Xəbər lenti

Suriya lideri Bəşər Əsəd və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar böyük güclərin əlində vasitədir. Bu səbəbdən onlar özbaşına addım atmırlar. Haftarla Əsəd arasında razılaşma əldə edilsə belə, yekun qərarı onları dəstəkləyən qüvvələr verəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın rəhbərliyi ilə yaradılan müvəqqəti hökumətin nümayəndə heyətinin Suriyaya səfəri və Dəməşqdə keçirdiyi görüşü şərh edərkən deyib. O bildirib ki, Türkiyənin Suriyada mövqelərinin möhkəmlənməsi böyük qüvvələri narazı salır:

“Bu mənada Xəlifə Haftarın hücumları ilə Əsəd qüvvələrinin hücumu arasında məntiqi bir əlaqə var. Əsas məsələ Türkiyəni iki cəbhə arasında qoymaqdır. Lakin hadisələrin seyri onu göstərir ki, onlar qarşılarına qoyduqları məqsədə çata bilmədilər. Türkiyə ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Əsəd qüvvələri çox ciddi itkilərə məruz qalıb”.

Politoloq bildirib ki, Xəlifə Haftarla Bəşər Əsəd arasında Türkiyəyə qarşı razılığın olduğu bəlli idi:

“Əsədin İdlibə, Haftarın isə Tripoliyə eyni anda hücumları bunun sübutu idi. Bu mənada Suriya hökumət üzvləri ilə Haftarın adamlarının görüşməsi tərəflərin birlikdə hərəkət etməsini bir daha təsdiqləmiş oldu.

Bu görüşün əsas məqsədi Türkiyənin son günlər İdlibdə üstünlüyü tam ələ alması ilə bağlıdır. Bu gün belə bir təəssürat var ki, Haftar Liviyada artıq qalibdir. Əslində bu, yanlış yanaşmadır. Çünki bu gün Haftarın vəziyyəti Əsəddən fərqli deyil.

Bu gün Xəlifə Haftarla Bəşər Əsədi dəstəkləyən qüvvələr arasında bir paralellik var. Buna baxmayaraq, demək olar ki, Suriya məsələsində ciddi fikir ayrılıqları da mövcuddur. Qərbdə Haftarı dəstəkləyən olsa da, Əsədi qəti dəstəkləmir. Lakin Rusiyanın mövqeyi tam fərqlidir: Moskva həm Əsədi, həm də Haftarı dəstəkləyir”.

V.Zifəroğlu Fransanın Haftarı dəstəkləməsinə baxmayaraq, Suriya məsələsində Türkiyəni müdafiə etmək məcburiyyətində qaldığını deyib:

“Fransanın Türkiyəni dəstəkləməsi heç də NATO müttəfiqi olması səbəbindən deyil. Məsələ ondadır ki, başda Fransa olmaqla Qərb ölkələri Suriyada Əsəd rejiminin məğlub olmasını istəyir. Rusiya və İran faktoru da bu dəstəyin zərurətini artırır. Bu mənada deyə bilərik ki, Fransa və Qərbin maraqları Türkiyə ilə üst-üstə düşür”.

Politoloqun sözlərinə görə, Haftarla Əsəd arasında razılaşma əldə olunub:

“Bu razılaşmaya görə, Haftar hazırkı vəziyyətdə Liviyada təzyiqləri artırmalı, Türkiyənin diqqətini Suriyadan çəkməlidir. Lakin tərəflər arasında hər nə qədər bu məsələdə razılaşma əldə olunsa da, Haftarın riayət etməsi sual atındadır”.




Ana səhifəyə qayıt        Baxış: 1 350          Tarix: 2-03-2020, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma