Xəbər lenti

Bu gün Ermənistan hökumətinə rəhbərlik edən Nikol Paşinyan natamamlıq kompleksindən ciddi əziyyət çəkir. O, regionlara səfərləri zamanı məmurları alçaldaraq özünü təsdiq etməyə çalışır. 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Ermənistanın baş naziri Nikol Paşinyan iclaslarda, görüşlərdə qeyri-adekvat davranışları ilə gündəmə gəlməkdən yorulmur. Son ildə getdikcə reytinqi azalan, xalq arasında etimadını itirən baş nazir yeni populizmə əl atmaq qərarına gəlib. Bu hərəkətlər Nikolun ciddi komplekslərinin olmasından xəbər verir. 2024-cü ilə regionlara səfərləri ilə başlayan siyasətçi bir sıra obyektləri gəzib və çoxlu nöqsanlar aşkarlayıb. Nəticə olaraq isə Lori və Armavir qubernatorlarını, Şəhərsalma Komitəsinin sədrini vəzifəsindən azad edib.

Hakimiyyətindən narazılıq pik həddə çatır 

Əslində baş nazir anlayır ki, onun şəxsiyyətindən və hakimiyyətindən narazılıq pik həddə çatır. Erməni hökumətinin başçısı artıq dərk edir ki, ona heç kəs inanmır və ünvanına səslənən ittihamları eşitməmək, bununla razılaşmamaq üçün günah keçiləri axtarır. Bu səbəbdən asılqanları qoparır, duşu bəyənmir, işçiləri təhqir edir. Bununla da özünün xalqa canıyanan obrazını yaradır, hər şeydən başı çıxan insan təsiri bağışlamağa çalışır.

Ciddi komplekslərin səbəbləri

Davranışları əslində onun ciddi komplekslərinin olmasından xəbər verir. Bunun isə tutarlı səbəbləri var. 12 yaşından ögey ana himayəsində böyüyən Nikol natamam ali təhsili ilə də ad çıxarıb. Məsələ burasındadır ki, 1995-ci ildə universitet rəhbərliyinə qarşı fəaliyyətinə görə İrəvan Dövlət Universitetinin jurnalistika fakultəsindən qovulub. Bütün bunlar, təbii ki, onun psixologiyasına ciddi təsir edib. Natamamlıq kompleksindən əziyyət çəkən keçmiş jurnalist kompensasiya üçün özündən vəzifəcə kiçik insanları əzməklə psixoloji vəziyyətini “stabilləşdirir”. Hətta “Haykakan Jamanak” qəzetinin redaktoru olduğu dövrdə də jurnalistlər arasında Nikolun vicdansızlığı, pula olan sevgisi, qeybətə meyilli şəxs olması barədə kifayət qədər neqativ fikirlər dolaşıb.

Hər şeyin “bilicisi”

Regionlara səfəri zamanı Paşinyan özünü bütün peşələrin ən güclü bilicisi kimi təqdim edir: tikinti, təhsil, müxtəlif elm sahələri, mədəniyyət, idman və sair kimi sahələrdə özünün analoqu olmayan obrazını canlandırır. Nə gölməçə, nə asılqan, nə basketbol səbəti, bir sözlə, heç bir detal onun gözündən yayınmır. O, iti gözlə baxır, fərqinə varır, əsəbiləşir, şiddətlə qışqırır. Onu müşayiət edənlər isə boyunlarını büküb qulaq asır, təhqirləri  “heyranlıqla” dinləyirlər. Çünki Paşinyana qarşı çıxmaq, həm vəzifə, həm də əmlakla vidalaşmaq mənasına gəlir.

İkiüzlü siyasi fəaliyyət

2008-ci ildən özünü Levon Ter-Petrosyanın bir nömrəli fanatı kimi göstərən Paşinyan Qarabağ ermənilərini təhqir edib, onlara qarşı aqressiv münasibət sərgiləyib. Sonradan isə fikrini dəyişən keçmiş redaktor “Böyük çaşqınlıq” adı altında silsilə məqalələr yazmağa, guya Ter-Petrosyan dəstəsini tərk etdiyini bildirməyə başlayıb. O, bununla da kifayətlənməyib və Qarabağ probleminin həlli məsələsində erməni siyasi elitasında ortaya atılan birtərəfli ərazi güzəştlərinə qarşı çıxışlar etməyə start verib. Əslində isə Nikolun planı sadə idi, gələcəkdə hakimiyyətə gəlmək üçün zəmin yaratmaq, hamını aldatmaq və yalan danışmaq. 

Kiçiklik sindromu

Paşinyan hakimiyyətə gəldiyi ilk gündən kiçiklik sindromundan əziyyət çəkdiyini tez-tez büruzə verməyə başlayıb. Məsələn, hakimiyyətinin ilk ilində gömrük əməkdaşını ictimaiyyət qarşısında alçaldıb. Onu bayrağa hörmətsizlikdə ittiham edərək, vəzifəsindən uzaqlaşdırıb və sürücüsünün əmisi oğlunu “Noraqavit” gömrük məntəqəsində yüksək vəzifəyə təyin edib. Başqalarını alçaltmaq bahasına özünü təsdiq etməyin ilk addımı da elə bu dövrdən başlayıb. Sonralar bu iş tərzi xalqı alçaltmaq hesabına məqsədyönlü şəkildə “inkişaf” edib. Regionlara səfərlər zamanı əvvəlcədən hazırlanmış və qonorar qarşılığında aktyorluq edən şəxslər ona yaxınlaşır, yaltaqlanır. Məsələn, səfərlərdən birində yaşlı bir qadın əyilərək onun ayağını öpüb. Digər yaşlı bir qoca isə ona uzun ömür arzulayıb, qucaqlayıb öpmək üçün mühafizəçiləri itələyib.

Komanda yoldaşlarına qarşı hörmətsizlik

Əslində, qeyd etmək yerinə düşər ki, hazırda Paşinyanın heç bir yaxın dostu yoxdur. O, bütün partiyadaşlarına, nazirlərə, icra başçılarına rəiyyəti kimi yanaşır. Vəzifəsindən və yaşından asılı olmayaraq, məmurlar onu görəndə ayağa qalxmalıdırlar. Bütün bunlar Paşinyanın istəkləridir və xüsusi adamları tərəfindən insanlara təlqin edilir.

Baş nazir özünütəsdiq üçün həm də opponentlərini təhqir etməyə, aşağılamağa çalışır. Tabeliyində olan hüquq-mühafizə orqanlarına tapşırır ki, bu şəxslərə qarşı cinayət işləri hazırlansın, ittihamlar irəli sürülsün.

Yuxarıda sadalananlardan məlum olur ki, bu gün Ermənistan hökumətinə rəhbərlik edən şəxs natamamlıq kompleksindən ciddi əziyyət çəkir. Digər insanları alçaldaraq özünü təsdiq etməyə çalışmaq, heç bir dostu olmayan şəxs olmaq baş nazirin psixoloji portretidir. Paşinyan təlxəkləri vasitəsilə çatdırır ki, bütün günahlar tabeliyində olan şəxslərdədir. O özü isə güclü rəhbərdir və dövlət qurumlarının rəhbərlərini cəzalandırmağa hazırdır.




Ana səhifəyə qayıt        Baxış: 4 336          Tarix: 13-01-2024, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma