Rusiya Ermənistan hakimiyyətinin tələb etdiyi şəxslərin ekstradisiyasından imtina etdi; Ermənistan isə bunun əvəzində Rusiya müxalifətçisinə qucaq açdı
Oktyabrın 1-də Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin növbəti sammiti ərəfəsində İrəvan-Moskva münasibətlərində gərginliklər yaşanır. Xüsusilə də Vladimir Putinin həbsdə olan eks-prezident Robert Köçəryana yubiley təbriki göndərməsi Ermənistandakı anti-Rusiya meyillərini gücləndirib.
Yerli media İrəvandakı sammit öncəsi yaranmış vəziyyətdən xüsusi narahatlığını və narazılığını etiraf etməkdədir. Ermənistan rəhbərliyi həm də buna görə sarsılıb ki, Rusiya prezidenti səfər çərçivəsində həbsxanadakı dostu Robert Köçəryana baş çəkmək niyyətindədir. Ermənistan mediası yazıb: “Əgər Putinin şərti yerinə yetirilməyəcəksə, sammit Moskvaya keçirilə bilər. Və ümumiyyətlə, Köçəryanın məsələsini həll etmək üçün Rusiya Ermənistana 10 gün vaxt verib”.
Paşinyan ona verilən 10 gün ərzində “səhv”ini başa düşüb Köçəryanı həbsdən azad etməlidir. Əks təqdirdə, ya Putin onunla həbsxanada görüşməyə israr edə, ya da ümumiyyətlə, İrəvana gəlməkdən imtina edib, iclasın Moskvada keçirilməsi təşəbbüsünü qaldıra bilər. Hər iki halda Paşinyan zərbə almış olacaq. Bu arada məlum olub ki, Köçəryanın və onunla birgə ittiham olunanların ilk məhkəmə iclası 12 sentyabra təyin olunub. Ermənistanın Apelyasiya Məhkəməsi isə istintaq orqanı tərəfindən Köçəryanın hüquqlarının pozulması faktını təsdiqləyib. Bu mənada mümkündür ki, eks-prezidentlə əlaqədar növbəti dəfə həbs-qətimkan tədbiri dəyişdirilsin.
Ermənistanda isə anti-Rusiya meyilləri artıq küçə etirazları səviyyəsində deyil, rəsmi səviyyədə eşidilir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan bəyan edib ki, Rusiya Ermənistana qarşı diskriminasiya siyasəti yürüdür. Diplomat bunu deyərkən Ermənistan vətəndaşı olan sürücülərin Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin ərazisində hüquqlarının olması ilə bağlı anlaşmaya diqqət çəkib. “Yeni Müsavat” erməni mediasına istinadən bu barədə xəbər verir. Köçəryan bildirib ki, artıq Ermənistan 3 ildir problemin həllinə çalışır, ancaq Moskva bununla bağlı addım atmır.
Ermənistanda hətta keçmiş hakimiyyət Avrasiya İqtisadi Birliyinə üzv olduğuna görə də tənqid edilir. Serj Sərkisyanın bununla bağlı verdiyi qərarın ildönümü “utandırıcı tarix” kimi xatırlanır. Erməni ekspert Qagik Makaryan deyib ki, 2020-ci ilin yanvarından Ermənistanla Avrasiya İttifaqı arasında imzalanmış bəzi qərarlar qüvvəyə minəcək, ona görə də bahalaşmaya hazırlaşmaq lazımdır.
Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan isə Tehranla, eyni zamanda Türkmənistanla qaz anlaşması əldə etməyə və Rusiya təsirindən qurtarmağa çağırıb. Səfir deyib ki, Rusiya İranın Ermənistan bazarına daxil olmasını istəmir.
Rəsmi Moskva Ermənistanda ittiham olunan bir sıra şəxsləri İrəvana verməkdən də imtina edir. Xüsusilə də KTMT-nin keçmiş baş katibi general Yuri Xaçaturovun cəzalandırılmasından sonra Rusiya öz adamlarını qorumağa qərar verib ki, bu da İrəvanda etirazları artırıb. Rusiyanın Ermənistandakı səfiri Vardan Toqanyan isə təsdiq edib ki, ittiham olunan keçmiş müdafiə naziri Mikael Arutyunyan Rusiya vətəndaşıdır və Moskva onu İrəvana verməz. Ermənistanda barəsində cinayət işi başlanan “Ketrin qrup” şirkətinin başçısı Miqran Poqosyana gəldikdə, səfir deyib ki, Rusiyanın onu ekstradisiyası edib-etməyəcəyi bəlli deyil. Avqust ayında Moskva Poqosyanı İrəvana verməkdən imtina etmişdi. Onun da Rusiya vətəndaşı olduğu barədə məlumatlar var.
Rəsmi İrəvan da Moskvaya “dirəniş” göstərir. Belə ki, Ermənistanın Miqrasiya Xidməti Rusiya müxalifətçisi, ultrasağçı radikal Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Xidmətin bu barədə bəyanatında deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Şişkinin həyatına real təhlükə yarana bilərdi. Şişkin özü isə bu haqda belə deyib:“Mən Ermənistanda qaçqın statusunu Rusiyada siyasi motivlərlə təqib olunduğuma görə almışam. Qaçqınlığın müxtəlif növləri var. Məsələn, müharibə qaçqını kimi. Amma mən əvvəlcədən keçmiş siyasi məhbus kimi siyasi sığınacaq almağa çalışırdım”. Şişkin Ermənistana 6 ay bundan əvvəl - 2019-cu ilin 22 yanvarında gəlib. Onun sözlərinə görə, son dəfə Ermənistanda 2011-ci ildə olmuşdu və o vaxtdan bəri ölkə xeyli dəyişib. Şişkin 2019-cu ilin yanvarında həbsxanadan çıxan kimi Ermənistana gəlib. Özünün dediyinə görə, siyasi motivlərlə həbs olunaraq 4 il həbsxanada saxlanıb. Şişkinin dediyinə görə, ona hazırda Rusiyada axtarış elan olunub. Lakin Ermənistan Baş Prokurorluğundan bildiriblər ki, Siskin bu axtarış əsasında aşkar olunub həbs edilmədiyinə görə, onun təslim edilməsi barədə heç bir ölkədən müraciət olunmayıb.
Politoloq Yervand Bozoyan da etiraf edib ki, “Ermənistan - Rusiya münasibətlərində gərginlik müşahidə olunur”. Onun sözlərinə görə, il yarım ərzində hakimiyyətlər iki ölkə arasında inam defisitinin mövcudluğunu nümayiş etdirirlər.
Öz növbəsində Ermənistan XİN-in rəsmisi Ş.Köçəryan erməni deputatları sürücülərin problemlərini rusiyalı həmkarları ilə müzakirə etməyə çağırıb. O, parlamentdəki çıxışında deyib ki, Rusiya Ermənistan vətəndaşı olan sürücülərə qarşı maneələri aradan qaldırmalıdır.
İstiPress-in məlumatına görə, özünü “Alternativ layihələr qrupu” kimi təqdim edən ekspertlər icması “tert.am”da dərc etdirdiyi şərhində Rusiya liderinin 65 yaşını həbsxanada qeyd edən Köçəryana məktubunda Cənubi Qafqazda “təhlükəsizlik və sabitlik” məsələlərinə toxunmasının boş yerdən olmadığını qeyd edib. Qrupun fikrincə, Cənubi Qafqazda balans dedikdə məhz Ermənistanın ordu təchizatında və silahlanmada Azərbaycanla balans əldə etməsi düşünülür. “Dəqiq anlamlaıyıq ki, Cənubi Qafqazda ”təhlükəsizlik və sabitliyin" pozulması bizim üçün dəhşətli itkilər deməkdir. Ermənistan başa düşməlidir ki, biz bu cür ssenarinin baş yerməsinə imkan yarada bilmərik", - deyə ekspert qrupu Putinin məktubunu şərh edir. 1920-ci ilin əvvəlində Göyçə və Zəngəzur Bakının de-fakto və de-yuro nəzarəti altında idi, Həbib bəy Səlimovun ordusu İrəvana doğru irəliləyirdi
Erməni ekspertləri qorxuya salan məhz bu məqamdır. Onların fikrincə, Rusiya belə variantda Ermənistanın yalnız Qarabağdan çıxması ilə razılaşmayacaq - Zəngəzur, Göyçə və İrəvan kimi tarixi Azərbaycan torpaqlarının həqiqi sahibinə qaytarılmasına çalışacaq.
Hətta Paşinyana çox yaxın olan erməni KİV-ləri belə Ermənistan baş nazirini Putinlə dil tapmağa çağırıblar. Məsələn, “1in.am” portalı siyasətçi Qarnik Marqaryanın bu sözlərini dərc edib: “Rusiya güclü dövlətdir, biz çox şeydə ondan asılıyıq, ondan bütünlüklə imtina edə bilmərik. Rusiya ilə münaqişəyə getmək doğru deyil, hətta Tramp buna getmir. Nikol Paşinyan yol tapıb münasibətləri düzəltməyə çalışmalıdır”.
Paylaş: