Xəbər lenti

 

“Türkiyə-Rusiya münasibətləri” mövzusunda professor Rüstəm Məmmədovla müsahibəni təqdim edirik.

- Rüstəm müəllim, Suriya məsələsinə görə Rusiya ilə Türkiyə münasibətlərində gərginlik hələ də davam edir. Siz bu vəziyyəti necə qiymətləndirirsiniz?

- Rusiya ilə Türkiyə arasında prinsipial məsələlərə baxışda bir qədər fərqli yanaşmalar ortaya çıxıb ki, bu da hər iki dövlətlərin maraqları ilə əlaqəlidir. Ancaq bu o demək deyil ki, Rusiya və Türkiyə Suriyada bir-birinə hücum edəcək, müharibə aparacaq. Bu əsassız söhbətdir. Nə Türkiyə Rusiyaya hücum edəcək, nə də Rusiya Türkiyəyə. Sözsüz ki, ortalıqda problem var və o həll edilməlidir. Hər iki dövlət anlayır ki, indiki zamanda bir-birinin əksinə getmək onların ziyanınadır.

- Bu iki dövlət arasında ziddiyyətlər nədən ibarətdir?

- Əvvəla, maddi və ərazi maraqları. Mən iki məqamı qeyd edim. Rusiya və Türkiyə arasında münasibətləri pisləşdirən Liviya və Suriyada yaşanan hadisələrdir.

Əvvəla, Liviyanı götürək. Liviyada neft-qaz məsələsi var və Türkiyə buna sahib olmaq istəyir. Eyni zamanda regionda Kipr məsələsi də var. Kipr Respublikası isə müəyyən qədər Rusiyaya yaxındır. Həm də ruslar istəyirlər ki, Liviya məsələsində özləri öndə olsunlar. Odur ki, Liviya ilə bağlı ölkələrin mövqelərində belə ziddiyyət yaranıb.

Suriyada isə məsələ fərqlidir. Türkiyə Suriyada hər zaman maraqlarını qorumağa çalışır, dərinə getsək, türklər Osmanlı zamanından bu yana maraqlarını düşünür. Bu da rusların xoşuna gəlmir. Ruslar da burada zəifləmək istəmir. Odur ki, dava burada strateji maraqların itirilməsindən gedir.

Bilirsinizmi, türk ordusu İdlib istiqamətində müəyyən əməliyyatlar keçirdi. Bəli, ruslar buna etiraz edirlər. Çünki çalışırlar ki, əsas müttəfiqi olan Əsədi müdafiə etsinlər. Eyni zamanda əlavə edim ki, Suriyada Rusiya, İran, Türkiyə, Amerika, Fransa, Bəşər Əsədin ordusu vuruşur. Burada maraqlar çarpaz formada toqquşduğu üçün bəzən silahlar işə salınır.

Ancaq Rusiya və Türkiyə strateji portnyorluqdan imtina etməyəcəklər.

- Amma ortada maraqlı nüans var. İsrail az qala həftədə 3 dəfə Dəməşqi bombalayır, əvəzində ruslar sadəcə susur, amma Türkiyə İdlib istiqamətində əməliyyat keçirən kimi ruslar buna etiraz edir. Sizcə, niyə?

- İsrail Amerikaya bağlıdır. Rusiya İsrailə qarşı çıxsa, istər-istəməz Amerika ilə üz-üzə gəlməli olacaq. Ancaq Türkiyəni özünə yaxın biri kimi qəbul edir. Bir daha vurğulayım ki, Suriyada bəzən elə mürəkkəb proseslər baş verir ki, bunu heç araşdırmağa zaman olmaz.

- Faktiki olaraq, Suriyada türklərlə ruslar bir dəfə üz-üzə gəldilər. Bundan sonra gəlsələr, münasibətlər necə olacaq?

- Rusiya və Türkiyə heç vaxt üz-üzə gəlməyəcək. Epizodik olaraq üz-üzə gələ bilərlər, amma böyük mənada müharibə ehtimalı sıfıra bərabərdir. Amerikanın özü də İranla düşmən münasibətdədir. Hətta deyilirdi ki, sabah İrana qarşı müharibə başlayacaq. Gördüyünüz kimi, başlamadı. Çünki strateji maraqlar hər şeyi üstələyir. Rusiya və Türkiyə münasibətlərində də strateji maraqlar əsas kimi götürülür. Ola bilsin ki, məsələlərə baxışlarda fərqlər, lap ziddiyyətlər var. Ancaq bu, heç bir halda müharibəyə gətirib çıxarmayacaq.

- Türkiyə İdlibdə əməliyyata başlayanda və Rusiya buna etiraz edəndə NATO açıq bildirdi ki, Türkiyəni dəstəkləyir və müdafiə edir. Niyə?

- Əlbəttə, Türkiyə NATO ölkəsidir və bu mənada NATO Türkiyə ilə münasibətlər sisteminə malikdir. Ancaq burada siyasi məsələ də var. ABŞ və NATO həm də belə amillərdən istifadə edərək istəyir ki, Türkiyəni əvvəlki xəttinə qaytarsın. NATO-nun marağı budur. Rusiya isə heç bir halda Türkiyəni itirmək istəmir. Amma Putin istəmir ki, Ərdoğan bu məsələdə onunla hesablaşmadan addımlar atsın. Problem budur. Mənim qənaətimə görə, Rusiya və Türkiyə sonunda masaya oturaraq yeni Yol Xəritəsi üzərində işləyəcəklər, hər ikisi öz maraqğını təmin edəcək. Başqa variant yoxdur.

- Digər maraqlı məqam Almaniya və Fransa liderlərinin Ərdoğanla Putin arasında görüş təşkil etmək cəhdləridir. Bu prosesdə rəsmi Paris və Berlinin marağı nədən ibarətdir?

- Hesab edirəm ki, əslində Paris və Berlin bu işdə artistlik edir. Başqa səbəb görmürəm. İdlib məsələsini Türkiyə və Rusiyanın özü yoluna qoyacaq. Həm də bu iki dövət arasında kanallar işləkdir, əlaqələr mövcuddur.

Yeri gəlmişkən, yaxın günlərdə Rusiya və Türkiyə rəhbərlərinin görüşü planlaşdırılır. Onlar oturub öz aralarında vəziyyəti müzakirə edib qərar verəcəklər. Hesab edirəm ki, Rusiya müəyyən mənada Türkiyyə güzəştə getməyə məcbur olacaq. Çünki Suriyada Türkiyənin də dayaqları güclüdür. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 321          Tarix: 25-02-2020, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma