Xəbər lenti

 

Azərbaycanın Rusiyadakı səfirliyində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib. 
Ovqat.com xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, anım mərasimində Rusiyadakı diplomatik korpusun nümayəndələri, səfirlər, deputatlar, elm adamları və hər iki ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 20 yanvar faciəsinin tarixi haqqında məlumat verib. 

Bildirib ki, 30 il bundan öncə ölkə üzərində siyasi nəzarətini itirən Sovetlər İttifaqı rəhbərliyi Azərbaycan paytaxtında dinc əhali üzərində misli görünməmiş qisas əməliyyatı həyata keçirib: ”20 yanvar gecəsi Bakıya Sovet ordusunun bəlli olmayan bölmələri Bakıya yeridildi. Hərbi kontingent beynəlxalq konvesniya ilə qadağan olunmuş gülələrdən istifadə etdi. İnsanları tankla və digər ağır texnika ilə əzərək üstündən keçdilər. Hətta təcili tibbi yardım maşını tankın altında qalmışdı, həkimlər həlak olmuşdular".
Səfir 20 yanvar gecəsini qorxulu Varfolomey gecəsi adlandıraraq dinc insanlara odlu silahdan atəş açıldığını xatırladıb: “Bəzən deyirlər ki, sovet hakimiyyətinə qarşı müəyyən axın vardı, lakin nə bir siyasətçi, nə də bir fəal həmin gecə xəsarət almamışdı. Müxtəlif millətlərdən olan sadə insanlar, qadınlar, uşaqlar, qocalar xəsarət almışdılar. Həmin qorxulu gecədə azərbaycanın dinc sakinləri müasir Azərbaycan dövlətinin müstəqilliyi və azadlığı üçün canlarından keçdilər”.
Diplomat 1990-cı il yanvarın 21-də Azərbaycanın dahi siyasətçisi Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq Moskvadakı daimi nümayəndəliyə gələrək Sovetlər İttifaqı rəhbərliyini qınadığını xatırladıb: “Heydər Əliyev baş verənlərə ilk siyasi qiyməti vermişdi və faciənin günahkarlaırnın cəzalandırılmasını tələb etmişdi”.

P.Bülbüloğlu çıxışında anım tədbirində iştirak edən səfirlərə, Dövlət Dumasının deputatlarına, Rusiyanın tanınmış adamlarına təşəkkürünü bildirib: “Azərbaycan heç bir halda bu cinayəti müasir demokratik Rusiya ilə əlaqələndirmir. Bu, Sovetlər İttifaqında baş verib, bu qərar Sovetlər İttifaqının rəhbərliyi, Qorbaçov tərəfindən qəbul olunub. Bu cinayət heç vaxt unudulmayacaq”.
Anım məraismində çıxış edən Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski hər il 20 yanvar faciəsinin ildönümünü Azərbaycan xalqı ilə birlikdə andığını söyləyib: “Bu faciəvi günü heç vaxt unutmayacağıq. Hesab edirəm ki, bizim hamımız birlikdə hər zaman bu faciəvi hadisələri xatırlamalıyıq, biz, siyasətçilər, mədəniyyət adamları, vətəndaş cəmiyyəti, sadə insanlar əlindən gələni etməlidirlər ki, belə hadisələr dünyanın heç bir yerində bir daha təkrarlanmasın”.

Tədbirdə çıxış edən Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin postsovet ölkələrini tədqiq edən Mərkəzin direktoru Stanislav Çernyavski, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tanınmış tarixçi alim Yefim Pivovar, "Valday" Diskussiya klubunun eksperti Fərhad İbrahimov 20 yanvar faciəsinin tarixi nəticələrindən, dünya ictimaiyyətinin bu hadisəyə yanaşmasından, müasir dövrdə Rusiya-Azərbaycan münasibətlərindən danışıblar.

Tədbir 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş musiqili-kompozisiya ilə başa çatıb.




Ana səhifəyə qayıt        Baxış: 397          Tarix: 20-01-2020, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma