Xəbər lenti


Bultannews.com, İran
11.12.2020


Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyilə əldə olunmuş 10 noyabr razılaşmasında Azərbaycanın əsas hissəsilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat marşrutlarının açılmasını da nəzərdə tutur.
“Bultannews”un məlumatına görə, “Al-Monitor” nəşri bu haqda yazıb. Yazıda bildirilir ki, “Türkiyə Dağlıq Qarabağda əldə olunmuş atəşkəsə nəzarət etmək üçün Rusiya ilə birgə hərbi mərkəz yaradır”.

İndi Ankara müttəfiqi Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmadan irəli gələn növbəti addımın atılmasını səbirsizliklə gözləyir. Bu mərhələ Ankara üçün strateji dəhlizin açılmasını təmin edəcək. Bu isə Türkiyənin siyasi və iqtisadi maraqlarına tam uyğundur.
Müəllif yazır: “Rusiyanın təşkilatçılığı ilə əldə edilmiş 10 noyabr anlaşması Azərbaycanın əsas hissəsilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat marşrutlarının açılmasını da nəzərdə tutur. Məsələ ondadır ki, Azərbaycanın bir parçası olan NMR onun əsas hissəsindən Ermənistan vasitəsilə ayrı düşüb. Muxtar Respublikanın Türkiyə ilə kiçik bir sərhədi var. Ankara isə öz növbəsində, Çinədək uzanacaq yola çıxış əldə etməkdə olduqca maraqlıdır”.

Azərbaycan Prezidenti İlham Əliyev də yeni sazişin sərfəli nəqliyyat dəhlizinin yaradılmasını da nəzərdə tutduğunu bildirib. O, bu dəhlizin Azərbaycanla Türkiyəni birləşdirəcəyini söyləyib. Əliyev deyib ki, bu kommunikasiya xəttinə Rusiya, Azərbaycan, Türkiyə, İran və hətta Ermənistan belə, qoşula bilər. Üstəlik, Azərbaycan prezidenti bu ideyanın Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin tərəfindən də dəstəkləndiyini bildirib.

Ancaq bu günədək Moskvanın bu təşəbbüsə xüsusi maraq göstərdiyi müşahidə olunmur. Məsələn, Kremlin sözçüsü Dmitri Peskov Əliyevin sözlərini şərh etməkdən çəkinib. O, yalnız onu deyib ki, Putin ilə Əliyev bölgənin blokadasına son qoyulması məsələsini müzakirə ediblər.
Türkiyədə isə əksinə, hesab edirlər ki, Xəzər hövzəsi, Orta Asiyadakı türk respublikaları və nəhayət, Çinə yeni boru kəmərləri, avtomobil və dəmir yolunun çəkilməsi Ankara üçün strateji qapı, strateji çıxış olacaq. Bəziləri hesab edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden administrasiyasının Rusiyaya qarşı yürüdəcəyi barışmaz siyasət Türkiyənin bu planlarının gerçəkləşməsinə əlavə imkanlar açacaq.
Ankaranın bu dəhlizə marağını bir neçə məqamla izah etmək olar.

1) Bu dəhlizlə çəliləcək qaz kəməri Türkiyənin enerji xərclərini azalda bilər. Bu gün Türkiyə İran qazının hər min kubmetri üçün 490 dollar ödəyirsə, Naxçıvan ərazisindən keçəcək boru kəməri bunu 335 dollaradək azalda bilər.
2) Bu marşrut Türkmənistan qazının Türkiyəyə nəqlinə çərait yaradacaq.

3) Türkiyə 2026-cı ildə İranla qaz müqaviləsinin uzadılmasına dair danışıqlar aparmalıdır. Naxçıvan dəhlizi bu danışıqlarda Ankaranın mövqeyini gücləndirə bilər.
4) ABŞ-ın da dəstəklədiyi Transxəzər qaz kəməri layihəsi yenidən aktuallıq qazana bilər.
5) Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqli üçün nəzərdə tutulmuş Transanadolu təbii qaz kəmərinin illik nəql gücü 32 milyard kubmetrədək artırıla bilər.
6) Türkiyədən Naxçıvana uzanan 230 kilometrlik (143 mil) dəmir yolu Bakı-Tbilisi-Qars layihəsinə qoşulmaqla, Türkiyəni tranzit mərkəzinə çevirə bilər.
Türkiyənin hökumətyönümlü “Sabah” qəzeti daha iddialıdır: “Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yaradılacaq dəhliz, Türkiyəni Sakit okean sahillərilə birləşdirəcək, strateji ticarət və enerji yolu açacaq. Bu halda enerji və ticarət sahəsində vəziyyət kökündən dəyişəcək, Türkiyənin üzünə 3 milyard əhalini özündə birləşdirən nəhəng bazar açılacaq.

Ancaq Türkiyənin bu planları İranı narahat edir. Məlum olduğu kimi, İran uzun illərdir Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında alternativ quru yoludur və bundan yaxşı qazanc götürür. Bu imkanın itirilməsi əlbəttə ki, İranın ziyanına ola bilər.
Bundan başqa, İran KİV-nin məlumatına görə, Tehran Bakıdan Naxçıvana qaz ötürülməsinə görə 15% komissiya da tutur. Amma İran həm də Türkiyənin Orta Asiyaya ixrac yolu sayılır. Hər ay Türkiyədən təxminən 12 min yük maşını bu marşrutdan istifadə edir. Nəticədə İranın Türkmənistan sərhədinədək olan 1800 kilometrlik yola görə, təxminən 800 dollar tranzit haqqı alır. İndi bu gəlir də azala bilər.
Bir sözlə, Türkiyə Vaşinqtonun da strategiyasına uyğun olaraq, İran və Rusiyanın geosiyasi maraqlarına təhdid yaradır. Odur ki, Tehran sözgüdən dəhlizin açılması perspektivini o qədər də həvəslə qarşılamayıb.

Ankaranın hesablamaları ilə yanaşı, daha bir vacib məqam var: Moskva ilə Yerevan bu dəhliz haqda nə düşünür? Yerevan hələ ki, bununla bağlı konkret mövqe bilmirməyib. Çünki o, hələ ki, Qarabağda Türkiyənin dəstəklədiyi Azərbaycana məğlub olmanın acısını yaşayır.
Erməni əsilli amerikalı analitik Riçard Giraqosyan hesab edir ki, Ermənistan ərazisindən keçəcək bu yolun mahiyyəti anlaşılmaz və qeyri-müəyyəndir. Onun fikrincə, bu məsələ Yerevanın suverenliyini də sual altına qoyur. Giraqosyan bildirir ki, bu cür anlaşılmazlıqlar konkret bu məsələ ilə bağlı birbaşa danışıqlara və əlavə razılaşmalara ehtiyacın olduğunu göstərir.

Türkiyənin dəhliz iddiaları həm də Dağlıq Qarabağdakı real vəziyyətə bağlıdır. Tərəflər hələ ki, bölgədə yekun sülh sazişi imzalamayıb. Odur ki, Ermənistanın belə razılaşma olmadan öz ərazisindən sərbəst istifadəyə razılıq verəcəyi real görünmür.
İkincisi, Yerevanla münasibətlərin normallaşması Ankaranın öz məqsədlərini realaşdırması üçün ilkin şərt ola bilər. Dağlıq Qarabağda erməni işğalına son qoyulması Ərdoğanın hələ 2009-cu ildə Ankara-Yerevan barışıq protokolunda irəli sürdüyü ilkin şərtlərdən biri idi. O zaman protokol hər iki ölkə tərəfindən imzalansa da, masa üzərində qalmışdı.

Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bölgədə vəziyyəti əsaslı şəkildə dəyişə, Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstan üçün qarşılıqlı faydalı əməkdaşlıq perspektivi aça bilər. Amma Ankaranın strateji iddiaları ilə bölgənin reallıqları arasındakı böyük boşluğu bu belə, aradan qaldıra bilməyəcək.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Bultannews.com


Ana səhifəyə qayıt        Baxış: 2 805          Tarix: 11-12-2020, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma