Xəbər lenti

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi fonunda Azərbaycan-Rusiya münasibətlərinin durumu haqda Teleqraf.com-un suallarını cavablandırıb:.


- Sizcə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərardan apelyasiya şikayətinin nəticəsi olacaqmı?

- Bununla əlaqədar həm Milli Məclis, həm də Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Rusiyanın Ali Məhkəməsinə müraciət edib. Düşünürük ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər nəzərə alınmalıdır.

Təbii, ÜAK-ın qeydiyyatının ləğvinə çalışan bəzi adamlar, maraqlı şəxslər var. Hesab edirəm ki, Rusiya dövləti Azərbaycanın ona olan münasibəti baxımından bu məsələdə obyektiv mövqe tutaraq uzun müddət fəaliyyət göstərən bir təşkilatın ləğvi ilə bağlı Ali Məhkəmənin verdiyi qərara Rəyasət Heyətində baxılacaq və qərar ləğv ediləcək. Güman edirəm ki, məsələ apelyasiya məhkəməsinə qaytarılacaq və Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı bərpa olunacaq.

- Maraqlı tərəf deyəndə konkret kimləri nəzərdə tutursunuz?

- Erməni lobbisi və onların marağına xidmət edən, Rusiyanın müəyyən dövlət dairələrində çalışan insanları nəzərdə tuturam. O cümlədən Azərbaycanda müəyyən insanlar var ki, Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişafını istəmir. Azərbaycan demokratik ölkədir, digər dövlətlərdən fərqli olaraq özünün müstəqil siyasətini aparır və hər bir dövlətə bərabər səviyyəli münasibət göstərir. Azərbaycan “böyük qardaş”ın və ya hər hansı beynəlxalq təşkilatın diktəsi ilə oturub-durmur.

Bütün ölkələrə bəllidir ki, Azərbaycanın xarici siyasətində əsas istiqamət bundan ibarətdir. Məhz ölkəmizin apardığı bu xarici siyasətin nəticəsi olaraq həm regionda, həm də dünyada öz xalqının maraqlarını qoruya bilir. Prezident tərəfindən mütəmadi atılan addımlara hamı şahiddir.

- ÜAK-ın qeydiyyatının ləğvi fonunda belə fikirlər səslənir ki, Rusiya ilə Azərbaycan arasında istər siyasi, istərsə də digər sahələrdə münasibətlər korlanıb. Bu iddialar nə dərəcədə realdır? İki ölkə arasında münasibətlərin hazırki səviyyəsi barədə nə deyə bilərsiniz?

- Bunlar hamısı fərziyyələrdir. Ermənistanı çıxmaq şərtilə bizim bütün dövlətlərlə münasibətlərimiz yaxşıdır. Hətta qonşularımızın biri-biri ilə yaxşı münasibətdə olması üçün Azərbaycan dövləti tərəfindən bir sıra addımlar atılıb. Türkiyə-Rusiya və Rusiya-İran münasibətlərini buna misal göstərmək olar. Azərbaycan dövlətinin ərazisindən hər hansı qonşu dövlətə qarşı hərbi, iqtisadi və diplomatik cəhdlərə imkan verilməyib.

İranla bağlı embarqo olan dövrdə cənab prezident bəyan etdi ki, Azərbaycandan İran ərazisinə heç bir müdaxilə edilə bilməz. Rusiya Avropa tərəfindən blokadaya alınanda Azərbaycan iqtisadi əməkdaşlığını kəsmədi, eləcə də Türkiyə ilə bağlı ciddi qarşıdurmada Azərbaycan sülhyaratma prosesini öz üzərinə götürərək hər iki dövlətin mehriban münasibət qurması üçün lazım olan addımları atdı.

Ümumrusiya Azərbaycan Konqresi bizim üçün çox əhəmiyyətli təşkilatdır. Çünki əsası ümummilli lider tərəfindən qoyulub, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə konqresi keçirilib, orada Azərbaycanın tanınmış ziyalıları, hörmətli insanlar birləşib. Necə olur ki, Ermənistan dostluq qrupunun rəhbəri, yaxud Rusiya Erməniləri İttifaqı rəhbərinin yubileyində Rusiyanın xarici işlər naziri, prezidentin mətbuat katibi, ayrı-ayrı dövlət nümayəndələri iştirak edir, ÜAK-la bağlı isə qeydiyyatının ləğv olunması barədə qərar çıxarılır? Hesab edirik ki, Rusiya Prezidenti, parlamenti və deputatlarının bu məsələyə müdaxiləsinə ehtiyac var.

- Parlamentdəki çıxışınızda Rusiyanın Azərbaycandakı mərkəzlərinin sənədlərinin yoxlanılması məsələsini qaldıracağınızı vurğulamışdınız. Artıq bu prosesə başlanılıb?

- Rəhbərlik etdiyim komitə İctimai birliklər və dini qurumlar komitəsidir. Azərbaycandakı ictimai birliklərin fəaliyyət istiqaməti, onların yaranmasında qanunvericiliyə nə dərəcədə əməl olunub-olunmaması ilə əlaqədar istənilən vaxt istənilən sənədi tələb etmək hüququna malikik. Gələcəkdə bu məsələlər qanunvericilik deyil, şəxsi maraqlar səviyyəsində qurulacaqsa, biz də öz tərəfimizdən lazımi addımlar atacağıq.

 




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 20-05-2017, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma