Xəbər lenti

Azərbaycanın Belçikadakı səfirliyi Avropa məsələlərini işıqlandıran "EurActiv" xəbər portalında “CEE Bankwatch” adlı QHT-nin (TAP kəməri əleyhinə fəaliyyət göstərən QHT konsorsiumunun üzvü) Cənub Qaz Dəhlizi ilə bağlı qərəzli məqaləsinə cavab verib.

"Report"un xəbərinə görə, səfirliyin cavab yazısı da "EurActiv" xəbər portalında dərc olunub. 

Diplomatik nümayəndəliyin yazısında bildirilib ki, layihənin ətraf mühitə təhlükə törətməsi və onun Avropa ictimaiyyəti üçün əlverişsizliyi ilə bağlı hər hansı sübutlar ortaya qoya bilməyən “CEE Bankwatch” QHT-nin müəllifi olduğu məqalənin yeganə məqsədi şayiələrlə əsassız ittihamları bir-birinə qarışdırmaqla Azərbaycanı gözdən salmaqdır: "Onu vurğulamaq lazımdır ki, ötən əsrin 90-cı illərindən başlayaraq yeni bağlantılar və boru kəmərlərinin inşa edilməsi istiqamətində göstərdiyi real səylər sayəsində Avropanın enerji təhlükəsizliyinin yaradılması və ona töhfə verilməsində Azərbaycanın strateji rolu Aİ tərəfindən geniş miqyasda tanınmış və təqdir edilmişdir. Avropa üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, mərhum Prezident Heydər Əliyevin əsasını qoyaraq inkişaf etdirdiyi alternativ mənbələrdən alternativ həcmlərin nəqli konsepsiyasının müjdəçisi oldu.

Hazırda Azərbaycan Avropa İttifaqının qaz tələbatının 5%-ni qarşılayır. Çoxmilyardlıq Cənub Qaz Dəhlizi sadəcə enerji təhlükəsizliyi layihəsi kimi görülməməlidir: bu həm də Mərkəzi Asiyada Avropa İttifaqı bazarına çıxış imkanları axtaran digər tərəfdaşlar üçün etibarlı bağlantı təşəbbüsüdür.

Onun həyata keçirilməsinə cəlb olunmuş xüsusən 2 Aİ üzvü, 2 namizəd ölkə, 1 assosiativ tərəfdaş və Azərbaycan arasında dinamik qarşılıqlı əlaqələr yaradan Cənub Qaz Dəhlizi Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlığın canlı nümunəsidir.

Cənub Qaz Dəhlizi Avropa İttifaqı və digər ölkələrdə minlərlə iş yerlərinin açılmasına vəsilə olmaqla, dövlətçiliyin, iqtisadi və sosial dayanıqlılığın gücləndirilməsi ilə bağlı Şərq Tərəfdaşlığının məqsədlərinin həyata keçirilməsinə daha çox nəticələr qazandırır. Cənub Qaz Dəhlizinin başlıca komponenti olan Trans Adriatik boru kəməri (TAP) Yunanıstanda həyata keçirilən birbaşa xarici investisiya layihələrinin ən böyüyüdür. Yunanıstan üçün bu 1.5 milyard avrodan çox sərmayə və 8.000 iş yeri deməkdir.

TAP boru kəməri ev sahibi ölkələrinin hökumətləri tərəfindən təsdiqlənmiş Ətraf mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi strategiyalarında öz əksini tapmış layihə standartlarının yerinə yetirilməsinin dəstəklənməsi məqsədilə ətraf mühit, mədəni və ictimai irsin idarəolunması mexanizmlərini yaratmışdır.

Təbii mühitin qorunub saxlanılmasına nail olmaq məqsədilə tikinti öncəsi TAP və onun podratçıları özündə ətraf mühit, sosial və mədəni irs amillərini ehtiva edən geniş və çoxistiqamətli araşdırmaları yekunlaşdırmışdır. Bundan əlavə, boru kəmərinin İtaliya ərazisindən keçən hissəsində hər bir zeytun ağacı diqqətlə müayinə olunmuş, kəmər salma işləri başa çatdıqdan sonra yenidən geri əkilməsi məqsədilə ehtiyatla müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilmişdir. TAP həmçinin, Balkan və şimal-şərqi Avropa ölkələrindən olan istehlakçılara daha yaxşı enerji tədarükünü təmin etməyə o cümlədən, kömürlə işləyən köhnəlmiş elektrik stansiyalarının əvəzlənməsi yolu ilə atmosferə buraxılan karbon dioksid tullantılarının miqdarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmağa yardım edəcəkdir.

Avropa İttifaqı, eləcə də layihənin iştirakçıları Cənub Qaz Dəhlizi layihəsinin faydalarına tam şahidlik edirlər və buna görə də, onlar layihənin tam fəaliyyətini təmin edəcək əlverişli şərait yaratmağa sadiqdirlər. Avropa Yenidənqurma və İnkişaf Bankının layihəyə kredit ayırması ilə bağlı qərarı Avropa İttifaqının layihəyə praqmatik yanaşmasının reallaşdırılması istiqamətində atılan düzgün addımdır".




Ana səhifəyə qayıt        Baxış: 628          Tarix: 30-11-2017, 14:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma