Xəbər lenti

Nikol Paşinyanın “Mənimim addımım” alyansı seçkilərdə səslərin 70 faizini toplayaraq parlamentdə yerlərin çoxlunu ala bildi. Bəs, bu seçkilərin nəticəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə vəd edir? Ermənistanın yeni hakimiyyəti azı 20 ildir davam edən münaqişə ilə bağlı danışıqları yeni müstəviyə çıxara biləcəkmi?

Millət vəkili, politoloq Rasim Musabəyov bu sualları cavablamadan öncə diqqəti bir məqama çəkir. Onun fikrincə, Ermənistanda dəyişiklik yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən və Türkiyə ilə münasibətlərin bərpasından keçir. Əks halda, onun fikrincə, nə istlahatlar mümkündür, nə də real dəyişiklik. Rasim Musabəyov düşünür ki, bu da Nikol Paşinyanın idarəetmə qabiliyyətindən aslıdır:

“O nümayiş elədi ki, küçə hərəkatını təşkil edib, onu hansısa bir qələbəyə apara bilən təcrübəli, populist liderdir. Amma o necə bir dövlət başçısı, hakimiyyət rəhbəri xüsusiyyətlərinə malikdir, bu sual açıq qalır. Bir qədər sonra onun öncə hakimiyyəti tənqid etməsi insanlarda reaksiya yaratmayacaq. Onlar konkret iş istəyəcəklər. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmadan, Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanda müsbət dəyişikliklər mümkün deyil”.

Amma Rasim Musabəyov əlavə edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Nikol Paşinyanın təzadlı fikirləri var. Ona görə də Ermənistanın yeni hakimiyyətinin bu münaqişənin həlli ilə bağlı siyasətinin konkret nədən ibarət olduğunu demək çətindir. Rasim Musabəyov müşahidələrinə əsaslanaraq bildirir ki, Paşinyan gah sülh, gah da müharibə çağırışları verir.

Azərbaycan tərəfdə olduğu kimi Ermənistanda da Paşinyanın Qarabağ münaqişəsinin həllinə yanaşması haqda təzadlı fikirlər dolaşır.

Keçmiş hakim Respublikaçılar Partiyasının nümayəndəsi David Şahnazaryan dekabrında 4-də – seçkilərdən 5 gün öncə keçirilən mətbuat konfransında Paşinyanı İlham Əliyevi tənqid etməkdən yayınmaqda və Ermənistan cəmiyyətini güzəştlərə hazırlamaqda ittiham edib. O bildirib ki, Azərbaycan sentyabrın 27-dən Qarabağda aktiv şəkildə istehkamlar qurmağa başlayıb, yeni hökumət isə bunu qulaqardına vurur.

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riqard Qiraqosyan “Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, Paşinyan münaqişənin həllinin tərəfdarıdır. Lakin Qiragosyan düşünür ki, yeni hakimiyyətin təcrübəsizliyi bu münaqişənin həllinə müsbət təsir də göstərə bilər, mənfi təsir də.

Politoloq Hikmət Hacızadə bu seçkiləri Ermənistanda demokratiya yolunda ciddi addım sayır. Düşünür ki, Ermənistanda hakimiyyət dəyişikliyinin həm də birbaşa Azərbaycana təsiri olacaq, özəlliklə də Dağlıq Qarabağ münaqişəsinin həllinə. Onun fikrincə, Paşinyanın təzadlı çıxışlarına baxmayaraq, o münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bütün hallarda Paşinyanın qələbəsi Azərbaycanın xeyrinədir:

“Onun bəzən aqressiv çıxışlarını, oğlunu Qarabağa hərbi xidmətə göndərməsini müşahidə edirik. Amma inqilabdan əvvəl dəfələrlə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsini sonlandırmaq lazımdır. Bu münaqişə sülh yolu ilə həll olunmalıdır. O vurğulayırdı ki, bütün ölkəni, bütün Ermənistanı Qarabağa qurban verə bilmərik. İndi o hakimiyyətin başındadır və publika üçün başqa şüarlar səsləndirir. Amma beynində münaqişənin sülh yolu ilə həllini düşünür. Bu da xeyir edir bizə. Qarabağda sülh olmalıdır. Yeni hakimiyyət Avropaya, Amerikaya doğru getmək istəyir. Bu yaxınlarda Donald Trampın köməkçisi Ermənistana səfər edəndə də bildirmişdi ki, işğal altında olan torpaqlar geri qaytarılmalıdır. Ona görə də onlar güzəştlərə hazırdırlar”.

Hikmət Hacızadə düşünür ki, Ermənistanın əvvəlki hakimiyyəti – Qarabağ klanı sülh danışıqlarında kompromisə getmirdi. Paşinyan isə, onun fikrincə, konstruktiv mövqe tuta bilər. (azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 455          Tarix: 12-12-2018, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma