“Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd qərardır və bu qərarın münasibətlərə mənfi təsiri olacaq”.
Ovqat.com xəbər verir ki, bunu APA-ya açıqlamasında mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edilməsinə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov deyib. O, ÜAK-ın qeydiyyatının ləğvinin səbəbini də açıqlayıb: “Rusiyanın öz oyuncaq təşkilatı - “AzərRos var. Nüfuzlu ziyalıların, insanların isə hamısı ÜAK-a üz tutub, əsas maliyyə imkanları da məhz ÜAK-da cəmlənir. “AzərRos” havada qalıb. Rusiyada diaspor təşkilatlarını daha çox Azərbaycana təsir etmək üçün düşünürlər, diasporun maraqlarının təmsil olunması o dərəcədə də maraqlandırmır. ÜAK-dan istədikləri kimi manipulyasiya edə, Azərbaycanın daxili işlərinə qarışmaq üçün istifadə edə bilmirdilər. İndi istəyirlər ÜAK-ı aradan götürsünlər ki, nüfuzlu insanlar da, maliyyə də öz oyuncaq təşkilatlarına yönəlsin. Onlar da lazım gələndə həmin təşkilatın nümayəndələrini televiziyaya çıxarıb, Azərbaycanın daxili işlərinə qarışmağa, istəyəndə Türkiyəni hədəf seçməyə nail olsunlar. ÜAK-ın qeydiyyatının ləğvində məqsəd budur”.
R. Musabəyov qeyd edib ki, ÜAK-ın qeydiyyatının bərpası üçün bütün addımlar atılmalıdır: “İlk növbədə hüquqi müstəvidə addımlar atılmalıdır. Rusiya Ali Məhkəməsinin Kollegiyasına apellyasiya şikayəti verilməlidir, Rusiya Konstitusiya Məhkəməsinə də müraciət olunmalıdır. Çünki Rusiya Konstitusiya Məhkəməsinin vaxtilə buna bənzər bir məsələ ilə bağlı qərarı olub ki, formal, bürokratik əsaslara görə ictimai təşkilatları, partiyaları bağlamaq olmaz, onların qeydiyyatını ləğv etmək düzgün deyil. Hüquqi müstəvidə sona qədər mübarizə aparmaq lazımdır”.
Millət vəkili ÜAK-ın bağlanmasının ilk növbədə Rusiyada yaşayan azərbaycanlıların maraqlarına toxunduğunu vurğulayıb: “Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır. Ən azı 200 min azərbaycanlı Kremlə, Rusiya Ali Məhkəməsinə, Ədliyyə Nazirliyinə məktubla müraciət etməli, etirazlarını, şikayətlərini bildirməlidir. Rusiyada məmurlar hiss etməlidirlər ki, insanların hissləri ilə bu cür kobud formada oynamaq olmaz. Rusiyada yaşayan azərbaycanlılar sakit oturaraq Azərbaycan dövlətinin bütün məsələləri həll edəcəyini gözləyəcəklərsə, bu, düzgün deyil. Digər tərəfdən, Azərbaycanın müvafiq qurumları - parlament, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və Diasporla İş üzrə Dövlət Komitəsi öz xətti ilə bütün imkanları səfərbər etməli, Rusiyadakı tərəfdaşlara çatdırmalıdır ki, ÜAK-ın qeydiyyatının ləğvi barədə qərar Azərbaycanda çox mənfi qəbul edilib, məsələ belə qaldığı halda ikitərəfli münasibətlərə xələl gətirəcək”.
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov isə APA-ya açıqlamasında bildirib ki, ÜAK tipli təşkilatlar Azərbaycan və Rusiya arasında qonşuluq münasibətlərinin inkişafına xidmət edir: “Təəssüf ki, Rusiyada müəyyən antiazərbaycan dairələri, xüsusilə də ermənipərəst qüvvələr hər zaman Azərbaycan və Rusiya arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə çalışıblar. ÜAK Rusiyada azərbaycanlıların ən böyük diaspora təşkilatıdır. ÜAK-ın rəhbərliyindəki şəxslərin Rusiya cəmiyyətinə çox ciddi təsir imkanları mövcuddur. Ona görə də ÜAK hədəf seçilib. Rusiyadakı anti-Azərbaycan qüvvələrinin məqsədi odur ki, iki dövlət arasında münasibətləri pozsunlar. Bütün diplomatik və hüquqi rıçaqlardan istifadə edərək ÜAK-ın qeydiyyatının bərpasına nail olmaq lazımdır”.