Xəbər lenti


Qarabağ müharibəsindən sonra Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü bizim maraqlarımız baxımdan kafi qiymətləndirilməlidir. Çünki əleyhimizə hər hansı qərar olmadı. Görüş daha çox iqtisadi-ticari baxımdan əhəmiyyət kəsb edirdi və razılaşmanın mahiyyəti də məhz kommunikasiyaların açılmasıdır.

Moskva görüşündə Qarabağın statusu məsələsinin də növbəti dəfə gorbagor olduğunu söyləmək olar. Bundan əvvəl Putin keçirdiyi mətbuat konfransında Qarabağın statusuna gələcəkdə baxıla biləcəyini açıqlamışdı. Amma o gələcək qeyri-müəyyən idi və hansı gələcəkdən söhbət getdiyi deyilmirdi. Üçtərəfi görüşdə isə Paşinyan status məsələsinin həll olunmadığını qeyd etsə də, buna nə Putin, nə Əliyev reaksiya verdi. Odur ki, Qarabağda qalan ermənilərə hər hansı status veriləcəyi müzakirə mövzusu belə olmadı.

Prezident İlham Əliyev də əvvəlki çıxışlarında bəyan edib ki, heç bir statusdan söhbət gedə bilməz. Bu mövzuda bəzi azərbaycanlı təhlilçilər və Prezidentin siyasi opponentləri narahatlıq ifadə edirlər. Onlara görə status məsələsi yenidən danışıqlara qayıda bilər. Lakin bəlli olduğu üzrə Moskva görüşündə bu məsələlər müzakirə edilməyib və Paşinyan da açıq şəkildə bəyan etdi. Ümumiyyətlə, erməni müxalifəti və ictimaiyyəti Moskva görüşünü tənqid edir və onun nəticələrini Azərbaycanın xeyrinə elan edirlər. Lakin deyəsən, bizdən bəziləri tərsinə şərh etməkdədir. Sadəcə, 10 noyabrda olduğu kimi, yanvarın 11-də də imzalanan bəyanat idi. Əslində böyük sülh müqaviləsinə zərurət var və tərəflərin görüşdən razı ayrılmasından hiss olunur ki, növbəti dəfə yenə görüşəcəklər, digər detalları müzakirə edəcəklər, sülh müqaviləsi üzərində işlənəcək. Çünki bu, bir günün işi deyil.
Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Paşinyan cidd-cəhdlə Moskva görüşündən maksimum nəticə əldə etməyə çalışırdı: “Bu, alınmayanda danışıqları pozmaq niyyəti güdürdü. Elə mətbuat konfransında da nəticədən narazı qaldığını gizlədə bilmədi. Xüsusən əsir erməni diversant-terrorçu qrupların azad edilməsini prioritet kimi qabartmaq istəyirdi. Amma cənab İlham Əliyev qeyd etdi ki, münaqişə keçmişdə qaldı, gələcəyə baxılmalıdır. Paşinyan isə qeyri-konstruktiv mövqedən çıxış edərək qeyd etdi ki, Qarabağ məsələsi bitməyib. Eyni zamanda status məsələsini qabartmaqla Ermənistanda daxili auditoriyaya öz fikirlərini çatdırmaq istəyirdi. Paşinyan bununla iflasa uğramış siyasətinə müsbət rəng qatmaq istədi. Amma Moskvadakı bu cəhdləri nəticə vermədi. Dağlıq Qarabağın statusundan söhbət getmir, belə məsələ yoxdur”.

Elman Nəsirov: “Ermənistanın baş naziri iflasa uğramış siyasətinə müsbət rəng qatmaq istədi, amma nəticə vermədi”
E.Nəsirov hesab edir ki, Paşinyanın maksimalist mövqedən cəhdi baş tutmadı: “Əslində Ermənistan rəhbərliyi dərk etməlidir ki, Azərbaycan Prezidentinin təşəbbüsləri təkcə ölkəmizin deyil, regionun inkişafı, Ermənistanın düşdüyü ağır fəlakətli vəziyyətdən çıxması, qarşılıqlı əməkdaşlıq, altılı platformadan yeni münasibətlər qurulması, nəqliyyatın bərpası ilə Ermənistanın iqtisadi blokadadan çıxması deməkdir. Yəni bu kommunikasiyaların bəhrəsini həm də Ermənisan görəcək. Amma Ermənistan rəhbərliyi öz hakimiyyətini qoruyub saxlamaq üçün populist mövqedən çıxış etməkdədir. Biz isə hərb meydanında qələbəmizi diplomatik masada davam etdiririk”.

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “TV Musavat”ın canlı yayımında bildirib ki, Böyük Britaniya, İsrail, Türkiyənin gündəliyində status məsələsi yoxdur: “Amma status məsələsi gündəlikdən çıxmayıb. Çünki Minsk Qrupu fəaliyyətini davam etdirir və həmsədr ölkələrdən Fransa bu məsələdə daha kəskin mövqe tutur, Rusiya tərəfi də statusa baxıla bilər söyləmişdi. Yəni gündəlikdə saxlanır. Böyük oyunçuların mövqelərinə baxanda status gündəlikdən çıxmayıb, özümüzü aldatmayaq. Sadəcə, o məsələ gündəmə gələndə güclü, diktə edən tərəf olmalıyıq”.
S.Əkbərin sözlərinə görə, rəsmi Bakı üçün status aktual olmaya bilər: “Amma Azərbaycan tərəfi də bilir ki, gələcəkdə gündəmə gələ bilər. Sadəcə, çəkinmək lazım deyil, milli konsensus olmalıdır, müzakirə getməlidir, bu, bir nəfərin işi deyil. Əvvəllər ermənilərə referendum keçirilməklə müstəqillik verilməsi söhbət gedirdi, təbii ki, bu səviyyədə indi status ola bilməz. Amma üç həmsədrin mövqeyi üst-üstə düşür, ikinci erməni dövlət xülyasından vaz keçəcəklər, amma çalışacaqlar ki, müəyyən ərazi muxtariyyəti olsun. Lakin biz nəyə görə digər etnik azlıqlardan daha artıq hüquqları ermənilərə verməliyik? Torpağımızı dağıtdığına, işğala məruz qoyduqlarına görə?”

Elxan Şahinoğlu: “Paşinyan status və əsirlərlə bağlı iradını səsləndirdi ki, geri qayıdanda onu daş-qalaq etməsinlər”
Politoloq Elxan Şahinoğlunun fikrincə, birincisi, bizim üçün status məsələsi bitib, bu, müzakirə predmeti deyil: “İkincisi, Azərbaycan Prezidenti bir neçə dəfə vurğulayıb ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək, onlar terrorçudurlar və törətdikləri əməllərə görə cavab verəcəklər. Paşinyan status və əsirlərlə bağlı iradını ortaq mətbuat konfransında həm də ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər. O, Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlər məsələsində irəliləyiş əldə etdi”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”





Ana səhifəyə qayıt        Baxış: 3 185          Tarix: 13-01-2021, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma