“Amerika və Avropa ölkələri öz planına uyğun olaraq nə Ermənistanın tərəfdarıdır, nə də Azərbaycanın mənafeyini təmin etməyə çalışırlar. Onlar bu münaqişənin uzanmasını və davam etməsini arzulayırlar ki, Rusiyanı Qafqazda təcrid etmək imkanı əldə etsinlər”.
Ovqat.com-un məlumatına görə, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin ölkəsinin “İlna” nəşrinin müxbirinə açıqlamasında bildirib.
Qarabağda yaşanan son gərginliyi şərh edən diplomatın fikrincə, Avropa və Amerikanın Qafqaz məsələlərinə qarışmaqda əsas məqsədi bu gün Ukraynaya qarışan, Qafqazı “tərksilah edən” Rusiyaya təzyiq göstərməkdir: “Bu məsələni nəzərə alsaq, Rusiya daha aktiv yanaşsa, öz monitorinq vəzifəsini davam etdirsə, Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə, Amerika və Avropanın regionda fəal olmaq üçün heç bir bəhanəsi qalmayacaq”.
Pakayin hesab edir ki, Qarabağda yaranmış son gərginlik 44 günlük müharibə kimi hərtərəfli müharibəyə səbəb olmayacaq.
Keçmiş səfir onu da vurğulayıb ki, Laçın dəhlizi Azərbaycana məxsusdur və bu ölkənin ərazi bütövlüyünə şamil edilən məkanda yerləşir, buna görə də Azərbaycanın bu ərazidə öz suverenlik haqlarını həyata keçirmək hüququ var: “O, Qarabağ sakinlərinə silah göndərilməsi kimi, milli təhlükəsizliyini riskə atan bir təhlükə hiss edərsə, buna maneə yarada bilər”.
Bununla belə, Pakayinin fikrincə, əgər bu bloklama Qarabağ sakinlərinin dolanışıq, tibbi və ümumi insani problemlərinə səbəb olarsa, “Azərbaycan məsuliyyət daşıyır” və iki ölkə arasındakı mübahisələri yalnız Rusiya yoluna qoya bilər, çünki məhz Rusiyanın vasitəçiliyi ilə tərəflər 9 noyabr bəyanatı imzalayıblar: “Ona görə də, məncə, ruslar indiki zamanda öz məsuliyyətlərini yerinə yetirməlidirlər və bu məsuliyyət yerinə yetirilsə, ara-sıra vüsət alan münaqişə də bitər”.
Moskvanın bu münaqişə ilə bağlı mövqeyini açıq şəkildə bildirməli olduğunu düşünən iranlı diplomatın fikrincə, region ölkələri və beynəlxalq ictimaiyyət bunu ruslardan xahiş etməlidir: “Rusiyanın müşahidəçi olmağa razılaşdığını nəzərə alsaq, Moskva öz məsuliyyətini yerinə yetirməli və hansı tərəfin haqlı olduğunu müəyyən etməli, daha sonra bunun əsasında qərar verməli və BMT-nin göstərdiyi yola istinad edərək lazımi tədbirlər görməlidir”.
P.S. Görünür, ona-buna ağsaqqal məsləhəti verən ağayi Möhsün Pakayin cənabları bixəbərdir ki, Rusiya BMT-dən hər hansı mandat almadan öz qoşunlarını Qarabağa yerləşdirib və Moskvanın təzyiqi ilə bağlanan 9 noyabr sazişi nə Bakı, nə də İrəvan tərəfindən ratifikasiya olunmayıb. Yəni faktiki olaraq, rus “sülhməramlıları” Qarabağda işğalçı statusundadır və Moskvanın bu şəraitdə ata biləcəyi ən düzgün addım Qarabağın taleyini əsl sahibi olan Azərbaycanın öhdəsinə buraxmaq və öz qoşunlarını götürüb ölkəsinə qayıtmaqdır.
Ağayi Möhsün Pakayin cənabları nədənsə onu da unudur ki, erməniləri ipə-sapa yatmaz vəziyyətə gətirən əsas səbəblərdən biri də onun ölkəsinin yeri gəldi, gəlmədi “quyruğunu” başqa dövlətin daxili işlərinə soxması olub. Bəli, məhz İranın “qırmızı cizgiləri”ndən cəsarətlənən erməni separatçıları özlərini təhlükəsizlik qarantiyası altında hiss edib Qarabağda at oynadırlar. İndi isə öz fitrətlərindən gələn ənənəvi nankorluqlarını sürdürərək Rusiyanın və İranın milli maraqlarının xilafına ABŞ əsgərlərini İrəvana hərbi təlimlərə dəvət ediblər. Bundan sonra isə Tehran qəflət yuxusundan ayılıb, Azərbaycanın ətəklərindən yapışmağa çalışır. Azərbaycanın isə “uzaqgörənliyinə” güvənib İrana verəcəyi ətəyi yoxdur.
Paylaş: