Xəbər lenti
Dünən, 19:25
Ermənistanda övladları Qarabağa itkin düşmüş valideynlərin etiraz aksiyaları səngimir. “AzPolitika.info” xəbər verir ki, bu gün erməni mətbuatında Ermənistanın Müdafiə Nazirliyinin qarşısında keçirilən aksiya ilə bağlı məlumat yayılıb.

Məlumatda deyilir ki, Qarabağdakı döyüşlərdə itkin düşmüş ermənilərin valideynləri və yaxın qohumları nazirliyin qarşısına yığışaraq, general-leytenant Andranik Makaryanın çıxıb onlara izahat verməsini tələb ediblər.

Onların fikrincə, Zəngilan istiqamətində gedən döyüşlər zamanı 50-dən çox erməni silahlısının Azərbaycan Ordusunun bölmələri tərəfindən mühasirəyə alınaraq məhv edilməsinə görə məsuliyyət məhz Makaryanın boynundadır: “Komandir Arsen Abqaryan ona məlumat verib ki, nə bronijilet, nə də kaska var. O isə cavab verib ki, siz gedin, mən ardınızca göndərəcəm. Uşaqları aparırlar və blokadada qoyurlar. O(A.Makaryan-red.) isə gəlir və görür ki, bizim 50 əsgərimiz onların 500 əsgərilə döyüşür. Və bizim general-leytenant oradan qaçır...”

Həmişəki kimi baş verənləri öz xeyirlərinə şişirtməyə öyrəşən ermənilər guya 50 erməniyə qarşı bizim 500 əsgərimizin savaşdığını iddia ediblər, hansı ki, bu nisbətdə say üstünlüyü barədə deyilənlər, yumşaq desək, ağ yalandır. Hər necə olsa, itkin düşən ermənilərin yaxınları general-leytenantın onların qarşısına çıxaraq, həmin silahlıların sonrakı taleyi barədə məlumat verməsini tələb ediblər.
Valideynlərdən birinin dediyinə görə, daha əvvəl general Makaryandan baş verənlərlə bağlı izahat tələb edəndə, həmin “sərkərdə” valideynləri az qala ələ salaraq, deyib ki, “mən qayıtmasaydım, bunları sizə kim danışacaqdı?”.

Övladları itkin düşən valideynlər bildiriblər ki, baş qərargah rəisi Onik Qasparyan onların aksiya keçirdiklərini bildiyi üçün nazirliyin binasına gəlməyib. Və indi rəhbərlikdən heç kim onlara izahat vermir ki, övladları haradadır - həlakmı olublar, yoxsa əsirlikdədirlərmi.

Cəlal



Ana səhifəyə qayıt        Baxış: 3 000          Tarix: 15-12-2020, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma