Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət üçün mətn hazırlasa da, son anda fikrini dəyişərək tamam başqa bir mesaj oxuyub.
Bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən xəbər verib.
Nəşr qeyd edib ki, mayın 24-də axşam saatlarında Paşinyan xalqa müraciət ünvanlayıb, sərhədlərin delimitasiyası prosesindən, real və "tarixi" Ermənistandan danışıb, bir sözlə, əslində hazırlaşdığı mühüm şey istisna olmaqla, hər şey haqqında danışıb.
Qəzetə daxil olan məlumata görə hökumət başçısı sərhədlərin delimitasiyasına mane olan qüvvələrə müqavimətlə bağlı sərt bəyanatla çıxış etmək, həmçinin fövqəladə vəziyyətin tətbiqi barədə danışmaq niyyətində olub.
Bildirilib ki, Paşinyanın təqdim etdiyi tezisləri nəzərə alsaq, onun xarici aləmə açıq siqnal verdiyini söyləmək olar - bazar günü mitinq üçün nə qədər insan toplaşsa da, hakimiyyət nəyin bahasına olursa olsun, davam edən sərhədin delimitasiyası prosesini başa çatdıracaq.
"Paşinyanın mesajı bu idi: Yol nə qədər çətin və tikanlı olsa da, delimitasiya aparılacaq", - deyə qəzetdə vurğulanıb.
Qəzetin mənbələrinə görə, baş nazir əvvəlcə mesajının böyük hissəsini revanşist arxiyepiskop Baqrat Qalstanyana və onun rəhbərlik etdiyi hərəkata həsr etmək niyyətində olsa da, son anda fikrini dəyişərək müraciətin mətnindən bu hissəni çıxarıb.
Hökumət mənbələri qəzetə bildiriblər ki, Paşinyan bu məsələ ilə bağlı təhlükəsizlik orqanlarının rəhbərləri ilə məsləhətləşib, lakin onlar onu fövqəladə vəziyyətin tətbiqi ideyasından əl çəkməyə çağırıblar.
Paylaş: