Avrasiya İqtisadi Birliyi faktiki olaraq işləmir və ittifaqdaxili münasibətlərin getdikcə sarsılması birliyin gələcəyini sual altında qoyur.
Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Avrasiya İqtisadi Birliyinin sağlam əsaslar üzərində qurulmadığını düşünür:
“AİB-i köklü maraqlar birləşdirmir və bu səbəbdən də daha çox suni birliyə bənzəyir. Putin ittifaqı sadəcə görüntü, Avropa Birliyinə, digər ölkələrə gözdağı vermək məqsədilə yaradılıb. Üstəlik, tez-tez SSRİ-nin bərpa ediləcəyi ilə bağlı səslənən fikirlər ittifaq daxilində birliklə bağlı böyük çaşqınlıq yaradır. Rusiyanın ambisiyalı fövqəl-dövlət olmaq niyyətləri fonunda ittifaqa daxil olan ölkələr daha çox öz maraqları və suverenliklərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərirlər. Çünki bu birliyin onlara iqtisadi və siyasi divindent gətirməyəcəyini bilirlər. Bu nöqteyi-nəzərdən Qazaxıstanla Qırğızıstan arasındakı münasibətlər heç ürəkaçan deyil. Qırğızıstanın Rusiyadan umduqları var. Qırğızıstan Rusiyanın təkidi ilə ABŞ-ın Manasda Əfqanıstan üçün nəzərdə tutulan hərbi bazasını ölkədən çıxardıqdan sonra vəziyyət daha da gərginləşib. Əvəzində Rusiyanın hərbi bazası yaradılsa da, Moskvanın bunun müqabilində Qırğızıstana verdiyi icarə haqqı Bişkekin qəzəbinə səbəb olub. Bu fonda Qırğızıstanın peşmançılıq çəkmədiyini söyləmək yanlış olardı. Bəli, ölkələr arasında münasibətlər səmimi və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulmayıb. Bu səbəbdən də ittifaqdaxili ixtilaflar dərinləşir”.
Politoloq bu fonda Qazaxıstan-Rusiya münasibətlərinə də nəzər salaraq, iki ölkə arasında əlaqələrin möhkəm olmadığını bildirib:
“Rusiyada müəyyən millətçi dairələrin Qazaxıstana qarşı ərazi iddiaları durumu daha da çıxılmaz edir. Hətta Qazaxıstanın paytaxt dəyişdirməsinin səbəbləri içərisində bu məsələ də yer alır. Qazaxıstanın şimalının Rusiyanın Orenburq vilayətinin bir hissəsi olması haqqında sərsəm fikirlər bu gün də təkrarlanır. Göründüyü kimi, AİB-də fikir ayrılığı kifayət qədərdir. Bu isə ittifaqın dayaqlarının sarsılmasından xəbər verir. Bu ziddiyyətli proseslər fonunda Rusiyanın Azərbaycanı tez-tez ittifaqa cəlb etmək niyyətləri çox təəccüblüdür. Ancaq Azərbaycanın dağılmaqda olan bir ittifaqda yer almayacağı dəqiqdir”.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi son vaxtlar çətin günlərini yaşayır. Birliyə Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və işğalçı Ermənistan daxildir.
Paylaş: