İran hakimiyyəti həyata keçirdiyi siyasətlə yeni qalmaqalın və şübhələrin əsasını qoyub. Ölkənin müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani Böyük Britaniyanın lazer silahının istehsalına başlaması barədə danışarkən deyib: “Ola bilsin biz bu sahədə bir çox ölkəni qabaqlayırıq. Bütün bunlar hadisələrin gələcək inkişafı zamanı aşkarlanacaq”.
Qeyd edək ki, bu ilin yanvarında London ilk dəfə raketləri əvəzləyə biləcək lazer silahını uğurla sınaqdan çıxardığını açıqlamışdı. Mütəxəssislərin fikrincə, bu silah dronları vuran raketlərə alternativ olaraq istifadə ediləcək. Britaniyanın Müdafiə Nazirliyi “DragonFire” adlı silahın dəqiqliyinin belə xarakterizə edib: “Silah bir kilometr məsafədən bir funt-sterlinq sikkəni vura bilir”.
Ölkənin müdafiə naziri Qrant Şapps isə bildirib ki, texnologiya bahalı sursatlardan asılılığı, eləcə də itki riskini azaldacaq. Ekspertlər bu silahın dronların vurulmasında istifadə olunan raketlərdən ucuz başa gəldiyini iddia edirlər.
Rusiya Ukraynada apardığı müharibədə İran istehsalı olan “Shahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir. Odur ki, Tehran Britaniyanın lazer silahını sınaqdan çıxarmasından və kütləvi istehsala başlamasından narahatdır.
Britaniyanın müdafiə naziri Qrant Şapps Kiyevə səfəri zamanı ölkəsinin Ukraynaya 10 mindən artıq dron göndərəcəyini bildirib. Ondan əvvəl isə NATO-nun Baş katibi Yens Stoltenberq bu il Ukrayana bir milyon PUA tədarük edəcəklərini demişdi.
Ona görə də Ukrayna müharibəsində Britaniyanın yeni lazer silahından istifadə olunması ehtimalı artır. Bu xüsusilə də Moskva və Kiyev arasında döyüşlərin şiddətlənməsi və münaqişənin daha kəskin xarakter alması fonunda baş verir.
M.R.Aştianinin Tehranın lazer silahı planı ilə bağlı açıqlaması beynəlxalq ictimaiyyətin İran hakimiyyətinə etimadına daha bir zərbə ola bilər. Çünki İslam Respublikası hələ də dünyanı nüvə proqramının dinc məqsədli olduğuna inandıra bilməyib. Bu səbəbdən ölkəyə qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalır. ABŞ Prezidenti Cozef Bayden bir neçə gün əvvəl İrana qarşı tətbiq etdikləri qadağaların daha bir il uzadılması ilə bağlı sənəd imzalayıb.
Bu isə İslam Respublikasının mülki aviasiyasına da təsirsiz ötüşmür. 30 ilə yaxındır xarici ölkələr İrana sərnişin təyyarələri və ehtiyat hissələri satmırlar, Tehran bununla bağlı ciddi problemlərlə üzləşib. M.R.Aştiani iddia edib ki, ölkəsinin sərnişin təyyarələri istehsal etməsi məsələsi gündəlikdədir. 2021-ci ildə Ermənistan İrana naməlum şəraitdə “Boeing-737” təyyarəsi verib. İrəvan həmin hava laynerinin geri alacağını bildirsə də iki ölkə rəsmiləri indiyədək məsələyə aydınlıq gətirməyiblər. Daha doğrusu hadisənin unutdurublar. Düzdür, onda təyyarənin İrəvana qaytarıldığına dair xəbərlər yayılsa da sonradan onu Tehranın mənimsədiyi barədə məlumatlar yayılmışdı.
Britaniyanın yeni lazer silahı Tehranın PUA satışı bazarına da zərbə vura bilər. M.R.Aştiani bildirib ki, ölkəsinin müdafiə sənayesi məhsullarının ixracı son iki ildə 4-5 dəfə artıb. Belə ehtimal etmək olar ki, burada PUA satışının payı daha çoxdur. Odur ki, İran üçün lazer silahı hazırlamaq yenidən gündəmə gəlib.
Bir məsələni yada salmaq istərdik. 2008-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Fizika problemləri Elmi-Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev İranda həbs edilmişdi. O, İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə ali məktəb rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedərək 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində R.Əliyevin rəhbərliyi altında şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması həyata keçirilib. Şirkətin rəhbərliyi ona İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də alim bunu qəbul etməmişdi.
Xatırladaq ki, İran tərəfi R.Əliyevi lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana ötürməkdə ittiham edirdi. İran məhkəməsinin qərarı ilə o, 3 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Azərbaycanlı alim 2010-cu ilin avqustunda azad edilərək, Azərbaycana təhvil verildi.
Bu hadisə İranın lazer sahəsində də qanundankənar fəaliyyət göstərəcəyini ehtimal etməyə əsas verir. Nüvə sahəsindəki işlərin bu istiqamətə də tətbiq olunacağı istisna edilmir.
Rusiya da lazer texnologiyasına malikdir. Hələ 1950-ci illərin ortalarında keçmiş SSRİ-də yüksək gücə malik lazer silahlarının sınağı keçirilib. Sovetlər birliyi bu istiqamətdə müxtəlif proqramlar reallaşdırıb. Sovetlərdən sonra Rusiya da lazer silahının təkmilləşdirilməsi sahəsində fəaliyyətini dayandırmayıb. Prezident Vladimir Putin 2018-ci il martın 1-də Federal Şuraya müraciətində “Peresvet” adlı lazer kompleksi hazırladıqlarının anonsunu vermişdi. Bununla da lazer silahı yarışında mübarizə apardıqlarını təsdiqləmişdi.
İsrail Müdafiə Qüvvələri 2022-ci il aprelin 14-də yerüstü dağıdıcı lazer silahını sınaqdan keçirib. Sistem “İşıq Qalxanı” adlanırdı. Sınaq zamanı yüksək güclü lazer sistemi (HPLS) çətin relyeflərdə və uzaq məsafələrdə yerləşən hədəfləri, raket sistemlərini, PUA-ları sıradan çıxarıb. Onda İsrailin müdafiə naziri əlavə silah kimi onun “Dəmir Günbəz” raketdən müdafiə sisteminə inteqrasiya olunacağını da açıqlamışdı. ABŞ və Çin də bu istiqamətdə qabaqcıl texnologiyalara malikdir. Məlumata görə, Vaşinqton Qırımızı dənizdəki gəmilərinə husilərə qarşı tətbiq etmək üçün lazer silahı yerləşdirib. Ancaq hələ də onlardan deyil, raketlərdən istifadə edildiyi bildirilir.
İlk baxışda elə görünür ki, lazer silahının tətbiqi sahəsində müəyyən xaos mövcuddur. Böyük Britaniya Folklend adalarında müharibə zamanı Argentina aviasiyasına qarşı lazer sistemlərindən istifadə etmişdi.
1995-ci il oktyabrın 13-də BMT-nin Vyanada keçirilən konfransında “Görmə qabiliyyətindən məhrum edən lazer silahlarının qadağan edilməsi haqqında” IV Protokol qəbul edilib. Sənəd 1998-ci il iyulun 30-da qüvvəyə minib, 39 dövlət onu imzalayıb.
Belə bir sənədin olmasına baxmayaraq, dünyada silahlanma sahəsində yeni yarış başlayır. Bəzi ölkələrin bu yarışda qalib olmaq, lazer silahı əldə etmək imkanı var.
Beləliklə, silahlı münaqişələrdə yeni, lazer sistemin tətbiqi gözlənilir. İran hakimiyyəti nüvə proqramı kimi də bu sahədə Çin və Rusiyanın hesabına imkanlarını gücləndirmək ehtimalı var. İndiki hadisələr fonunda bu ona yeni məhdudiyyətlərin tətbiqinə əsas verə bilər. Tehran nüvə texnologiyasının ardınca lazer sistemi yarışına qoşulub...
Report.az
Paylaş: