Xəbər lenti

Gürcüstanda rəyi soruşulanların 56%-i müxtəlifliyin ölkə üçün pozitiv olduğunu düşünür. Bu barədə Avropa Şurasının Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar təqdim etdiyi “Nifrət cinayəti, nifrət nitqi və Gürcüstanda diskriminasiya: münasibət və məlumatlılıq” adlı araşdırmasında bildirilib.

Sorğuda iştirak etmiş respondentlərin 36%-i isə müxtəlifliyin Gürcüstan üçün neqativ olduğunu deyib. Onlar hesab edirlər ki, müxtəliflik onların mənsubiyyət və ənənələrinə təhlükədir.

Respondentlərin 38%-nin rəyinə əsasən, Gürcüstanda yaşayan etnik azlıqların ən əsas problemi onların gürcü dilini bilməmələridir. Rəyi soruşulan etnik azərbaycanlıların 50%-i gürcü dilini bilməmələrini əsas problem kimi qeyd edib.

Sorğuda iştirak etmiş şəxslərin 23%-i hesab edir ki, Gürcüstanda milli azlıq nümayındəsinə qarşı törədilmiş cinayət əməlinə qarşı əlavə cəzalar tətbiq olunur. 41%-i isə əlavə cəzaların mövcud olmadığını bildirib.

Sorğuda iştirak etmiş əsas qrupun 29 yaşlı azərbaycanlı iştirakçısı Gürcüstanda 10 il ərzində etnik azlıqların hüquqlarının müdafiəsi sahəsində böyük irəliləyişin olacağına inandığını bildirib. 32 yaşlı digər azərbaycanlı iştirakçı isə milli azlıqların ikinci dərəcəli vətəndaşlar olduğunu və buna hər bir ölkədə rast gəlindiyini deyib.

Araşdırmanın yekununda qeyd olunub ki, Gürcüstanda milli azlıqların hüquqlarının təbliği istiqamətində həyata keçirilən fəaliyyət genişləndirilməlidir. Belə ki, maarifləndirməyə yönəlmiş tədbirlər ölkədə tolerantlığın daha da güclənməsinə kömək edə bilər.

Qeyd edək ki, Avropa Şurasının araşdırması bu ilin iyun-sentyabr aylarında həyata keçirilib. Sorğuda 2205 nəfər iştirak edib. (report.az)

 




Ana səhifəyə qayıt        Baxış: 492          Tarix: 16-11-2018, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma