İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Salman Xudadadi barədə xoşagəlməz iddialar ortaya atılıb.
Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, İranın Məlikan şəhərindən millət vəkili seçilən və ölkə Parlamentinin İctimai Komissiyasının sədri vəzfəsini yerinə yetirən Salman Xudadadinin ən azı iki xanıma təcavüz etdiyi bildirilir və bunu təsdiləyən səs yazıları yayılıb.
Məlumata görə, Salman Xudadadi ona müraciət edən bir xanımı və katibəsini zorlamaqda ittiham olunur.
Ötən illərdə Cənubi Azərbaycan milli hərəkatı fəallarına qarşı müxtəlif yollarla təzyiqlər göstərən sözdə millət vəkili bundan əvvəl Məlikan “Sepah”-nin komandiri, Ərdəbil Ettelaat Şöbəsinin rəisi, Şərqi Azərbaycan Ettelaat İdarəsinin rəis müavini və s. kimi həssas postlarda çalışıb.
Salman Xudadadi bundan əvvəl də cinsi təcavüzdə ittiham edilərək bir müddət müvəqqəti olaraq saxlanılıb. Elə bu səbəbdən onun deputatlığa namizədliyi də iki dəfə qeydə alınmayıb, lakin Konstitusiyaya Nəzarət Şurasının müdaxiləsi nəticəsində onun qarşısındakı maneə qaldırılıb və parlament seçkilərində iştirak edib.
“Herana” xəbər agentliyinin yaydığı Səs Faylında Salman Xudadadi təcavüz etdiyi xanımlarla səviyyəsiz şəkildə danışır və onları təhdid edir. Səs yazısı bir neçə faylın müxtəlif hissələri kəsilərək birləşdirilib. Fayldakı söhbətlərin əksər hissəsi iyun ayının ortalarında qeydə alınıb.
Qeyd edək ki, Salman Xudadadi həm də İran-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəridir.
Paylaş: