Xəbər lenti

Nikol Paşinyan inqilabla hakimiyyətə gəldikdən sonra köhnə hakimiyyətin nümayəndələrini dövlət və hökumət qurumlarından uzaqlaşdırmaqla kifayətlənmədi. Həbslərə başladı və köhnə komandanın bir nömrəli lideri – keçmiş prezident Robert Koçaryanı həbs etməkdən belə çəkinmədi. Hakimiyyətinə ən böyük təhlükə sayılan köhnə parlamentdən isə canını növbədənkənar parlament seçkiləri keçirməklə qurtardı.

Bir sıra siyasətçilər iddia edir ki, N.Paşinyan sanki Əbülfəz Elçibəy hakimiyyətinin bir zamanlar yol verdiyi yanlışlıqlardan, başına gələnlərdən nəticə çıxarıb. İddia edilir ki, Elçibəy də hakimiyyətə gələndən sonra köhnə parlamenti buraxsaydı, yeni parlament seçkisi keçirsəydi, köhnə komandanı təmizləsəydi və öndə gedənlərini həbsə atsaydı onun hakimiyyəti devrilməzdi…

Əbülfəz Elçibəy hakimiyyəti zamanında milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər musavat.com-a bildirib ki, hər bir hadisəyə fərdi qiymət vermək və həmin hadisəyə zamanının şərtlərinə baxaraq qiymət vermək lazımdır:

“Hər hansı bir inqilab baş verdikdə xalq inqilabdan çox sürətlə bəhrələr götürmək istəyir, inqilabın nəticələrini tezliklə görmək istəyir. Birincisi bunu nəzərə almaq lazımdır. İkincisi, inqilabın ən böyük mühüm məsələlərindən biri də hakimiyyətin qanuniləşdirilməsi və möhkəmləndirilməsidir. Hər bir inqilabın qarşısında duran ən başlıca vəzifələrdən biri budur. Əbülfəz Elçibəy hakimiyyəti dövründə köhnə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi vacib idi. O zaman seçkilərin keçirilməməsi yanlış idi. Amma həmin hakimiyyətin devrilməsinin yeganə səbəbi parlament deyildi. Ona görə də ”parlament seçkiləri keçirilsəydi bəlkə də Elçibəy hakimiyyəti devrilməyəcəkdi” düşüncəsi doğru sayılmaz. Bəlkə də parlament buraxılsaydı və yeni parlament seçkisi olsaydı da hakimiyyət çevrilişi olacaqdı. Çünki o çevrilişin səbəbləri daha dərin və çoxsaylıdır. Amma istənilən halda Nikol Paşinyanın köhnə parlamenti buraxıb, yeni parlament seçkiləri keçirməyə nail olması, köhnə hakimiyyətin cinayətə bulaşmış, qanunsuz sərvət toplamış təmsilçilərini həbs etdirməsi, bütün vəzifələrdən təmizləməsi inqilabdan sonra atılması vacib olan addımlar baxımından doğrudur.

Paşinyan inqilabdan az sonra, xalq içində reytinqinin hələ yüksək olduğu bir vaxtda növbədənkənar seçkilərə getdi və gözlənildiyi kimi əzici bir üstünlüklə də qalib gəldi, öz hakimiyyətini möhkəmləndirdi. Yəni yalnız icra hakimiyyəti deyil, parlament hakimiyyəti də inqilabçıların əlindədir. Nəzərə almaq lazımdır ki, Ermənistan parlamentli respublikadır və bundan sonra artıq inqilabın növbəti vəzifəsi məhkəmə hakimiyyətinin də formalaşdırılmasıdır. Yəni hakimiyyətin bütün qolları inqilabın əlinə keçir.

Əbülfəz Elçibəy hakimiyyəti zamanında bu addımları atmalıydı. Elçibəy hakimiyyətinin kommunistlərə, əvvəlki hakimiyyətin tör-töküntülərinə barışdırıcı yanaşması yanlış idi. Bir ölkədə inqilab baş vermişdisə inqilabın legitim hakimiyyətini bütün sahələrdə möhkəmləndirmək başlıca vəzifə olmalı idi. Elçibəy iqtidarının iqtisadi sferanı da ələ almaması, köhnə hakimiyyət dövrünə hüquqi qiymət verilməməsi də yanlış idi. Elçibəy hakimiyyəti də təmizləmə həyata keçirməliydi, bütün keçmiş hakimiyyətdən qalmalar, kommunistlər bütün hakimiyyət qollarından uzaqlaşdırılmalıydı, qanunu pozanlar öz hüquqi cəzalarını almalı idilər. İnqilab zamanı yarımçıq atılan addımlar bumeranq effekti verir”.

S.Əkbər qeyd etdi ki, Elçibəy hakimiyyətindən fərqli olaraq Paşinyan hakimiyyətinin güclü beynəlxalq arxası olacaq. O, həm ABŞ, həm də Avropa İttifaqının bundan sonra da Paşinyana ciddi dəstək verəcəyini gözləyir: “Amma heç şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazda forpostu olan bir ölkədən söhbət gedir və burada Rusiya əlindən gələni edəcək. Strateji baxımdan Rusiya bu günə kimi də Ermənistana nəzarət edir. Rusiya da bu inqilabı ciddi təhlil edəcək və ciddi nəticələr çıxaracaq, digər ölkələrdə, xüsusən də Ukraynada topladığı təcrübəni oraya tətbiq edə bilər. Yəni Moskva baş verən proseslərə müşahidəçi qalmayacaq. Ona görə də biz bir tərəfdən Ermənistanda inqilabçıların çox ehtiyatlı hərəkət edəcəyinin şahidi olacağıq, amma digər tərəfdən də Rusiyanın bu hərəkətə keçəcəyini görəcəyik”.

 




Ana səhifəyə qayıt        Baxış: 491          Tarix: 13-12-2018, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma