Xəbər lenti

Prezidentliyə namizəd, deputat Zahid Oruc bu günlərdə verdiyi açıqlamada bildirib ki, prezident seçkilərindən sonra Azərbaycanda ortaya “üçüncü müxalif qüvvə” çıxacaq.

Prezidentliyə namizədin bu fikirləri ilə nə demək istədiyi, yeni müxalifət kimi hansı siyasi qurumları nəzərdə tutduğu barədə ən müxtəlif versiyalar var. Seçkilərdə iştirakdan imtina edən siyasi partiyalar deputatın bu açıqlamasından nə dərəcədə narahat olduqlarını büruzə verir, “üçüncü qüvvə” kimi seçkilərdə iştirak edən müxalif namizədlərin ola biləcəyi barədə durmadan fikirlər səsləndirirlər.

Z.Oruc “Yeni Müsavat”a açıqlamasında bu fikirlərinə belə aydınlıq gətirib: “Öncəliklə onu qeyd edim ki, martın 15-də “Yeni Müsavat”ın virtual şəbəkə üzərindən canlı yayımının qonağı olacam. Bu məsələyə canlı yayımda daha geniş aydınlıq gətirmək imkanım olacaq. Bu və ya digər fikirlərimi süngü ilə qarşılayanlara, eyni zamanda, təqdir edənlərə anonsunu veririk ki, çox hörmətli Rauf bəylə maraqlı diskussiyamız olacaq. Seçki prosesi cəmiyyətdə mübahisələri həll etməlidir. Ümumən onun fəlsəfəsi budur. Sona qədər hamını razı salmaq mümkün deyil, bu bir reallıqdır. Nümunəni Türkiyədən gətirim. İqtidara gələndən sonra növbəti raundda yarışları qazanan prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə olan qüvvələr hətta az qala birə-bir səviyyədə yekuna çatmış olurlar. O, maksimum çalışır ki, qütbləşmə olmasın;  cəmiyyət ideyalardan o tərəfə çəkilib, barrikadalar qurub, bir-birinə atəş açmasın. Siyasi debatlar, diskussiyalar bu səviyyədə də qalmalıdır. İnsanların düşüncələri fərqli olmalıdır.

Biz görürük ki, Azərbaycan cəmiyyətində uzun illər ərzində “sistem müxalifəti” adlandıraraq, bir qisim qüvvəni hakimiyyətin iradəsinə bağlayırlar. İkinci qüvvə isə az qala əlində süngü ilə – Taliban təfəkküründən çıxış edərək, hakimiyyətin üzərinə yeriyir. Bu cür qüvvələrin mübarizəsi müxalifətçilik adı ala bilməz. Çünki burada söhbət fikir və ideya qarşıdurmasından getmir. Onlar bəzi hallarda hətta ölkə əleyhinə belə fəaliyyət göstərməyə hazır olurlar. Son dövrlərdə isə az qala silahlı mübarizə tövrünü ifadə etməyə çalışırlar. Bunu nəzərə alıb söyləmişəm ki, seçki əslində siyasi qüvvələrin dözümünü müəyyən edir, kimin yeri hardadır, cəmiyyət onları palitrada hansı sıraya düzür. Çox arzu edirdim ki, seçkidə iştirak etməyənlər terminini yaratmayaq, hamı qatılsın. Sadə dillə desək, hər kəs yerini bilsin və buna adekvat fəaliyyət aparsın.

Təəssüflər olsun ki, bu olmadı və bu seçkinin nəticələrindən çıxış edərək, biz bütün mübahisələri o cəhətdən həll edə bilməyəcəyik. Elə bir qüvvə siyasi meydana çıxa bilər ki, o, hər iki nöqtədə bərkiyən təşkilatlardan fərqli bir xəttə üstünlük versin. Mən indi onun tam detallarını cızmaq fikrində deyiləm. Siyasi dünyagörüşümü təhlil edəndə Heydər Əliyev ideyaları ətrafında ölkənin gələcəyini görürəm. O qüvvə ki, Azərbaycan cəmiyyətinin nəhəng daşlarını tanıyır, amma həm də deyir ki, hakimiyyətin hansısa siyasəti yanlışdır, biz fərqli addımlar atmaq istəyirik, lakin bu fundamenti dağıtmaq istəmirik, məcazi mənada deyirəm, Heydər Əliyevin portretini başımız üstündən asmağa da qadirik, bax o qüvvələr üçüncü müxalifətə çevriləcəklər. Fikirlərimdə söhbət iqtidar-müxalifət ayrılığından doğan üçüncü qüvvədən getməyib. Ümumiləşdirəndə iki müxalif tərəf var, qalanların hamısı bu cinahlarda bölünürlər. Olacaq üçüncü müxalif qüvvələr mənim aləmimdə tam fərqlidirlər. Əslində bu qüvvələrin olması üçün sosial sifariş də var. Cəmiyyət müxalifətsiz yaşaya bilməz. Biz demokratiyanı bununla ölçürük ki, insanların narazılıq əmsalı olacaq. Elə bir qüvvə varsa ki, dediyim elementləri görsün, belə olan halda o qüvvənin mövcudluğu bütövlükdə topluma da fayda verər, hakimiyyət tərəfindən də qəbul olunar. Mənə elə gəlir ki, bu, yalnız ölkə əleyhinə yönləndirilən və səfirliklərin iradəsinə bağlı müxalifətçilikdən çıxmağa da bizə imkan yaradar”.

Deputat hansı qüvvələrin üçüncü müxalifət ola biləcəyinin də mesajlarını verib: “Bu, mütləq bir neçə qüvvənin birliyi əsasında baş verəcək. Azərbaycan siyasətində, nəhayət, təmərküzləşmə getməlidir. Qərb cəmiyyətlərinə baxın. Əslində biz sovetləşmədən sonrakı dövrdə bu modelləri onlardan götürmüşük. Sonrakı dövr onları ələdi. Yüzlərlə partiyanın adını eşitmişik, amma onlar millət iradəsinə hakim kəsilə bilməyiblər. Xüsusilə, proporsional sistem ləğv olunandan sonra insanların partiyalara axını mütləq şəkildə azalıb. Bu baxımdan ATƏT-in Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena  ilə prezidentliyə namizədlərin görüşündə söylədim ki, hakim partiya və yerdə qalan bütün siyasi təşkilatların üzvlərini hesablasaq, 4 milyondan artıq qeyri-siyasi mənsubiyyətli insanlar var.

Onlar təşkilatlanmaq istəmirlər? Hansısa bir ideya ətrafında birləşmək ideyaları yoxmu? Əlbəttə, var. Belə olan təqdirdə seçkilərdə iştirak edən qüvvə nəyi hədəf götürəcək, hansı sosial qruplarla işləməyə çalışacaq, efirdən verdiyi mesajlar nə olacaq?

Hər şey bu sualların cavablarından asılı olacaq. Bunu bir hakimiyyət dəhlizində cızanda qəbul olunmur. Cəmiyyət bunu ərsəyə gətirməlidir. Açıqlamalarımın bəzi hissələri həddindən artıq konteksdən çıxarılıb, öz mahiyyətindən çox uzaqlaşdırılıb. Əminəm ki, "Yeni Müsavat"dakı canlı yayımda bunlara da aydınlıq gətirmək mümkün olacaq.

Bu məsələ yalnız seçkilərdə iştirak edən partiyaların boynuna biçilib, onlar yalnız üçüncü qüvvəyə çevriləcəklər” kimi mütləq bir nəticə hasil etmək olmaz. Əgər dediklərimi onlar bacarsalar, bu, mümkün görünür. Bunun ritmləri də var. Prezidentliyə iddiasını ifadə edən qüvvələrdən ADP, VİP, yaxud da Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiya və digərlərinin imkanı var ki, onlar söylədiyimiz iki cinahdan fərqli bir platforma ilə çıxış etsinlər. Bilirsiniz, Sərdar bəy söyləyib ki, o, zamanında hədsiz radikallılıq üstündə qərarlaşıb, amma sonra görüb ki, əslində liderlik cəmiyyətin istəklərinə uyğun özünü dəyişdirə bilmək və bunu bacarmaqdır. Ona görə də, kimin buna qadir olacağını gələcək göstərəcək. Hər halda mən müxalif çevrənin lideri olası deyiləm, siyasi yolum bəllidir. Biz nəzəri olaraq başa düşməliyik ki, Heydər Əliyevin siyasi varisi müxalif partiyadan da ola bilərdi. Bu ənənələri beyinlərdə dəyişdirmək lazımdır. İlk anda bu çətin olacaq, çünki bu bəsitliyi daşlaşdırıblar. Başa düşmək lazımdır ki, bu dövləti qoruyub, ölkənin gələcəyinə baxış təqdim edib, müxalifət olmaq mümkündür. Amma bunlar hesab edirlər ki, əgər kimsə bunu edirsə, iqtidar, yaxud iqtidaryönlü qurum olur. Bu səhv düşüncəni aradan qaldırmaq lazımdır. Mən bu siyasəti seçki təbliğatımda daha çox gücləndirməyə çalışacam”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 15-03-2018, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma