Xəbər lenti

Kapitulyasiyaya imza atan ölkə qurtuluşa aparan böyük sülhü yaxına buraxmaq istəmir; əhalisi ac-yalavac, ərzaq bahalaşmaqda, dram dramatik durumda; rusiyalı politoloq: “Ermənistan dövlət olaraq, sadəcə, yox olacaq, əgər...”

İki gün sonra işğalçı erməni ordusunun qalıqları sonuncu rayonumuzdan – Laçından rədd olub gedəcək. Bununla da 10 noyabr üçtərəfli anlaşmanın daha bir mühüm bəndi reallaşmış olacaq. Ölkəmizin ərazi bütövlüyü faktiki, təmin olacaq. Bəs bundan sonra? Ermənistan, onun rəhbərliyi və xalqı proseslərin məntiqi davamı kimi yeni situasiya ilə barışıb, nəhayət, Azərbaycanla dinc-yanaşı yaşamanın, dialoqun zəruriliyini və qaçılmazlığını anlayacaqmı?

Əfsus ki, gələn xəbərlər nikbinliyə əsas yaratmır. Ən əvvəl elə Ermənistanın öz maraqları baxımından. Ona görə ki, ölkəmiz ötən 30 ildə müstəqil şəkildə inkişaf edib güclənə, qüdrətlənə və regionun lider dövlətinə çevrilə bilmə qabiliyyətini nümayiş etdirdisə, Ermənistan tam əksinə, bölgənin “izqoy” (“tullanti”) ölkəsi kimi inkişafdan qaldı, Azərbaycan və Türkiyəsiz tərəqqiyə çata bilməyəcəyinə əminlik hasil etdi.

O da bəlli oldu ki, xaricdən heç kim, hətta imkanlı erməni lobbisi də blokadada olan Ermənistanın əhalisinin yerinə onun problemlərini həll eləmək, Ermənistana böyük sərmayələr yatırmaq niyyətində deyil. İki il yarımlıq “demokratik” Paşinyan rejimi də vəziyyəti müsbətə doğru dəyişə bilmədi. Demək, qalır “daşı ətəkdən töküb”, əsas qonşularla – Bakı və Ankara ilə dil tapmaq.
44 günlük müharibənin gətirdiyi nəhəng maddi ziyanlar fonunda, iqtisadiyyat labüd olaraq quyunun dibinə yuvarlanmaqda ikən bu, indi heç vaxt olmadığı qədər Ermənistan adlı psevdo-dövlət üçün imperativə, daha dəqiqi, “olum-qalım” dilemmasına çevrilib. Başqa sözlə, İrəvan nicatı uzaq Fransada, Avropada, Amerikada axtarmaqdan vaz keçməlidir. Özü də tez. Nədən ki, zaman Ermənistana işləmir. Xüsusən də 10 noyabrdan sonra...   
*****

“İrəvanın ayrı yolu qalmayıb. Başqa qərarlar və revanş cəhdi tam utopiyadır”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusdilli Vestiı.az saytına açıqlamasında politoloq Yevgeni Mixaylov deyib.
“Azərbaycan işğal olunmuş əraziləri praktik olaraq geri qaytardı və Moskva və Ankara ilə birgə Bakı İrəvanı rahatsız duruma saldı. İstənilən halda, indilikdə hansısa üçüncü qüvvənin nizamlanmaya cəlb olunmasından danışmaq tam yersizdir. O ki ola ərazisinin əksəriyyəti Bakının nəzarətinə keçmiş Dağlıq Qarabağın (keçmiş DQMV – red.) hansısa statusundan danışmaq. İrəvan nəzarətində olan ərazilərini itirdi, hardansa hərbi yardım gözləməyin yeri yoxdur, ola bilsin yalnız əhaliyə humanitar yardım olaraq hardansa yalnız ərzaq göndərilsin”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, artıq bütün dünya Ermənistanı yekunda öz layiqli cəzasını alan işğalçı ölkə kimi qəbul edir. O, hesab edir ki, düşdükləri vəziyyətin səbəbləri qismində ermənilər ən əvvəl öz şovinistliklərini və millətçiliklərini görməlidirlər: “Erməni siyasətçilərdən birinin dediyi kimi, “Başqa ölkələrdəki ermənilər öz siyasətçilərinin səbəb olduğu acı məğlubiyyətə görə küçədə görünməyə utanırlar”. Əgər Ermənistan heç olmasa, indi sülh və qarşılıqlı inkişaf üçün qonşularla münasibətləri yenidən qurmağın vacibliyini dərk etməsə, mənim fikrimcə, tezliklə belə bir dövlət xəritədən, sadəcə, yox olacaq, çünki daxili ziddiyyətlər üzündən parçalanacaq, əgər əlbəttə, kimsə xaricdən müdaxilə etməsə”.

Aleksandr Perenciyev
Öz növbəsində digər rusiyalı tanınmış analitik Aleksandr Perenciyev 44 günlük müharibənin erməni dövlətçiliyinə sağalmaz yara vurduğuna əmindir: “Sülh yolu ilə getmək, danışıqlar çərçivəsində hər şeyi sakitcə həll etmək, yeddi rayonu geri qaytarmaq və Dağlıq Qarabağ üçün status qazanmaq əvəzinə, Ermənistan öncədən nəticəsi bəlli müharibəyə girişdi. Mən tez-tez deyirdim ki, İrəvanın “bir addım da geri olmaz” mövqeyi və işğal altındakı bütün əraziləri hərbi yolla saxlamaq cəhdi bu ölkəni çöküşə gətirəcək. Azərbaycan dörd rayonu və Dağlıq Qarabağın mühüm hissəsini hərbi yolla, daha üç bölgəni isə sülh yolu ilə geri qaytardı. Üstəlik, Azərbaycan, belə demək mümkünsə, təzminat olaraq Naxçıvana dəhliz aldı. Yəni İrəvanın imtina elədiyi “Madrid prinsipləri”ndə nəzərdə tutulandan daha çoxuna nail oldu”.
*****
Bu arada müharibədən ağır məğlubiyyətlə çıxan və əhalisi ac-yalavac olan Ermənistanda inflyasiya özünü getdikcə daha qabarıq şəkildə göstərməyə başlayıb. Eyni zamanda, milli pul vahidi dram günü-gündən dəyərsizləşməkdədir. Erməni əhali panika içində əlindəki olan-qalan pulu da xarici valyutaya dəyişir.
Ölkənin sabiq maliyyə naziri Vardan Aramyan bu prosesi ölkədəki mövcud iqtisadi durum fonunda qanunauyğun sayır. “Valyuta məzənnəsindəki dəyişiklik iki növ amildən asılıdır: struktur və situativ amildən, yəni günün əhval-ruhiyyəsindən. Bu gün cəmiyyətdə “sürü davranışı”na çevrilə biləcək narahat gözləntilər var. İndiki reallıqda ikinci amil daha təhlükəlidir”.
Onun sözlərinə görə, cəmiyyətin hərəkətləri hazırda pul vəsaitlərini xarici valyutaya köçürməyə başlayan iqtisadi subyektlərin hərəkətlərinin eynidir. “Ayrı sözlə, adamlar iqtisadiyyatda gedən prosesləri dərk etmədən ya əmanətlərini banklardan geri çəkir, ya da əmanətlərini xarici valyutaya çevirirlər”, - deyə o qeyd edib.
Sabiq nazir hesab edir ki, bu fenomenin nəticələri Ermənistan iqtisadiyyatı üçün fəlakətli ola bilər: “Adi vətəndaş dramın ucuzlaşdığını görəndə, qohumlarından və qonşularından hamının dollar aldığını öyrənəndə, təbii ki, o da eyni şeyi edir”.
Aramyan müharibədən sonra iqtisadiyyatda qeyri-müəyyənliyin özünü daha qabarıq göstərdiyinə əmindir. “Amma bu günədək heç bir hökumət üzvü bu suala cavab verməyib: inflyasiya riskinin üzərinə valyutanın dəyərdən düşməsi riskinin əlavə olunduğu vaxtda nə etməli? Çünki Ermənistanda malların əksəriyyəti ya idxal olunur, ya da qismən istehsal olunur və ya idxal olunan xammaldan və ya idxal olunan avadanlıqda hazırlanır. Bunun hamısı valyutaya alınır və nə qədər bahalıdırsa, mallar da bir o qədər baha olacaq” – sonda o xəbərdarlıq edib.
“Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır”.

Armen Sərkisyan
Bunu isə ölkənin prezidenti Armen Sərkisyan deyib. O bildirib ki, Ermənistan ictimai rəy uğrunda mübarizəni uduzub: “Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır. Beynəlxalq münasibətlərdə də böhran var, çünki ölkəmizin və xalqımızın obrazı mənfidir. Erməni xalqı Qarabağ münaqişəsinin nəticələri ilə əlaqədar mənəvi-psixoloji zərbə alıb”.
*****
Göründüyü kimi, savaş sonrası Ermənistanın əhalisini xüsusən də soyuq qışın qapını kəsdirdiyi zamanda daha ağır iqtisadi durum gözləyir. Ölkə rəhbərliyi isə hələ də çıxış yolunu haradasa uzaqlarda axtarır. Bununla da böhrandan çıxmağa ayrılan qiymətli vaxtı itirir.
Ermənistan müharibədə aldığı sarsıdıcı zərbə azmış kimi, üstəlik, özünü belə demək mümkünsə, “sancmaqla” məşğuldur. Demək, labirintdən çıxmaq asan olmayacaq...

Siyasət şöbəsi,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 664          Tarix: 28-11-2020, 09:39      


Paylaş: