Xəbər lenti
Zakir ŞİRİYEV, hüquqşünas
 
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Eyni zamanda, Konstitusiyanın 41-ci maddəsinin II hissəsinə əsasən, dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görməklə, sanitariya-epidemiologiya salamatlığına təminat verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də, hər şeydən əvvəl, Konstitusiyanın bu müddəlarını əsas götürərək, önləyici tədbirlərin tətbiqi ilə bəşəriyyətin bəlasına çevrilən koronovirus epidemiyasına qarşı mübarizənin birinci mərhələsini uğurla başa vurmağı bacardı və ölkə əhalisinin bu bəladan maksimum dərəcədə az itkiylə çıxmasını təmin edə bildi.

Nəzərə almaq lazımdır ki, pandemiyadan sonra qlobal iqtisadi böhran gəlir və ölkə bütün istiqamətlər üzrə həm də bu böhrandan itkisiz çıxmağa hazırlanmalıdır.

Hazırda ölkənin iqtisadi həyatında tətbiq edilən yeniliklərə və həmçinin idarəetmədə aparılan kadr əvəzləmələrinə, o cümlədən məhkəmə-hüquq sistemində başlayan islahatlara da qabaqlayıcı tədbirlər kimi yanaşmaq gərəkdir və görülən işlər özünün səmərəli nəticələrini göstərməkdədir.
Eyni zamanda, ölkədə həm də cinayətkarlığa qarşı mübarizənin yeni mərhələsi başlayıb.

Əvvəlki yazılarımızda da dəfələrlə vurğulamışdıq ki, müstəqillik əldə etdikdən sonra ölkənin qarşılaşdığı iqtisadi böhranın aradan qaldırılmasında cinayətkarlığa qarşı səmərəli mübarizənin aparılması çox önəmli rol oynayıb və böhran dövrlərində bu sahəyə xüsusilə diqqət ayırmaq gərəkdir.

Xatırlayırsınızsa, 1991-1993-cü illərdəki hakimiyyət dəyişiklikləri və terror aktları, SSRİ dağılandan sonra bir-biri ilə bağlı olan iqtisadi əlaqələrin pozulması, Dağlıq Qarabağ qaçqınlarının və Ermənistandan deportasiya olunan köçkünlərin problemləri və sair çətinliklər milli sərvətlərin talan edilməsinə də münbit şərait yaratmışdı.

Çünki yaranmış vəziyyətdən istifadə edən müəyyən qruplar iri sənaye-istehsal müəssisələrində istehsal edilən, lakin satılmayıb müəssisələrdə qalan hazır məhsul və xammalı müxtəlif işbazlar vasitəsilə keçmiş SSRİ məkanına və digər xarici ölkələrə satmaqla, ölkə iqtisadiyyatını, faktiki, çökdürmüşdülər.

Mərhum Prezident Heydər Əliyev tərəfindən ölkənin müstəqilliyinə olan təhlükələrin aradan qaldırılması və sabitliyin bərpası imkanı verdi ki, iqtisadi cinayətlərə qarşı da mübarizə gücləndirilsin.

Məhz buna görə də “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 09 avqust 1994-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərmanı verildi. Həmin fərman əsasında da iqtisadi cinayətlərə qarşı mübarizə aparmağın konkret sahələri, mübarizə metodları və s. geniş formada müəyyənləşdirildi.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 17 iyun 1996-cı il tarixli, “Dövtət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 07 yanvar 1999-cu il tarixli fərmanları və “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 27.01.1998-ci il tarixli sərəncamları ilə bu sahədə xeyli əsaslı, səmərəli tədbirlərin görülməsinə şərait yarandı.

Bu günə kimi də bu sahə üzrə, iqtisadi inkişafa uyğun olaraq, yeni qanunvericilik aktları qəbul edilməklə səmərəli nəticələr də əldə edilir.
Şübhəsiz ki, bütün bunlar asanlıqla əldə edilməyib, ölkə ağır bir dövrdən, çətin mərhələlərdən keçə-keçə gəlib bugünlərə çatıb.

Heç uzağa getməyək, milli sərvətlərin talanı ilə yanaşı, 20 Yanvar və Xocalı hadisələri kimi faciələrin də ölkəmizə necə ağır maddi və mənəzi zərbələr vurduğunu yada salaq. Həmin dövrü yaşayanlara məlumdur ki, 20 yanvar 1990-cı il tarixdə keçmiş SSRİ-nin xüsusi təyinatlı qoşun hissələri Bakı şəhərində qırğın törətməklə, 100 nəfərdən artıq dinc sakini qətlə yetirmiş, çoxlu sayda insanı yaralamış, 200 ev və mənzil, 80 ədəd müxtəlif markalı minik və təcili yardım maşınları məhv edilmiş, Neftçala və Lənkəran şəhərlərində də qətllər törədilmişdir.

Haşiyə çıxaraq bildirim ki, şəxsən mən özüm həmin hadisənin canlı şahidi olmuşam. Belə ki, 18 yanvar 1990-ci il tarixdə Bakı şəhərində xidməti ezamiyyətdə idim. Faciənin səhəri günü keçmiş Razin qəsəbəsindən qardaşımla birlikdə Təzəpir məscidinə gəldik. Yol boyu qan gölməçələri, cəsarətli insanların qoyduqları qərənfillər, tankın altında qalıb əzilmiş avtomaşınlar və addımbaşı hərbiçilərin kobud rəftarıyla müşayiət edilən yoxlamalar bizi ləngidərək, təxminən, 4 saata Təzəpir məscidinə çatmağımıza səbə olmuşdu… Bu müddət ərzində yol boyu hər ikimiz göz yaşımızı saxlaya bilmir, hönkür-hönkür ağlayırdıq… Qandondurucu dəhşətli mənzərə var idi.

Mən evimizin təmiri üçün həkim işləyən həyat yoldaşımın əməkhaqqından illərlə banka qoyub topladığı on min manatdan artıq pulu da yardım məqsədiylə özümlə götürmüşdüm. Təzəpir məscidinə ardı-arası kəsilmədən meyit gətirirdilər. Bu hadisədən sifəti avazımış Şeyximiz Allahşükür Paşazadə ilə görüşdüm və yardım gətirdiyimi bildirdim. O da camaatın hələ şok vəziyyətində olduğunu, hazırda kəfənin çatışmadığını və bu yardımımızın da lap yerinə düşdüyünü vurğuladı, xanım köməkçisini çağırıb, pulu ona verdi və adımı qeyd etməyi tapşırdı.

Mənsə öz adımı yox, prokuror işlədiyim Ağsu rayonunun adını yazmağı xahiş etdim və sanki, bununla özümdə bir təskinlik tapdım…
Yaradanın hikmətinə baxın ki, həmin pul, elə bil, şəhidlər üçün yığılıbış… Bu hadisənin üstündən 30 il vaxt keçsə də, ilk dəfədir ki, bu barəda danışıram…

Yanvar hadisəsindən sonra Ağsu rayonunda bir qrup gənc faciə ilə bağlı SSRİ Mərkəzi Komitəsinin birinci katibi M. Qorbaçovun kitablarını yandırıb, onun ünvanına nalayiq sözlər demişdilər.

O vaxtı regional təhlükəsizlik komitəsinin əməkdaşları gəlib mənimlə görüşərək, hadisəni törədənlərin siyahısını da təqdim etmişdilər və həmin şəxslər haqqında 30 sutka həbs olunmaları barədə sanksiya verməyimi istəyirdilər.


O vaxt biz hamımız Heydər Əliyevin Siyasi Büronun üzvü olması, onun şəxsiyyəti və Respublika üçün gördüyü işlərlə qürur duyurduq. Ona qarşı çox mənfi bir kampaniya başlamışdı və bu münasibət hamımıza pis təsir etmişdi.

Mən qəfildən həmin əməkdaşlardan soruşdum: “Sizin milli kadr kimi yetişməyinizdə kimin xidməti olub?” Onlar da qeyri-ixtiyari “Əlbəttə, Heydər Əliyevin” dedilər. Onda mən dedim: “Yaxşı, Heydər Əliyev kimi adamı işdən çıxaran və 20 yanvar qırğınını törədən M. Qorbaçovun kitablarını yandırmaqla etirazlarını bildirən gənclərə qarşı həbs cəzası seçmək, sizcə, nə dərəcədə ədalətli olar?!”

Sanki, qəfildən ayılıblarmış kimi, mənimlə razılaşdılar və qayıdıb getdilər. Həmin gənclərə qarşı da heç bir tədbir görülmədi…
Yadımdadır, Şuşa hələ işğal olunmamışdı. O illərdə “Səhər” qəzeti çıxırdı. Həmin qəzetin redaktoru Şuşanın müdafiəsində olan əsgərlərin tibbi avadanlıq və sarğı materiallarına ehtiyac olduğu üçün yardım edilməsi çağırışını etmişdi.

Evdə 5-7 yaşında uşaqlarıma qəzetdəki çağırışı oxudum və onlara təklif etdim ki, velosiped, kitab almaq üçün yığıdığınız pulları Şuşanın müdafiəsində vuruşan əsgərlərimizə yardım edilməsini istəyirsinizmi?! Onlar da qeyd-şərtsiz razılaşdılar və səhəri günü onlarla birlikdə gedib, apteklərdən çoxlu miqdarda sarğı materialları və digər tibbi ləvazimatlar aldıq.

Xeyli bağlamalar hazırlayıb, “Səhər” qəzetinin redaksiyasına göndərdik. Bir həftədən sonra uşaqların adları və bağlamaların əsgərlərə çatdırıldığı haqda məlumat qəzetdə dərc edilmişdi. Evdəki üç uşağın isə sevinclərinin həddi-hüdüdü yox idi…

O dövrdə döyüş gedən bölgələrdə daxili işlər orqanlarının xüsusi təyinatlarından əlavə, rayonlardan polis əməkdaşları da iştirak edirdilər. Cəbrayıl rayonunun müdafiəsində Lerik rayon polis şöbəsinin əməkdaşları da iştirak edirdilər. Onlara da yardım olunurdu…


Çox gərgin bir dövr idi. Kəlbəcər işğal olunan ərəfədə fərariliyə qarşı mübarizə məqsədi ilə Respublika Prokurorluğunun xətti ilə Tərtər və Bərdə rayonlarına ezam edilmişdik.

Təsəvvür edin, Bərdə batalyonunda cəmisi bir ədəd tank var idi, onun da akkumlyatorunu çıxarmışdılar.

Ezamiyyət dövründə gördüyümüz işlər, o cümlədən hərbi texnikanın vəziyyəti haqqında arayış yazıb, rəhbərliyə təqdim etmişdik…

Yəni, mən bu acı xatirələrimi bölüşmək, bəzi faktları xatırlamaqla, o illərdəki durmumuzu diqqətə gətirmək istəyirəm.

Şübhəsiz, Ermənistandan – əzəli torpaqlarımızdan deportasiya olunanlarımızın, köçkün soydaşlarımızın o dövrlə bağlı ağrılı xatirələri daha zəngindir və onlar illərdir bu ağrı, eləcə də torpaq nisgili, həsrəti ilə yaşayırlar. Xüsusən yaşlı və orta nəsl adamların keçirdikləri hissləri, iztirab və ümidləri biz də yaşasaq, bunun nə böyük dərd olduğunu anlayarıq.

Yeri gəlmişkən, mən Milli Məclisin deputatı Musa Quliyevin bir müsahibəsində oxumuşdum ki, o, Ermənistana rəsmi heyətlə səfəri zamanı şərait yaradılıb ki, doğulduğu kəndlərinə baş çəksin. Musa müəllim yaşadıqlarını, gördüklərini, keçirdiyi hissləri elə təsvir edir ki, elə bil, sən də onunla bir yerdəsən. Təəssüf ki, hər kəs bunun çox ağır dərd olduğunu başa düşə bilmir. Halbuki bu, bütöv bir elin, obanın və deportasiya olunmuş bütün soydaşlarımızın ümumi dərdidir…

Ürək parçalayan başqa bir fakt: Laçından olan ana oğluna dirəşib ki, məni Laçına apar. Yazıq oğul da cavab veriir ki, axı, Laçın eməni işğalındadır, səni ora necə aparım?

Bu, əslində, bir ana fəryadıdır, düşməndən qisas almaq çağırışıdır. İşğal olunmuş digər rayonlar kimi, mən Laçında da dəfələrlə olmuşam. Oranın insanları dağları qədər əzəmətli və vüqarlıdırlar. İçimizdən satqınlar olmasaydı, şübhəsiz ki, Şuşanı, Laçını, Ağdamı və digər rayonları işğal etmək mümkün deyildi.

Mərhum xalq şairi Bəxtiyar Vahabzadədən sonra, məncə, yaradıcılığı ilə insanı daha çox düşünməyə sövq edən şairimiz Ramiz Rövşəndir. Xalq şairi Ramiz Rövşənin üzündə həmişə xoş təbəssüm olsa da, daxilən necə əzab, iztirab çəkdiyi hər kəlməsindəcə öz əksini tapıb, sanki, bir Qubadlının deyil, bütün Qarabağın, bütün azərbaycanlıların dərdiylə yüklənib özü və misraları.

Yaxud, həqiqi ziyalı, əsil alim olan Rafiq Əliyevin qürur və mənəvi zənginliyini görüb, bir tərəfdən təskinlik tapırsan ki, belə insanlarımız var, o biri tərəfdən də kədələnirsən ki, axı niyə belələri azdır?!

Sözsüz ki, dərin səbəbli köklü problemlərimiz çox olduğu qədər, onların həlli istiqamətində ardıcıl, mərhələ-mərhələ görülən işlər də ortadadır. Əsas odur ki, ölkədə uzunmüddətli daxili sabitlik və ölkənin qarşısında duran əsas problemlərin həlli üçün də Prezident səviyyəsində siyasi iradə var.

Son vaxtlar ardıcıl olaraq DİN, DTX və hazırda da Respublika Baş Prokurorluğunda həyata keçirilən təyinatlar isə ümid yaradıb ki, məhkəmə-hüquq sistemində də köklü islahatlara nail olunacaq.

Ümumiyyətlə, hazırda cinayətkarlığa qarşı mübarizənin yeni mərhələsi balşayıb və ifşaedici faktlar bir çox məmurların mənəviyyatsızlıq və harınlığının bütün detallarını açıb göstərməklə yanaşı, hüquq-mühafizə orqanları, o cümlədən prokrorluq işçiləri qarşısında da yeni tələblər qoyur.

Mən keçmiş prokurorluq işçisi olduğumdan, prokurorluqla bağlı vacib saydığım bəzi məsələləri qeyd etməyi zəruri hesab edirəm.


Məsələn, vicdanlı və peşə prinsiplərini yaxşı mənimsəmiş prokurorluq işçilərinin əksəriyyəti etiraf edər ki, Azərbaycan Respublika Prokurorluğunda hörmətli İlyas İsmayılovun rəhbərliyi dövründə çox güclü kadr potensialı yaradılmışdı. İlyas müəllim kadların irəli çəkilməsində yüksək peşə hazırlığına və mənəvi təmizliyə, dürüstlüyə, fəaliyyətlərində qanunun aliliyi prinsipinin əsas götürülməsinə çox üstünlük verdiyindən, Respublika Prokurorluğunda, faktiki olaraq, “İlyas İsmayılov məktəbi” adlandırılan böyük bir kadr potensialı formalaşmışdı. Şübhəsiz ki, bu potensialın ortaya çıxmasında İ.İsmayılovun özünün şəxsi keyfiyyətləri, xüsusən də möhkəm iradəsi, ciddi intizamı və prokurorluğun bütün əməkdaşlarına fərq qoymadan qayğı ilə yanaşması əsas rol oynamışdı.

Baxmayaraq ki, həmin dövrdə prokurorluğun maddi-texniki bazası indiki kimi yüksək səviyyədə deyildi.

Mərhum Baş Prokuror Murad Babayevin fəaliyyəti isə AXC-nin hakimiyyəti dövrü ərəfəsinə düşmüşdü və ona olan təzyiqlər nəticəsində də vəzifədən uzaqlaşdı. Həmin vaxt isə prokurorluqda rəhbər vəzifələrə bu sahədə heç vaxt işləməyən, təcrübəsiz, səriştəsiz və məsuliyyətsiz şəxsləri gətirdilər. AXC-nin qısamüddətli hakimiyyəti uğursuluqla başa çatdığından, həmin şəxslərin də çoxu vəzifələrindən kənarlaşdırıldılar.

Eldar Həsənovun Baş Prokuror olduğu dövr isə ən təlatümlü illərə düşsə də, o, prokurorluğun nüfuzunu saxlamağı bacardı və bütün şəraitlərdə də öz iradəsini göstərə bildi. Ondan sonra isə prokurorluq durğunluq və tənəzzül dövrünə qədəm qoydu.

Hal-hazırda Kamran Əliyevin Baş Prokuror təyin edilməsi bu qurumun nüfuzunun yenidən qaldırılacağına xeyli ümidlər yaradıb və təqdirəlayiq haldır. Mən onunla birgə çalışmışam – Kamran Əliyev hələ Tədris Mərkəzinin rəisi olanda mən prokuror, o, İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq işləyəndə isə mən də həmin idarənin böyük prokuroru vəzifəsində işləmişəm. Bu səbəbdən, onun yüksk potensiala sahib olduğunu bilirəm. Hətta İstintaq İdarəsində işlədiyi vaxt onun da müəllifi olduğu 215 səhifədən ibarət “Mülkiyyət və iqtisadi fəaliyyət sahəsində cinayətlərin istintaq metodikası” adlı kitab da hazırlayıb nəşr etdirmişik. 2000-ci ildə nəşr edilmiş həmin metodik vəsait bu gündə istifadə olunur.  K.Əliyevin elmi tədqiqat fəaliyyəti kriminologiya ilə bağlı olduğu üçün həmin metodik vəsaitdə elmi-analitik göstəricilər də yer tutmuşdu.
Qısaca deyim ki, o, peşəkar, savadlı və prokurorluğun əsas sahələri üzrə işləyərək zəngin iş təcrübəsi toplamış və həm də məsələlərə öz mövqeyi, yanaşması olan bir prokurordur.

“Korrupsiyaya qarşı mübarizə haqqında” 13 yanvar 2000-ci il tarixli Qanun qəbul edildikdən sonra Baş Prokurorluqda Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılmasında və formalaşmasında onun böyük əməyi olmuşdur. Kimlərsə hansısa maraqlar naminə ona qarşı qərəzli məlumatlar yaysalar da, bunların heç bir əsası yoxdur və mən də hesab edirəm ki, Prezident İlham Əliyevin Baş Prokuror kimi onu təyin etməsi çox uğurlu addımdır.

Eyni zamanda, 01 may 2020-ci il tarixdə yeni təyin edilmiş Baş Prokuror K.Əliyevlə videoformatdakı söhbətdən aydın oldu ki, Prezident prokurorluq orqanlarının ölkədə həyata keçirilən islahatlara böyük töhfələr verə biləcəyini gözləyir və öz tövsiyələrində onların üzərinə bu istiqamətdə, xüsusən də korrupsiyaya qarşı mübarizənin təşkilində və qanunçuluğun qorunmasınd böyük məsuliyyət düşdüyünü xüsusi vurğulayır.
Nəzərə almaq lazımdır ki, “İctimai iştirakçılar haqqında” Azərbaycan Respublikasının 21 noyabr 2013-cü il tarixli Qanunun və digər normativ aktlarla cinayətkarlığa qarşı mübarizədə ictimai nəzarətə də çox böyük üstünlük verilmişdir.

Burada vətəndaş cəmiyyəti institutlarının (qeyri-hökümət təşkilatları), kütləvi informasiya vasitələrinin, həmkarlar ittifaqlarının təşəbbüs qruplarının və bələdiyyələrdə məhəllə komitələrinin fəaliyyətinə geniş yer verilir, ictimai nəzarət üçün ictimai şuralar yaradılır. Ancaq onu da bilmək gərəkdir ki, istər vəzifəli şəxsləri və istərsə də vətəndaşları ağır cinayət törətməkdə ittiham edən şəxslərdən “Vətəndaşların müraciətləri haqqında” 15 sentyabr 2015-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq, şikayət edən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən, bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti daşıyacağı barədə iltizam alınmalıdır. Bu izahat alındıqdan sonra zəruri ehtiyac duyularsa, yoxlama aparılmalıdır. Ona görə də qarşıdakı dövrdə kütləvi informasiya vasitələri əsası olmayan, dəqiqləşdirilməmiş məlumatları informasiya məkanına ötürməməli və bu məsələlərdə ehtiyatlı davranmalıdırlar.

Son günlər bəzi media qurumlarında DTX-nin korrupsiyaya qarşı mübarizə aparmaq səlahiyyətinin olub-olmaması müzakirəyə çıxarılsa da, bildirməliyik ki, bu, ölkə qanunvericiliyi ilə ona verilmiş səlahiyyətlərdir və qurum qanunamüvafiq şəkildə öz funksiyasını yerinə yetirir.

Xatırladım ki, “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı və digər normativ aktlara əsasən, Dövlət Təhlükəsizlik Xidmətinin bu sahədə fəaliyyət göstərməsi təmin edilib. Dövlətin iqtisadi maraqları, o cümlədən insan, cəmiyyət və dövlətin təhlükəsizliyinin qorunması DTX-nin əsas vəzifələri olmaqla, bu sahədə ən geniş səlahiyyətə malik qurumdur.

Daha çox islahata ehtiyac olan sahələrdən biri də məhkəmələrdir ki, “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı da elə bu zərurətdən doğub.

Ancaq burada hələ daha çox işlərin aparılmasına ehtiyac var və bu barədə növbəti yazılarımızda fikirlərimi bildirəcəm.
Strateq.az






Ana səhifəyə qayıt        Baxış: 1 622          Tarix: 26-05-2020, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma