Xəbər verdiyimiz kimi, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün istefa verib.
Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, artıq yeni namizədlər barədə ehtimallar səslənməyə başlayıb. Gürcüstan parlamentinin vitse-spikeri, hakim partiyanın Siyasi Şurasının üzvü Arçil Talakvadze “İmedi” televiziya kanalının efirində bu barədə danışıb. O qeyd edib ki, Gürcüstanın yeni baş naziri vəzifəsinə “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri, parlament çoxluğunun lideri İrakli Kobaxidzenin namizədliyinə baxılır. Talakvazde bildirib ki, İrakli Qaribaşvili hakim "Gürcü Arzusu" partiyasının sədri kimi fəaliyyətini davam etdirəcək.
Vitse-spiker görülən işlərə və ölkənin əldə etdiyi tərəqqiyə görə sabiq hökumət başçısına təşəkkür edib. O əlavə edib:
"Baş nazirin ardınca bütün Gürcüstan hökuməti istefa verməlidir".
Qaribaşvili iki dəfə baş nazir olub: 2021-ci ildən 2024-cü ilə qədər və 2013-cü ildən 2015-ci ilə qədər. O, 2012-ci ildən ölkəyə rəhbərlik edən “Gürcü Arzusu” partiyasının yaradılması zamanı milyarder Bidzina İvanişvilinin sağ əli olub.
Əvvəlcə Qaribaşvili Daxili İşlər Nazirliyinə rəhbərlik edib, sonra 2013-cü ildə İvanişvilinin özünü baş nazir kimi əvəzləyib və 2015-ci ilin sonuna qədər bu vəzifədə qalıb. Qaribaşvili o zaman Gürcüstan tarixində ən gənc baş nazir oldu (31 yaş). Hazırda onun 41 yaşı var.
Kobaxidzeyə gəlincə, onun 46 yaşı var. 2021-ci ilin yanvarından “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədridir. Bundan əvvəl o, hakim komandanın məsul katibi olub.
2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri olub və Tbilisidə Pravoslav Parlamentlərarası Assambleyasının iclası ilə bağlı qalmaqaldan sonra bu vəzifəni tərk edib. 2020-ci ildə hakim partiyanın seçki qərargahının rəhbəri olub və onu qələbəyə aparıb.
Kobaxidze ixtisasca hüquqşünasdır. “Gürcü Arzusu”na qoşulmazdan əvvəl o, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən yerli özünüidarəetmə islahatları üzrə layihə meneceri vəzifəsində çalışıb.
O, Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsini icra edib, "Açıq Cəmiyyət-Gürcüstan" Fondunun İnsan Hüquqları və Qanunun Aliliyi Proqramının Ekspert Komitəsinin üzvü, Avropa Şurasının Gürcüstandakı ofisində strateji planlaşdırma üzrə ekspert olub.
Nigar HƏSƏNLİ,
Musavat.com
Paylaş: