Xəbər lenti


“Sarukyan heç vaxt Ermənistanda ciddi siyasi fiqur kimi qəbul edilməyib. O, parlament seçkilərində həmişə verdiyi rüşvətlər hesabına müəyyən səs qazana bilib. Bu gün ona qarşı açılmış cinayət işi üzrə səsləndirilən ittihamlardan biri məhz xalqın səsini rüşvət hesabına almaqla bağlıdır”.
Politoloq Natiq Miri belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistanda baş verən son hadisələr haqda fikrinizi bilmək istərdik. Baş nazir Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Sarukyana qarşı təzyiqlərinin arxasında hansı niyyəti var?

- Sarukyan Rusiyanın Ermənistandakı varlığının yeganə təcəssümü və güc mərkəzi kimi dəyərləndirilməlidir. Əlbəttə, Sarukyana siyasi lider demək çətindir, o, daha çox Rusiyada qəbul olunmuş siyasi qərarların Ermənistanda icraçısı kimi görünür. Çünki o, böyük siyasi potensiala sahib şəxs deyil. Buna görə də Sarukyanı siyas lider kimi yox, icraçı kimi qəbul etmək lazımdır.

Məlumdur ki, Sarukyan “Qarabağ klanı”nın iqtidarı dönəmində həmin hakimiyyətin şəriki kimi orada yer alıb. Bu yolla da Ermənistanda ciddi biznesini qura bilib, buna görə də bütün zamanlarda Ermənistandakı böyük oliqarxiya sisteminin bir üzvü kimi tanınıb. Sarukyan bu gün təkcə Paşinyan hökumətini tənqid etməklə yetinmir, ciddi hədələyici ritorikalarla fərqlənir. Yaxın iki aya Paşinyanın devriləcəyi ilə bağlı hökumətə barmaq silkələyir. Bu, Sarukyan və onun rəhbərlik etdiyi partiyanın gücü deyil, çünki onun və komandasının erməni ictimaiyyəti arasında güclü dayaq və nüfuzu yoxdur. Bu, Rusiyadan gələn bir mesaj kimi dəyərləndirilməlidir. Sarukyan da bu mesaj üzərindən bir icraçı kimi təkcə Paşinyana barmaq silkələmir, həm də erməni ictimaiyyətinə onu çatdırmaq istəyir ki, mövcud hakimiyyət o qədər də dayanıqlı deyil və xalq ona dəstəkdən əl çəkməlidir. Bununla həm Paşinyan, həm də erməni xalqı hədələnir.
Sarukyan heç vaxt Ermənistanda ciddi siyasi fiqur kimi qəbul edilməyib.

O, parlament seçkilərində həmişə verdiyi rüşvətlər hesabına müəyyən səs qazana bilib. Bu gün ona qarşı açılmış cinayət işi üzrə səsləndirilən ittihamlardan biri məhz xalqın səsini rüşvət hesabına almaqla bağlıdır. Hesab edirəm ki, Sarukyan və ona rəhbərlik edən Rusiya Ermənistanda ictimai rəyi dəyişə və ya Paşinyan hökumətini laxlada bilməsələr, yaxın perspektivdə Qagik Sarukyanın yenidən Paşinyan hökumətini dəstəkləməsi ilə bağlı bəyanat verəcəyinə təəccüblənməyəcəm. Çünki bu adam ikiüzlü bir şəxsdir, ayrıca, rəhbərlik etdiyi partiya da kiçik marginal qrupdan ibarətdir, konkret olaraq, Rusiyadakı maliyyə-biznes dairələrinin maraqlarını ifadə edir.
- Yəqin ki, Sarukyan baş verənlərlə bağlı Moskvanı məlumatlandırıb…

- Sarukyanın son zamanlarda Paşinyandan Rusiyaya şikayət etdiyi bir faktdır. Dünənə qədər hakimiyyətdə olan “Qarabağ klanı”nın rəhbəri Serj Sərkisyan Rusiyanın vassalı rolunda çıxış edirdisə, bu gün rollar dəyişib. Dünən Avropa Xalq Partiyasının videokonfransında iştirak edən Serj Sərkisyan nədənsə, bu dəfə Paşinyandan Rusiyaya yox, Avropaya şikayət etdi. Amma Sarukyan belə bir formatda iclasda şikayətini Rusiyaya ünvanladı. Bunlar göstərir ki, rollar və yerlər dəyişib. Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası Rusiyanın maraqlarına xidmət etməyə başlayıb. Bu da Ermənistanda Rusiyayönümlü yeni qütbün yaradıldığını göstərir. Hesab edirəm ki, bir çox kiçik siyasi partiyalar və təşkilatlar Sarukyanın partiyası ətrafında birləşməyə başlayacaq.

Amma Paşinyan hökuməti Sarukyanla bağlı iddialarından imtina etmək fikrində deyil. Bu proses təkcə Sarukyanın parlamentdəki toxunulmazlığının ləğvi ilə yekunlaşmayacaq. Artıq Sarukyan barəsində cinayət işi açılıb və gələcəkdə həbs edilə bilər. Buna görə də dünən Rusiyanın Ermənistandakı səfiri Kopirkinin Sarukyanı şəxsən qəbul etməsi təsadüfi deyil. Bu, Paşinyan və erməni ictimaiyyətinə verilən mesajdır ki, Rusiya Sarukyanı dəstəkləyir və onun həbs olunmasında maraqlı deyil. Bu son deyil, dünən Apelyasiya Məhkəməsi Robert Köçəryanı 4 milyon dollar müqabilində müvəqqəti də olsa, azadlığa buraxdı. Bu da onu göstərir ki, Ermənistanın hüquq sistemində Rusiya amili hələ də güclüdür. Baş prokuror isə vəsatət qaldırdı ki, cinayət işi tamamilə bitənə qədər Köçəryan həbsdə qalmalıdır. Çünki Köçəryanın azadlıqda olması, cinayət işinin aparılması prosesində şahidlərin ifadələrinin dəyişdirilməsinə şərait yaradıla bilər. Köçəryan müəyyən şahidləri istənilən yolla qorxuda bilər ki, bu da prosesə zərər verə bilər.
- Sabiq prezident Robert Köçəryanın həbsdən azad edilməsinə diqqət çəkdiniz. Bu məsələni həm də Paşinyanın iyunun 24-nə nəzərdə tutulan Moskva səfəri ilə əlaqələndirmək olarmı?

- Düşünmürəm ki, Paşinyan Moskva ilə münasibətləri qaydasına salmaq üçün Köçəryanı həbsdən buraxmaq istəsin. Əgər belə bir istək olsaydı, Ermənistan Baş Prokurorluğu Apleyasiya Məhkəməsinin qərarına qarşı yeni bir iddia ilə çıxış etməzdi. Prokurorun iddiasına məhkəmədə baxılacaq. Mümkündür ki, Köçəryanın həbsi ilə bağlı yeni məhkəmə qərarı ortaya çıxsın. Paşinyan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı üzrə videokonfransında çıxışında birmənalı bildirdi ki, hökumətin apardığı islahatlara keçmiş hakimiyyətin korrupsiyalaşmış oliqarxlarının müqaviməti var. Amma Paşinyan buna baxmayaraq, həmin oliqarxiyaya sisteminə və ya korrupsiyalaşmış klana qarşı mübarizənin davam edəcəyini də dedi. Bu o mesaj idi ki, bütün təzyiqlərə baxmayaraq, nəzərdə tutulan addımlar atılacaq. Bu həm də Rusiyaya qarşı dirənişin təzahürüdür. Çünki keçmiş siyasi sistemin arxasında duran ən böyük güc mərkəzi Rusiyadır.

Bu gün Rusiyanın Ermənistandakı siyasi, hərbi və hüquqi gücü getdikcə zəifləyir. Buna görə Rusiya Ermənistan rəhbərliyinə təzyiqləri gücləndirir. Düşünürəm ki, Köçəryan da bu təzyiq sisteminin elementlərindən biridir. Sarukyan da Köçəryandan fərqli bir şəxs deyil. Sarukyan Rusiyadan sifariş alaraq, Köçəryanın Ermənistanda edə bilmədiklərini həyata keçirməyə çalışır. Buna görə də Köçəryanın sərbəst buraxılmasının Moskva səfəri ilə əlaqəli olduğunu düşünmürəm. Paşinyan onu da bilməmiş deyil ki, Köçəryanın azadlığa buraxılması, Rusiyanın ona qarşı münasibətini dəyişməyəcək. Rusiya inqilabçı Paşinyan hökumətindən revanş götürmək üçün verdiyi siyasi qərarın arxasındadır. Düşünürəm ki, bu proses inkişaf edən xətt üzrə gedəcək.

- Ermənistandakı nüfuz dairəsini saxlamaq istəyən Moskva İrəvana qarşı hansı təzyiq vasitələrindən istifadə edə bilər?
- Hesab edirəm ki, bu gün Ermənistanda baş verənlər Rusiyanın Paşinyan hökumətinə təzyiqlərinin nəticəsidir. Son proseslər Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ ətrafındakı 7 rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması ilə bağlı verdiyi açıqlamadan sonra başladı. Bu, əslində Azərbaycanı sevdikləri üçün verilən açıqlama deyil, bu, erməni ictimaiyyətini Paşinyan hökumətinə qarşı qaldırmaq cəhdi idi. Dolayısı ilə bununla Ermənistanın ictimai rəyini test etmək istədilər. Bundan sonra vaxtilə iqtidarda olmuş “Qarabağ klanı”nın nümayəndələri mediada Paşinyanın əleyhinə kəskin ittihamlar səsləndirməyə başladılar. Bu iddialar və ittihamlar erməni xalqını Paşinyan hökumətinə qarşı qaldırmaq cəhdləri ilə əlaqəli idi. Rusiya buna çalışır.

Bu gün Ermənistan mediasının böyük bir hissəsi Paşinyan əleyhinə materiallar dərc edir. Bu, Rusiyanın Paşinyan hökumətinə qarşı apardığı mübarizənin nəticəsidir. Hesab edirəm ki, Rusiya bu prosesi hərbi çevrilişə qədər apara bilər. Paşinyan hökumətinin belə bir əndişəsi var. Buna görə də müdafiə naziri David Tonoyanın yaxın vaxtlarda vəzifədən azad ediləcəyi ilə bağlı informasiyalar dövriyyəyə buraxılıb. Bu baxımdan, baş qərargah rəisi, Ermənistan polisinin rəhbəri və Milli Təhlükəsizlik Xidmətinin başçısının postlarından kənarlaşdırılması sıradan bir hadisə deyil. Görünür ki, Paşinyan hökumətinin kəşfiyyat məlumatları var idi ki, bu şəxslər Rusiyanın xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib və hökumətin əleyhinə istifadə olunur. Bunlar sübut edir ki, Rusiya Ermənistanda aktiv şəkildə Paşinyana qarşı fəaliyyət göstərir. Rusiya bu prosesi istədiyi nəticəni əldə edənə qədər davam etdirə bilər.

Amma Paşinyan da Rusiyanın bu cəhdləri qarşısında sakit dayanmayıb. Paşinyan hökuməti Ermənistan ictimaiyyətində anti-Rusiya ovqatını körükləyir. Paşinyan öz siyasətini də bu ovqat üzərində qurur. Buna görə də düşünürəm ki, Rusiya getdikcə Ermənistandakı təsir dairəsini itirir. Paşinyan hökumətinin istəyi də bu dairəni tədricən azaltmaqdır.



Ana səhifəyə qayıt        Baxış: 2 902          Tarix: 19-06-2020, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma