Xəbər lenti

 

9 fevral 2020-ci il parlament seçkilərini Azərbaycan seçki təcrübəsi üçün xüsusi mərhələ olaraq qiymətləndirmək lazımdır.

Ovqat.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qurumunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı deyib.

A.Camalqızı bildirib ki, seçkidən sonrakı prosesi dəqiqliklə qiymətləndirmək üçün Prezident İlham Əliyevin Kürdəmirə səfəri zamanı ASAN Xidmət mərkəzində verdiyi açıqlamanı incələmək lazım gəlir:

“Prezident qeyd etdi ki, parlament seçkiləri bizim demokratik inkişafın təmin edilməsi niyyətində olduğumuzu bir daha göstərdi. Fevralın 12-də Prezidentin dilindən səslənən bu tezis cəmi bir gündən sonra Mərkəzi Seçki Komissiyasının keçirdiyi geniş iclasda əməli nəticə ilə təsdiqləndi”.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev seçki pozuntusuna heç bir ehtiyac olmadığını tamamilə aydın və açıq mətnlə elan etdi:

“Prezident apardığı mükəmməl islahatların xalq arasında necə böyük dəstək qazanmasını da, reytinqinin hansı səviyyəyə yüksəldiyini də dəqiqliyi ilə hesablayır. Prezidentin “bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur” sözləri qətiyyən təsadüfi deyil. İlham Əliyev siyasi hədəflərini bilir və cəmiyyətin siyasi-iqtisadi inkişaf istiqamətlərini də şəxsən özü müəyyənləşdirib. Xalqın dəstəyinə əminliklə elan edilən bu siyasi kursun nəticəsi idi ki, Mərkəzi Seçki Komissiyası ilk dəfə şikayət olmamasına baxmayaraq, sosial şəbəkələrdə yayılan videoları araşdırmaya götürdü və nəticəsi də ortadadır.

Digər ən mühüm məqam isə ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Bakıda apardığı müşahidə missiyasının rəsmi açıqlamasına münasibət idi. Burada da Prezidentin təmkinli və həssas yanaşmasını müşahidə etdik. Prezident ATƏT DTİH-in bundan öncə yaydığı hesabata tamamilə fərqli münasibət sərgilədi, halbuki o hesabatda kifayət qədər qərəzli yanaşmalar vardı və Türkiyədə yaşayan professor Aygün Attarın müşahidəçilik missiyasının ləğv edilməsi haqda MSK-ya müraciətində də biz bunun şahidi olduq. Bu məqama Prezident də xırdaca toxundu və bəzi məqamların qəbul edilmədiyini diqqətə çatdırdı. Buna baxmayaraq, ümumilikdə hesabata yanaşmanın dəyişməsi və bu hesabatdakı tənqidlərin incələnməsinin vacibliyi ismarışını da verdi. Bunun ardınca Mərkəzi Seçki Komissiyasının toplantısında ATƏT nümayəndələrinin də iştirakı və onların müraciətinə baxılması, sonra isə artıq hamının bildiyi qərarların verilməsi Azərbaycan Prezidentinin ölkədə fərqli bir seçki fəlsəfəsi tətbiq etmək niyyətini açıq-aşkar göstərmiş oldu”.

Politoloqun sözlərinə görə, bəzi dairələrin nəticələrinin ləğv olunması çox şeydən xəbər verir:

“MSK-nın öz təşəbbüsü ilə sosial şəbəkələrdən araşdırıb üzə çıxardığı materiallar, videogörüntülər hesabına qanun pozuntularına yol verilmiş seçki dairələrinin nəticələrinin ləğvi Azərbaycan tarixində bir ilkə imza atmaqla yanaşı, cənab Prezidentin islahatlar siyasətinin nə qədər ciddi aparıldığını bir daha gözlər önünə sərdi.

Ləğv olunan dairələrdən seçilən namizədlərə fikir verdinizmi? Dördü də tanınmış sima, təcrübəli şəxs idi. Bu, bir daha sübut edir ki, Prezidentin şəffaflaşdırma siyasəti geniş mənada davam edir və hər kəs – kimliyindən asılı olmayaraq - bu şəffaflaşma ilə hesablaşmaq məcburiyyətindədir”.

A.Camalqızı bildirib ki, xüsusilə vurğulanmalı olan məqamlardan biri də Prezidentin seçki pozuntusuna yol verən şəxslərlə bağlı ciddi cəza tədbirlərinin görülməsi haqda mövqeyidir:

“Prezident pozuntulara yol verən şəxslərin cəzalanmasını gələcəkdə bu pozuntulara yol verilməməsi üçün vacib saydı. Əlbəttə, hələlik seçki pozuntusuna yol verən şəxslərlə bağlı tədbirlər görülməyib, çünki araşdırmalar davam edir. Buna görə də ən qısa müddətdə bu prosesin başlayacağına heç bir şübhə ola bilməz. Bunun anonsunu MSK sədri Məzahir Pənahov da verdi və bildirdi ki, seçki pozuntusunun dərəcəsindən asılı olaraq, Baş Prokurorluğa müraciət də gündəmdədir. Demək, biz seçki pozuntusuna yol verən şəxslərin yalnız seçki komissiyası üzvlüyündən çıxarılmasının deyil, həm də məsuliyyətə cəlb edilməsinin şahidi ola bilərik. Bu isə Prezidentin saxtakarlığa qarşı sərt iradəsini, islahatların davamı olaraq yeni seçki mühiti yaratmaq niyyətini və bu yoldakı maneələrə qarşı qəti mövqeyini bir daha ortaya qoyur”.

A.Camalqızı onu da vurğulayıb ki, hələ proses davam edir:

“MSK öz təşəbbüsü ilə 300 video-görüntünü araşdırdığını bildirmişdi və ötən gün rəsmi açıqlamasında 200 görüntünün incələnməsi nəticəsində qərarların verildiyini bildirdi. Daha 100 görüntünün araşdırılması prosesi gedir, üstəlik, 20-yə yaxın şikayət də araşdırılması üçün DSK-lara göndərilib. Hesab edirəm ki, bu addımlar cəmiyyətə ötürülən müsbət mesajlardır və bunun da nəticələrini növbəti seçkilərdə ən yüksək səviyyədə müşahidə edəcəyik”.




Ana səhifəyə qayıt        Baxış: 562          Tarix: 14-02-2020, 23:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma