“Prezidentlərin görüşündə yalnız üç ölkənin deyil, həm də bir neçə regionun taleyinə toxunan məsələlər müzakirə olunub”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putinin görüşünü şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, müzakirə olunan məsələlər arasında şimal-cənub nəqliyyat dəhlizinin formalaşdırılması və genişləndirilməsi müzakirə olunan məsələlər arasında xüsusi önəm daşıyırdı:
“Məlum olduğu kimi, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışından sonra şimal-cənub nəqliyyat dəhlizinin işə salınması gündəmdədir. Diqqətçəkən məqam odur ki, Azərbaycan Avrasiya üçün strateji əhəmiyyət daşıyan iki böyük layihənin açar dövləti rolunda çıxış edir. Həm Bakı-Tbilisi-Qars dəmiryolu xətti, həm də şimal-cənub dəmiryolu layihəsinin maliyyələşdirilməsində Azərbaycan çox yaxından iştirak edib. Azərbaycan şimali-cənub dəmiryolu layihə çərçivəsində Astara çayı üzərində böyük bir dəmiryolu körpüsünü tikib və daha 35 kilometrlik dəmiryolu xəttini çəkib. Bu layihə ilə Hindistan, Əfqanıstan, bəzi ərəb ölkələri, həmçinin Rusiyanın bir sıra regionları maraqlanır. Layihənin icrasından sonra Azərbaycanın gəlirləri, ilkin hesablamalara görə, illik 200 milyon dollardan çox olacaq. Bu, dəmiryolu xəttindən götürülən xalis gəlirdi”.
Q. Hüseynli qeyd edib ki, şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsi ilə Azərbaycanın geosiyasi çəkisi də xeyli artacaq:
“Azərbaycan xarici münasibətlərdə daha dinamik rol oynayacaq. Bu proses bir sıra problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllini asanlaşdıracaq. Zirvə görüşü iqtisadi mahiyyət daşısa da, siyasi məsələlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunulması böyük önəm daşıyır. Yəqin ki, üçtərəfli görüş münaqişənin həllinə təsirsiz ötüşməyəcək”.
Müsahibimiz vurğulayıb ki, Tehran görüşünün başqa bir əhəmiyyətli tərəfi Xəzərin statusu ilə bağlı məsələnin müzakirə edilməsidir. Xəzər dənizinin statusu məsələsində indiyə kimi müqavimət göstərən ölkələrdən biri də İran idi. Məncə, üçtərəfli görüşdən sonra İranın mövqeyində ciddi yumşalma hiss olunur. Tehrandan verilən bəyanata görə, statusla bağlı son qərar yaxın vaxtlarda imzalana bilər. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Xəzər dənizi ilə bağlı ciddi maraqları var. Xəzərdə hələ kəşf edilməmiş neft-qaz yataqları var. Bu yataqlar mübahisəli ərazidə yerləşdiyi üçün onlardan istifadə olunmur. Xəzərin statusu barədə yekun qərar veriləndən sonra, çox güman ki, bu yataqların istismarı məsələsi də gündəmə gələcək”.
Paylaş: