Xəbər lenti

 

Ermənistan üzərindən Rusiya və ABŞ arasında geosiyasi qarşıdurma dərinləşir.

Yaxın aylarda maraqlar toqquşmasının daha gərgin mərhələyə daxil olacağı proqnozlaşdırılır. Bu proses ABŞ başda olmaqla Qərbin dəstəklədiyi Paşinyan hökumətinə Rusiyanın təzyiqlərinin artması şəklində özünü büruzə verəcək. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 4-də verdiyi açıqlamada Kremlin Ermənistanın eks-prezidenti Robert Koçaryana qarşı 2008-ci il 1 mart hadisələrinə görə cinayət işinin açılmasından narahat olduğunu bildirib. Eyni zamanda,

Ermənistanın sabiq müdafiə naziri, barəsində həbs-qətimkan qərarı çıxarılaraq axtarışa verilmiş Mikael Arutunyan Rusiya ərazisində gizlənir. 
Rəsmi Moskva isə M.Arutunyanın Rusiya vətəndaşı olduğunu iddia edərək onu təhvil verməkdən imtina edir. Rusiyadan fərqli olaraq, ABŞ bu məsələdə baş nazir Nikol Paşinyana açıq dəstək verir. ABŞ-ın İrəvandakı səfiri Riçard Milz Ermənistan hökumətini Rusiya rəsmilərinin bəyanatlarına açıq reaksiya verməyə çağırıb: “Mənim gördüyüm bu qiymətləndirmələrə və bəyanatlara Ermənistan hakimiyyəti cavab verməlidir”. “Siz belə bəyanatları Ermənistana təzyiq göstərmək cəhdi kimi qiymətləndirirsinizmi” sualına diplomat belə cavab verib: “ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır. 1 mart hadisələri dəqiq və obyektiv araşdırılmalıdır. Həmçinin bu araşdırma qanunun aliliyi və zəruri prosedurlar çərçivəsində aparılmalıdır”. Xatırladaq ki, Sergey Lavrov Rusiyanın Ermənistandakı vəziyyətə nəzarəti davam etdirdiyini söyləyib. Onun sözlərinə görə, Rusiya Ermənistandakı vəziyyətin qaynar halda olmasından narahatlıq keçirir. Bu bəyanata münasibət bildirən baş nazir Paşinyan “Bəli, bu gün həqiqətən çox istidir”-cavabını verməklə kifayətlənib. 

Ekspertlər Ermənistanda artmaqda olan geosiyasi qarşıdurmanın növbədənkənar parlament seçkiləri ərəfəsində açıq toqquşma müstəvisinə keçəcəyini istisna etmir. Bu da böyük güclərin məngənəsində sıxılan Ermənistanı siyasi fəlakətə sürükləyə bilər.

Siyasi şərhçi Sülhəddin Əkbər hesab edir ki, Ermənistandakı inqilabi dəyişikliyə hazırlıqsız olan Rusiya indi itirdiyi mövqeləri geri qaytarmağa çalışır: “Sentyabrın 8-də prezident Vladimir Putinlə baş nazir Paşinyanın görüşü gözlənilir. Bunun çətin bir görüş olacağını Ermənistan mətbuatı da yazır. Çünki Nikol Paşinyana ciddi təzyiqlər olacaq. Moskvada düşünürlər ki, Ermənistanın daxili siyasətində baş verən dəyişiklik çox keçmədən xarici siyasət kursuna da təsir göstərəcək. Ona görə də proseslər dərinləşməmiş Rusiya həmin prosesin qarşısını almağa çalışır. Xaçaturovun, Koçaryanın həbsdən azad edilməsi Moskvanın öz narahatlığını aradan qaldırmaq üçün atdığı addımları göstərir. 2019-cu ilin yazında Ermənistanda parlament seçkiləri gözlənilir. Həm Ermənistan daxilindəki hakimiyyət və onun müxalifəti, həm də Rusiya və ABŞ-ın timsalında xarici qüvvələr bu seçkilərə hazırlaşır.

Seçkilərdə Robert Koçaryan Paşinyana qarşı müxalifətdə olan qüvvələri toparlayacaq lider kimi iştirak etmək istəyir. Ona görə də bu məsələdə hər iki tərəfin ciddi müqavimət göstərəcəyini gösləyirəm. Hansı tərəfin qalib gəlməsi hadisələrin inkişafından asılıdır. İstənilən halda Ermənistanda hökumətlə müxalifət, həm də Ermənistan üzərindən Rusiya və Qərb arasında münasibətlər gərginləşəcək. Xüsusilə də Yaxın-Orta Şərqdə, eləcə də ABŞ-Rusiya münasibətlərində gedən prosesləri nəzərə alsaq, bu durumun getdikcə ağırlaşacağını söyləyə bilərik”. 

Sülhəddin Əkbər onu da bildirdi ki, Qərb Ermənistanda operativ-taktiki üstünlük qazansa da strateji nəzarət Rusiyanın əlindədir. Əvvəllər hakimiyyətdə, indi isə müxalifətdə olan qüvvələr geniş resurslara malikdir. Bu baxımdan, Rusiyanın asanlıqla təslim olacağı real görünmür: “Rusiya Ermənistandakı “5-ci kolon”unu yenidən təşkilatlandırıb çox ciddi şəkildə müqavimət göstərəcəyini və əks-hücuma keçəcəyini düşünürəm. Bu səbəbdən, yaxın perspektivdə, xüsusilə də yaza doğru Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşəcək”. Politoloq onu da qeyd etdi ki, Ermənistanda “məxməri inqilab” nəticəsində Qərbyönlü qüvvələr hakimiyyətə gəlsə də Cənubi Qafqazda geosiyasi balans dəyişməz olaraq qalır. Hələlik strateji qüvvələr nisbətində Rusiya açıq üstünlüyə malikdir. \\Cebhe.info




Ana səhifəyə qayıt        Baxış: 544          Tarix: 6-09-2018, 21:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma