“Paşinyan iqtidarının Sərkisyan və Köçəryana yönəlik manipulyasiyası onların xeyrinə işləyir. Aparılan son sorğuların nəticələrinə görə, hazırda Köçəryan ölkədə ən nüfuzlu siyasi lider kimi qəbul edilir. Yəni, Ermənistanın həbsdəki keçmiş prezidenti yenidən reabilitasiya olunub”.
Hurriyyet.org bildirir ki, bunları Teleqraf.com-a politoloq Yeganə Hacıyeva deyib. Onunla müsahibəni təqdim edirik.
- Ermənistanın ikinci prezidenti Robert Köçəryandan sonra digər keçmiş dövlət başçısı Serj Sərkisyanın da həbs ediləcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Sərkisyan 1 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Hər iki şəxs də Moskvaya yaxınlığı ilə seçilir. Yəni, Baş nazir Nikol Paşinyan rus təhlükəsi qarşısında bu addımları necə ata bilir?
- Yeni baş nazir kimi Paşinyanın ilk müsahibələrindən aydın idi ki, onun hakimiyyəti dövründə atdığı addımlar siyasi rəqiblərinə qarşı total repressiya ilə müşayiət olunacaq. Məlumdur ki, Sərkisyan və Köçəryan Paşinyandan öncə Ermənistanda dövlət aparatına nəzarət və rəhbərlik etmiş şəxslərdir. Lakin hər iki şəxs Paşinyandan fərqli olaraq, Qarabağda hərbi əməliyyatlarda (cinayətlərdə) iştirak edib, yəni, erməni dövlətinin maraqlarına xidmət etmiş şəxslərdir. Onlar son il yarımdır hakimiyyətdə olan və erməni cəmiyyəti üçün heç bir real iş görməyən Paşinyandan daha böyük nüfuza malikdirlər. Onlara qarşı aparılan repressiya isə yenidən onları erməni cəmiyyətinin gözündə daha cəlbedici fiqurlara çevirir.
- Bəs bu kimi həbslər Ermənistanda hansı proseslərə yol aça bilər, Paşinyanı nə gözləyir? Köçəryan bir neçə gün əvvəl müsahibədə belə bir fikir səsləndirdi ki, Ermənistan gələn il erkən seçkilərə gedəcək və bu, Paşinyanın iqtidarının sonu deməkdir.
- Dediyim ki, Paşinyan iqtidarının hər iki şəxsə yönəlik manipulyasiyası onların xeyrinə işləyir. Aparılan son sorğuların nəticələrinə görə, hazırda Köçəryan ölkədə ən nüfuzlu siyasi lider kimi qəbul edilir. Başqa sözlə, Ermənistanın həbsdəki keçmiş prezidenti yenidən reabilitasiya olunub. Ermənistan daxilində gedən siyasi proseslərin analizi onu göstərir ki , hər iki keçmiş prezident və ya “Qarabağ klanı” yenidən Paşinyan hakimiyyətinə qarşı güclənir, baş verənləri öz xeyrinə çevirərək itirdiyi gücünü bərpa edir.
Əlbəttə, Rusiyanın adamları kimi təqdim olunan və Rusiyaya yaxınlığı ilə seçilən bu şəxslərin siyasi təqibi Paşinyan üçün məntiqi nəticələr verəcək. İqtisadiyat və sənayesinin yetmiş faizi Rusiyaya məxsus olan bir ölkədə Moskvanın adamaları kimi tanınan Sərkisyan və Köçəryanın təqibi Paşinyana bağışlanılmayacaq. Çünki bununla cəmiyyətin ictimai-siyasi şüurundakı Rusiya strereotipi və bu mövzunun sakrallığı sındırılır.
- Ermənistanla yanaşı, bölgənin digər dövlətləri - Türkiyə, Gürcüstan və İran ətrafında da ilginc proseslər gedir. Bəllidir ki, bunlar geosiyasi prosesin tərkib hissəsidir. Sizcə, cərəyan edən proseslər Azərbaycana hansı təsirləri göstərə bilər?
- Bölgədə baş verənləri bir cümlədə ifadə etsək, deməliyik ki, Cənubdan Şimala, Şərqdən Qərbə enerji, iqtisadi və hərbi-strateji nəqliyyat kommunikasiyaları uğrunda qlobal proses gedir. Bu bölgə qitələrarası qovşaqdır. Keçid rolunu oynayan bu bögəyə nəzarət edən istənilən qüvvə Asiya , Avropa və Yaxın Şərq arasında balansı qorumuş olur. Bu baxımdan, bölgə ölkələri ətrafında eyni xətt üzrə, lakin hər ölkəyə yönəlik fərqli interpretasiyada prosesləri izləməkdəyik.
Qərbin Rusiya və İrana dəyişən münasibətlərinin fonunda Azərbaycan bütün spektr üzrə beynəlxalq nəqliyyat üçün istər Cənubdan Şərqə, istərsə də Şərqdən Qərbə strateji keçid ölkəsi kimi misilsiz imkanlara malikdir. Bu isə Azərbaycan üçün yeni reallıqlar yaradır.
- Bu baxımdan, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi geosiyasi oyunçuların istinad edə biləcəyi məsələ ola bilərmi?
- Dağlıq Qarabağ münaqişəsi yarandığı gündən bölgədə gedən geosiyasi proseslərdə kart kimi istifadə olunan bir məsələdir. Müxtəlif zamanlarda - istər ermənilərin bölgəyə ilkin köçürülməsi dövründə, istər 1920, 1960 və 1990-cı illərdə, istərsə də indi geoasiyasi müstəvidə kart kimi istifadə olunur. Bundan öncəki sualınıza cavab olaraq, yeni şərtlərin yeni imkanlar yaratması və Azərbaycanın maraqlarının nəzərə alınması faktorunun istənilən geosiyasi oyunçu üçün faydalı olacağı haqda fikrimi bildirdim. Detallara varmadan onu qeyd edim ki, qlobal təhlükəsizliyin təmin olunmasında strateji keçid regionunun müxtəlif spektrlər üzrə sabitliyi önəmlidir. Bu sabitliyin bərqərar olması da, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasından keçir.
Paylaş: