Xəbər lenti

Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanın qəfildən, “xarici siyasət məsələlərində fikir ayrılığı” səbəbindən istefa verməsinə erməni politoloqlar da skeptik yanaşırlar.

Axar.az xəbər verir ki, əksər politoloqlar bu istefanın ərizədə göstərilən kimi olmasını mümkünsüz sayır. Çünki Marukyan heç vaxt müstəqil fikir sahibi olmayıb və yalnız tapşırıqları icra edib. Onun gözlənilmədən istefası da Ermənistan-Azərbaycan münasibətlərində “barışmaz mövqeyi ilə” bağlı deyil.

Baxmayaraq ki, Edmon Marukyan Azərbaycana qarşı “daha sərt” siyasətin tərəfdarı kimi görünürdü, ancaq o, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu haqda Ermənistan Baş naziri Nikol Paşinyanın mövqeyini əvvəldən bölüşüb, həm də 2022-ci ildə təyinat alandan sonra bu prosesdə aktiv rol oynayıb.

Politoloqların fikrincə, əks təqdirdə Marukyan keçmiş separatçılara aid heç bir qurumun Ermənistanda fəaliyyət göstərməsinin mümkünsüzlüyü haqda qəti mövqe nümayiş etdirməzdi.

Bəs, Marukyanın istefasının səbəbi nədir?

Erməni siyasi şərhçi Avetis Babacanyan düşünür ki, Nikol Paşinyan ona istefa ərizəsi yazmağı təklif etməklə, əslində Marukyanı “xarici siyasət üzrə xüsusi tapşırıqlar üzrə səfir” vəzifəsindən alaraq, daxili siyasət üzrə “xüsusi tapşırıqlar yerinə yetirən şəxs” təyin edib. Belə ki, Marukyan qısa müddətdə Paşinyanın əsas tənqidçisi olacaq, Rusiya ilə münasibətlərin inkişafının tərəfdarı kimi çıxış edəcək, nəhayət, seçkilərə partiyasını gücləndirərək aparacaq və rusiyayönlülərin səsini parçalamağa nail olacaq.

Marukyan həm də Rusiya ilə əlaqələr quraraq, Paşinyana məxfi xəbərlər və Rusiyanın gizli oyunları haqda məlumat daşımaqla məşğul olacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 854          Tarix: 3-03-2024, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma