Xəbər lenti

 

Gürcüstan parlamentinin vitse-spikeri Kaxaber Kutçava Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni rəhbəri seçilib.

Ovqat.com bildirir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, hakim “Gürcü Arzusu” partiyasından olan millət vəkili Mahir Dərziyev məlumat verib. 

O bildirib ki, bununla bağlı qərar parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında qəbul edilib.

“Azərbaycan-Gürcüstan əlaqələri strateji önəm daşıyır və bu parlamentlərarası dostluq qrupunun say tərkibində də özünü göstərir. Təsadüfi deyil ki, Gürcüstan-Azərbaycan dostluq qrupu üzvlərinin sayına görə parlamentin ən böyük ilk beş qrupundan biridir. Hazırda qrupun 62 üzvü var. Təbii ki, bu sırf Azərbaycanla olan isti münasibətlərin göstəricisidir. Müqayisə üçün bildirim ki, Gürcüstan-Ermənistan parlamentlərarası dostluq qrupunun cəmi 28 üzvü var. Kaxaber Kutçava Gürcüstanda gənc və kifayət qədər nüfuzlu siyasətçidir. Hazırda iki mötəbər təşkilatda Gürcüstan nümayəndə heyətinə rəhbərlik edir. Əminəm ki, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələri bundan sonra da uğurla inkişaf edəcək”, - deyə M. Dərziyev qeyd edib.

Qeyd edək ki, daha əvvəl Gürcüstan parlamentinin Ətraf mühitin qorunması və təbii sərvətlər komitəsinin sədri vəzifəsində çalışan K. Kutçava ATƏT Parlament Assambleyasında (PA) və GUAM PA-da Gürcüstan parlamentinin daimi nümayəndəliyinin rəhbəridir. 

Xatırladaq ki, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri olub. O, noyabrın 14-də Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişinin qəbul edilməməsindən sonra hakim partiyadan istefa verib. Parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsi hakim partiyanın kvotası olduğundan həmin tarixdən etibarən vakant hesab edilib.




Ana səhifəyə qayıt        Baxış: 322          Tarix: 20-12-2019, 19:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma