Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 26-da bu ölkədə işgüzar səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ovqat.com Özbəkistan Prezident Aparatına istinadən xəbər verir ki, görüşün əvvəlində Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Özbəkistanın liderinə Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını və xoş arzularını çatdırıb.
Görüşdə bu ilin iyun ayının 5-6-da Mirziyoyevin Ankaraya yüksək səviyyəli səfəri çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinin yolları müzakirə edilib.
Hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən idarələrarası sıx qarşılıqlı fəaliyyət, birgə tədbirlərin təşkili, hərbi mütəxəssislərin hazırlanması və s. kimi məsələlərin masaya yatırıldığı görüşdə həmçinin təhlükəsizlik, terrorizm, ekstremizm və radikalizmlə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi və əlaqələndirilməsinin vacibliyindən bəhs olunub.
Həmçinin regionda sülhün və sabitliyin təmin edilməsi, o cümlədən Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Paylaş: