Sərdar Turqut
“Habertürk”ün Vaşinqton təmsilçisi, 28 fevral 2018-ci il
…Dünən dediyim kimi, bu gün ABŞ-ın Suriyada İran təsirini məhdudlaşdırmaq üçün üzərində çalışdığı siyasi seçimlərdən bəhs edəcəyim yazıma son şəklini vermək məqsədilə mənbələrimi aradım.
Mən İrandan bəhs etməyə başlayarkən Pentaqondakı qaynaqlar, elə həmin o saatlarda onlara yeni çatan Afrindəki şiə milis qüvvələrinin hərəkətləri haqqındakı hesabatı oxumaqdaydılar.
Öncə mənə, Pentaqonun təzyiq etməsinə rəğmən, YPG-ni gələcəkdə Suriyadakı İrana bağlı olan milis qüvvələrilə döyüşdürmə variantının Vaşinqtonda realist hesab edilmədiyini söylədilər.
Eyni mənbələr Vaşinqton kəşfiyyat camiəsində aparılan qiymətləndirmələrə görə, ümumiyyətlə Suriyada İranın məqsədləri yönündə döyüşə biləcək şiə milis qüvvələrinin sayca 125 mini aşdığını bildirdilər.
Pentaqonun planının qəbul ediləcəyi halda YPG-nin bu qüvvələrə qarşı uğurlu ola bilməyəcəyi də bu qurumlarda müzakirə edilib.
Anlayacağınız odur ki, həm siyasi hadisələrin inkişafı, həm də bu dəyərləndirmə səbəbilə Pentaqonun strategiyası masa üzərində qalmağa məhkum kimi görünür.
Üzərində çalışılan planlara keçmədən öncə bunların qurumlarda bir seçim variantı olaraq təqdim edildiyini və hələ ki, Ağ evin bunlardan heç birini rəsmi siyasət halına gətirmədiyini də unutmayaq.
Vaşinqtondakı qurumlarda aparılan bu işə İsraildəki qurumların da aktiv qatıldığı anlaşılır. Çünki İran təsirini məhdudlaşdırma axtarışı təməldə İsrailin təhlükəsizliyi üçün edilməsi istənən bir şeydir.
Əsəd deyil, Suriya dövləti
Vaşinqtondakı qurumlarda hələ də üzərində düşünülməkdə olan seçimlər arasında aşağıdakı variantlar vardır.
1. Sərhəddə təhlükəsizlik bölgəsinin yaradılması. İsraillə birlikdə Suriya sərhəddindən 20-40 km içəri girilməklə, bir təhlükəsizlik bölgəsinin yaradılması üzərində düşünülür.
ABŞ rəsmiləri bunun detallı olaraq Rusiya ilə müzakirə edilməli olduğunu söylədilər.
2. Rusiya təsiri, onun İsrailə təminat verməsi. Putin ilə Netanyahu arasında son bir ayda olan bütün təmasların və rus kəşfiyyatının üst səviyyəli rəsmilərinin Təl-Əvivdə keçirdikləri görüşlərin nəticələrini dəyərləndirən Vaşinqton, Rusiyanın İsrailə İranla bağlı olaraq təminat verə biləcəyini də düşünür.
Ancaq bu məsələdə Rusiyaya nə qədər etibar edilə biləcəyinə, etibar edilsə belə, Moskvanın Tehran üzərində yönləndirmə təsirinin olub-olmadığına dair şübhələr var.
Doğrusunu desək, son olaraq ruslar “İranın Suriyada olma haqqını nə qədər müdafiə edirsək, eyni zamanda İsrailin də özünü müdafiə haqqını müdafiə edirik” açıqlamasını verdilər.
3. Suriya Dövləti variantı. Bu formulu düşünən qurumlar bunları anladarkən Əsəd rejimindən heç bəhs etmirlər, bunun yerinə Suriya Dövləti deyirlər. Rusiya ilə müzakirə edilən yeni Suriya konstitusiyası layihəsində də Suriya Ərəb Cümhuriyyəti Konstitusiyası yerinə Suriya Konstitusiyası ifadəsi yer alır.
Beləliklə, islah ediləcək Suriya Dövlətində kürdlərin və digər etnik qrupların da təsirli yerlərinin olacağı, demokratik seçki keçirildikdən sonra dövlət başçısının dəyişəcəyi və yeni Suriya Dövlətinin nə İrandan, nə də öz torpaqlarından İsrailə qarşı təcavüzkarlıq edilməsini istəməyəcəyi də düşünülür.
Amerikalılar bu prosesə Rusiyanın da tam dəstək verəcəyini, orta və ya uzun müddətdə bunun həyata keçirilə biləcəyini təxmin edirlər.
Tərcümə Strateq.az-ındır
Paylaş: