Rusiyalı jurnalist Andrey Kondraşovun “Putin” filminin ikinci hissəsi yayımlanıb.
Filmin ikinci hissəsində ən maraqlı məqamlardan biri Putinə qarşı təşkil edilən sui-qəsdlər haqqında məlumatlardır. Kondraşov Putinə qarşı təşkil edilən ilk sui-qəsdin Bakıda həyata keçirildiyini bildirib. Belə ki, sui-qəsd 2000-ci ilin sonlarında baş tutub. Şimali Qafqazda müharibənin getdiyi bir zamanda Bakıya gələcək Putinə qarşı sui-qəsdin Şəhidlər Xiyabanı ərazisində nəzərdə tutulduğu bildirilib.
Kondraşov film zamanı Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniki İndrat Fətullayevin də fikirlərinə yer ayırıb. Fətullayev sui-qəsdə cəhd edən şəxsin İraq vətəndaşı Kənan Əhməd Rüstəm olduğunu bildirib. Polkovnik onun həmçinin “Əbdürrəhman Buxari”, “Əbu Səid əl-Kürdi” adları ilə məşhur olduğunu bildirib.
Terrorçu MTN-nin diqqətini 2000-ci ilin mayında cəlb edib.
Kondraşov bu işdə MTN-ə Rusiya xüsusi xidmət orqanlarının yardım etdiyini bildirib. Belə ki, Kənan Əhməd Rüstəm Çeçenistanda Xəttabın telefonlarının dinlənilməsindən sonra müəyyən edilib. Ruslar həmçinin aydınlaşdırıblar ki, bu şəxs Pakistan və Əfqanıstanda teraktlarda iştirak edib və bomba hazırlanmasında əsas instruktor olub. Onun həmçinin Bakıya bir neçə sim kartla bağlı olan yeni bomba sxemi gətirdiyi müəyyən edilib. Sonradan Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının birgə fəaliyyəti ilə hücumun qarşısı alınıb.
Filmdə Kondraşovun Azərbaycan Prezidenti İlham Əliyevlə qısa müsahibəsi də yer alıb. Prezident Əliyev Putinin Azərbaycana ilk səfərindən sonra ölkələr arasında münasibətlərin dəyişildiyi bildirib:
“Heydər Əliyevlə Vladimir Putinin ilk görüşü uzun zaman davam etdi. Görüşün sonunda atam mənə Putinin onda yaratdığı təəssüratları söylədi. Əlbəttə ki, onları çox şey birləşdirirdi. Onların hər ikisi bir məktəbdə – Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı Ali Məktəbində oxumuşdular. Onlar bir-birilərini çox yaxşı başa düşürdülər”. (Axar.az)
Paylaş: