarda hərbi yardım Rusiyanın hərbi qüdrəti üzərində ildırım sürətli qələbə çalmağa yetmir. Nə qədər köhnə silahlarla vuruşsa da, çox sayda canlı qüvvə itirsə də, Rusiya hələ müdafiə oluna bilir, həlledici məğlubiyyətə uğramır.
NATO ölkələrinin silah istehsalı gücü isə Ukraynanın istifadə potensialından xeyli aşağıdır. NATO-nun Baş katibi Yens Stoltenberq də bu disbalansı öz çıxışlarında da dəfələrlə dilə gətirib. O, sonuncu belə çıxışında deyib: “İndiyə qədər Müttəfiqlər Ukraynanı dəstəkləyə-dəstəkləyə ehtiyatlarını tükənidiriblər — bu davamlı bir yol deyil, buna görə də yeni və daha iddialı hədəflərə çatmaq üçün istehsalımızı artırmalıyıq".
Stoltenberqin bu fikirlərindən də aydın görünür ki, NATO qüvvələrinin indiki potensialı Ukraynanı daha artıq dəstəkləməyə çatmır. Ukrayna ordusu isə bütün bu dəstəklərə baxmayaraq, metr-metr irəliləyir. Bunu Ukrayna Müdafiə nazirinin müavini Anna Malyarın bugünkü paylaşımı da təsdiqləyir:
“Ötən sutka ərzində hücum əməliyyatı zamanı Ukrayna qoşunları aşağıdakı istiqamətlərdə irəliləyiblər.
Berxov su anbarı ərazisindən Baxmut istiqamətinə - 250 m;
Toretsky istiqaməti - 200 m.
Berdyansk istiqaməti - 0,5 km-dən 1 km-ə qədər, nəzarət altına alınan ərazinin sahəsi 3 kv.km-ə qədər olub”...
Göründüyü kimi, Kiyev öz sürətində əhəmiyyətli dönüş yarada bilməsə, Qərb ölkələrinin ona hərbi yardımları zəifləyə, nəticədə mövqelərarası atışmaya çevrilən müharibə uzun illərə yayıla bilər. Ya da Ukrayna əldə etdiyi təvazökar başarılarla Rusiya ilə danışıqlar masasına oturmalı olacaq. Bu isə daha ağır güzəştlərə getmək anlamına gəlir.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: