İsrail ordusu həm cənubdan, həm də şimaldan Qəzza şəhərinə hücum edərək yaşayış məntəqələrinə daxil olub.
Ovqat.com-un məlumatına görə, bu barədə İsrailin Müdafiə naziri Yoav Gallant mətbuata açıqlamasında bildirib.
Gallant İsrailin şimalında Livan sərhədinə baxış keçirdikdən sonra düzənlədiyi mətbuat konfransında Qəzza zolağına qarşı hava bombardmanları və quru hücumları ilə bağlı mövqeyini açıqlayıb.
İsrail qüvvələrinin Qəzzada fələstinli qruplarla intensiv toqquşmalara girdiyini vurğulayan Gallant bildirib ki, Qəzzada yaşananların tək günahkarı HƏMAS-dır və fələstinlilər bu müharibənin bitməsini arzulayırsa, özləri HƏMAS liderlərini cəzalandırmalıdırlar:
“Yəhya Sinvarı (HƏMAS-ın Qəzzada lideri) tapacağıq və aradan qaldıracağıq. Qəzzalılar bizdən əvvəl ondan hesab soruşa bilsə, bu, müharibəni də qısaldar”.
“Müharibənin sonunda Qəzzada HƏMAS qalmayacaq”, - deyən İsrailli nazir qeyd edib ki, “İsrail və ABŞ bu sahədə koordinasiyalı işləyir: “Artıq Qəzzadan İsrailə təhlükəsizlik təhdidi olmayacaq və İsrail Qəzzada başını qaldıran hər kəsə qarşı istədiyi təhlükəsizlik tədbirlərini görmək üçün mütləq hərəkət etmək azadlığına sahib olacaq”.
Gallant qeyd edib ki, onun ölkəsi “Hizbullah ilə müharibə etmək niyyətində deyil”, lakin İsrail Hərbi Hava Qüvvələri hər hansı mümkün təhlükələrə qarşı da hazırdır.
Gallant bildirib ki, “Hizbullah” lideri Həsən Nəsrullah “səhv etsə” və İsrailə qarşı müharibəyə başlamaq fikrinə düşsə, bu, “Livanın taleyini təyin edəcək”.
Paylaş: