Xəbər lenti

 “Vladimir Putinin prezident kürsüsünü əldə saxlayacağı indidən bəlli olsa da seçkilər heç də rəvan keçməyəcək”.

Bu barədə “Yeni Müsavat”a şərhində politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, əvvəla, seçkilərdə kvorum məsələsi ciddi problemə çevrilə bilər. Seçki komissiyaları seçkini saxtalaşdırıb hər hansı bir rəqəmi elan etsə də, seçkinin boykot edilməsi taktikası təkcə Aleksey Navalnı yox, müxalifətin əksəriyyət hissəsi tərəfindən də müdafiə olunacaq: “Amma sözsüz ki, Putin nəyin bahasına olur-olsun prezidentliyini qoruyub saxlayacaq. Mənim zənnimcə, Qərb onun hakimiyyətini legitim hakimiyyət kimi tanımayacaq və seçkinin nəticəsini etibarsız elan edəcək. Düzdür bu, yenə də Putini dayandırmayacaq. Amma məncə, belə gərgin seçkilərdən çıxmış Putin siyasi xəttini əvvəlki kimi əzmkarlıqla və cəsarətlə davam etdirmək imkanlarına malik olmayacaq.

Q.Hüseynlinin sözlərinə görə, Qərb ölkələri hər vasitə ilə seçkinin tanınmadığını, Putinin qeyri-qanuni seçkilər yolu ilə hakimiyyətdə qaldığını, hakimiyyətin qeyri-legitim olduğunu bəyan edə-edə paralel olaraq Rusiyanın həm daxili, həm xarici mövqelərini nəzarət altına götürərək, bu istiqamətdə ciddi iş aparacaq. Qərbin tətbiq etdiyi sanksiyalar siyasətinin davam etdirilməsi gözlənilir. Hətta seçkilərə qədər yeni bir sanksiya formasının tətbiq edilməsi barədə də fikirlər gəzir.

Politoloqun sözlərinə görə, fevralın 2-dən qüvvəyə minən sanksiyalar artıq cəmiyyətdə ciddi tərəddüdlər yaratmağa başlayıb. Bu tərəddüdlər arasında dedi-qodunun çoxalması ilə, əhali arasında isə vəziyyətin gələcəkdə daha pis olacağı söz-söhbətləri ilə genişlənməkdədir: “Qərb belə hesab edir ki, Putinin tərəfdarlarını – istər hakimiyyətdəki tərəfdarları olsun, istərsə də onun hesabına milyardlar qazanıb oliqarxlara çevrilmiş insanların müəyyən qismini Putinin ətrafından uzaqlaşdırıb komandanın birliyini poza və cəmiyyətdə bölünmənin başlanğıcını qoya biləcək. Qərb həmçinin müxalifətlə, eləcə də milli azlıqlarla da işləmək taktikasına ciddi əhəmiyyət verəcək. Seçkidən sonra Aleksey Navalnı və digər müxalif qüvvələr də sakit dayanmayacaq. Etirazlar dalğası başlayacaq. Beləliklə, proses çox ciddi məcraya yönələ bilər. Dediyim odur ki, belə bir durumda Putinin enerjisinin böyük hissəsi daxili sabitliyə nail olmağa, etiraz edən milli azlıqların və seçkinin nəticələrindən narazıların etirazlarını dəf etmək işinə gedəcək”.

Politoloq vurğulayıb ki, indiyə qədər Putin Avrasiya İttifaqı kimi qurumları yaradıb genişləndirməyə ciddi enerji xərcləyirdi. Eyni zamanda müxtəlif bölgələrə hərbi müdaxilə edirdi. Seçkidən sonra bunlar əvvəlki səviyyədə olmayacaq: “Putinin başı daha çox Rusiyanın öz daxilinə və Qərbdən gələn hücumlardan qorunmağa qarışacaq. Seçkidən sonra Rusiya üçün çox ağır bir dövrün başlayacağını proqnozlaşdırmaq mümkündür. Belə şəraitdə əhalinin maddi rifah halı da aşağı düşəcək, nəticədə etiraz aksiyalarına meyllilik güclənəcək.

Bütün bunlar və digər faktorlar Putin hakimiyyətini zəiflədəcək. Belə şəraitdə mən inanmıram ki, Rusiya ciddi hədəflər uğrunda mübarizə apara bilsin. Belə şəraitdə Putinin hədəfinin yeni-yeni ölkələri öz təsiri altına almaq, Avrasiya İttifaqına cəlb etməklə köhnə SSRİ məkanının bərpa edilməsi olacağı inandırıcı görünmür. Bunlar Rusiyanın gündəliyində olsa da onu həyata keçirmək demək olar ki, mümkün olmayacaq. Hakimiyyətin başı daha çox daxili hədəflərə qarışacaq".




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 5-02-2018, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma