Martın 8-də İstanbulda "taxıl sazişi" və ikitərəfli münasibətləri müzakirə etməyi planlaşdıran Ukrayna və Türkiyə liderlərinin görüşü keçirilib.
Ovqat.com-un məlumatına görə, liderlərin müzakirə mövzularından biri də sülh variantları ilə bağlı olub.
Ərdoğan Zelenskiyə Rusiyanın da iştirakı ilə Ukraynadakı müharibənin sona çatmasını ön görən qlobal sülh sammiti təklif edib.
Zelenski isə Ərdoğanın bu təklifini müsbət qiymətləndirib, amma bir şərtlə; sammit hələlik rusların iştirakı olmadan keçirilsin.
Görüşdən sonra keçirilən mətbuat konfransında Zelenski bildirib ki, Türkiyəli həmkarı ilə danışıqlar zamanı Ukraynanın sülh formulu haqqında xeyli fikir mübadiləsi aparıblar. Ukrayna Prezidenti liderlər səviyyəsində qlobal sülh sammitinin hazırlanmasının mümkünlüyü barədə məlumat verib. Məlum olub ki, liderlər arasında bu mövzuda fikir ayrılıqları var – Ərdoğan sammitdə Rusiyanı da görmək istəyir, Zelenski isə yox.
"Türkiyənin rolu xüsusilə ona görə təqdirə layiqdir ki, sülh formulunun tam reallaşması üçün iradə nümayiş etdirir. Formata gəldikdə, biz bu sammitdə Rusiya nümayəndələrini görmürük", - deyə prezident vurğulayıb.
Zelenskinin fikrincə, sülh sammitində “hər şeyi bloklayan, məhv edən və öldürən" insanlar ola bilməz. Beləliklə, o, Ukraynada geniş miqyaslı işğalçı müharibəyə başlayan Putinə eyham vurub. Lakin o, demokratik dövlətlərlə sülh planı hazırladıqdan sonra Rusiya tərəfinin də müzakirələrə qoşulmasını istisna etməyib.
"Nəticə əldə etmək istəyiriksə, bu, Ukrayna üçün ədalətli sülhdür. Buna görə əvvəlcə sivil ölkələr bir plan hazırlayaq və yalnız bundan sonra ədalətli sülh istəyən Rusiya nümayəndələri də sammitə qoşulsunlar", - Zelenski deyib.
Paylaş: