Katrin Hill
“Financial Times”
Şanslı olarsa, Boris Titov gələn ay Rusiyadakı prezident seçkilərində səslərin 0,5%-ini alacaq. Ancaq 57 yaşlı siyasətçi və iş adamı namizədliyində qərarlıdır – o, Vladimir Putinlə yarışan azsaylı şəxslərdən, qələbəyə və ölkəni dəyişəcəyinə əmin olanlardan biridir.
“Abrau-Durso” şampan şərabı istehsalçısı və sahibkarların hüquqları üzrə prezident ombudsmanı cənab Titov deyir: "Seçkidə iştirak etmədiyimiz təqdirdə, vətəndaşlar düşünərdi ki, yalnız Putinə dəstək var, başqa heç kimə yoxdur. Mənə istinadən bu gün ölkədə aparılan iqtisadi siyasətdən narazı sahibkarları görürsünüz".
Cənab Titov saxta ittihamlarla təqib edilən, Britaniyada sürgündə olan rusiyalı sahibkarların siyahısına bu yaxınlarda ictimaiyyətə təqdim edib. O deyir: "Kampaniya zamanı sahibkarların vəziyyətinə diqqət yetirmə onların problemlərini daha tez həll edəcək. Seçkinin bu tərəfi yaxşıdır: ölkəmizin iqtisadi siyasətindəki dəyişikliklərə dair fikirləri insanların dinləməsinə və dəstəkləməsinə kömək edə bilərik".
Bu namizədin 18 Mart seçkiləri üçün təəccüblü gözləntiləri, iqtidar və seçkilərə qatılmağa razılıq verən siyasətçilər arasındakı xüsusi simbiotik əlaqəni göstərir. Onlar cənab Putinin qalib gəlməsinə zəmanət verir, əvəzində, fikirlərini bölüşmək üçün platforma qazandırlar; onların iştirakı ilə sorğu anketlərinə etibar güclənir.
Mərkəzi Seçki Komissiyası Putinin ən ciddi rəqibi kimi ortaya çıxan vəkil və korrupsiyaya qarşı mübariz Aleksey Navalnıya sədd çəksə də, 2000-ci ildəki ilk prezident seçkidən sonra cənab Putinin rəqibi sayılacaq yeddi namizədi qeydiyyata alıb.
Moskva ətrafındakı keçmiş sovxozun zəngin sahibi, 57 yaşlı Pavel Qrudinin, Kommunist Partiyası adından sosial bərabərsizlik və korrupsiyanı tənqid edən populist platforma üzərində namizədliyini açıqlayıb. 71 yaşlı Vladimir Jirinovski – kommunistlərlə birgə Kremlin sadiq parlament müxalifətini təşkil edən ultramilliyyətçidir. Sankt-Peterburqun sabiq bələdiyyə başçısı və cənab Putinin müəllimi olan şəxsin qızı Kseniya Sobçak etirazçı seçicilərin səslərini qazanmağa çalışır. O, məşhur müxalifətçi jurnalistə çevrilib və 65 yaşlı veteran liberal Qriqori Yavlinski ilə yarışır. Siyahını “Rusiya kommunistləri”nin lideri 39 yaşlı Maksim Suraykin və 59 yaşlı Sergey Baburin tamamlayır.
Namizədlər öz maliyyəsinə el bağlasa da, tənqidçilər deyir ki, Kreml tərəfindən təsdiqlənmiş bəzi namizədlərə yardım əli uzadılıb. Onlar həm də rəsmi mediada efir vaxtı alırlar. Xanım Sobçak federal televiziyada normal olaraq səslənməyən mövzularda söhbət edib, məsələn, cənab Navalnı və Krımın ilhaqı haqqında.
Xanım Sobçak sorğulardan siyasi karyerası üçün tramplin kimi istifadə etmək istəyir. O, 2021-ci ildə növbəti Dumada yer qazanmağı və 2024-cü ildə (Konstitusiyanın cənab Putinin istefa verməsini tələb etdiyi zaman) prezidentliyə namizədlik üçün kifayət qədər güclü olmağı planlaşdırır.
Sobçak deyir: "Məqsədim, əlbəttə, prezident seçilmək deyil. Mən çox realistəm: kazinoda həmişə kazino qazanır. Rusiya seçkilərində isə hər zaman Putin qalib gəlir”.
Xanım Sobçak deyir ki, küçə etirazları ilə dəyişiklik tələb etməyə dəyməz. Problemi həll etmənin yeganə yolu siyasətə içəridən təsir etmək, öz hakimiyyətini yaratmaq, marjinallaşmamaqdır… Bu halda, müxalifətlə olduğu kimi, “bizi görməməzliyə vura bilməzlər".
Seçki proqnozuna görə, səslərin 1%-ini qazanacaq 65 yaşlı Yavlinski gələcəyə dair heç bir illüziyaya qapılmır. Sovet İttifaqının ölən günlərindən bəri mərkəz-sol liberal siyasət yürüdərək, Putinin Ukraynaya qarşı siyasətini tənqid etdiyindən bu, Yavlinskinin siyasi karyerasında son prezident kampaniyası ola bilər.
36 yaşlı xanım Sobçak, həmçinin, 2014-cü ildə Krımın ilhaqı ilə Moskvanın beynəlxalq hüququ pozduğunu etiraf etsə də, cənab Yavlinski yarımadanın gələcəyini beynəlxalq vasitəçilik çərçivəsində həll etmə səylərini dəstəkləyən yeganə namizəddir.
Cənab Titov Putinin iqtisadi siyasətini tənqid etsə də, hakimiyyət dəyişikliyinə çağırış etmir. O, dövlət məmurlarının və milyonlarla kasıbın üstünlük təşkil etdiyi Rusiya cəmiyyətinin demokratik dəyişikliyə hazır olmadığını iddia edir. "Bu, mərhələli yol olmalıdır. Ölkə iqtisadi inkişaf yoluna girməli, orta sinif güc yığmalıdır, bundan sonra davamlı demokratikləşmə istiqamətində hərəkət edə bilərik".
Kreml üçün Putinlə yarışan yeddi rəqibin varlığı çox vacibdir. Prezidentin kampaniyasını planlaşdıranlar seçicilərin ən azı 70%-inin iştirakına ümid edirlər. Bu, seçkilərə kifayət qədər demokratiya görünüşü meydana gətirəcək. Amma hətta hökumət rəsmiləri seçkilərə riyakarcasına yanaşır. "Əlbəttə, bizim seçkilər Sovet İttifaqında keçirilənə nisbətən daha demokratikdir. ADR-də (keçmiş Şərq Almaniyada) olduğu kimi, bir az", – deyə Prezident Administrasiyasının rəsmisi zarafat edir. – Şərqi Almaniyada da əslində, hakim Kommunist Partiyasının cibində olan siyasi partiyalar vardı. Əlbəttə, bu partiyalardan bəzisinin nəcib məqsədləri ola bilərdi…"
Tərcümə: Strateq.az
Paylaş: